Sozar Subari: Azərbaycanın iştirakı ilə yeni nəqli...
23:36 23.01.2026
0
0
0
NAXÇIVAN :
24 Yanvar 2026, Şənbə
Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Xalq artisti Mənsum İbrahimovun yubileyinə həsr olunmuş konsert proqramı Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında baş tutub. Tədbirdə Azərbaycan muğam sənətinin tanınmış nümayəndələri, sənət adamları və musiqisevərlər iştirak ediblər. Konsert zamanı milli musiqi nümunələri səsləndirilib, muğam sənətinin incəlikləri ilə dolu yaddaqalan bir axşam yaşanıb.
Yubiley gecəsində çıxış edən Xalq artisti Mənsum İbrahimov Naxçıvan tamaşaçılarına dərin minnətdarlığını bildirib: “Həqiqətən, mən hər dəfə Naxçıvana gələndə yaxşı mənada təəccüblənirəm, ona görə ki, bu sevgini, alqışı görəndə Naxçıvan tamaşaçılarının sənətimizə nə qədər dəyər verdiyini anlayıram. Doğrudan da, milli musiqiyə burada çox dərin məhəbbət var və bu məni çox xoşbəxt edir. Mən sevinirəm ki, bu gün mənim yubileyim Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə bu cür yüksək səviyyədə həyata keçirildi. Bütün ifaçılarımız möhtəşəm qarşılandı, maraqlı bir axşam yaşadıq. Əminəm ki, bu gecə həm bizim, həm də tamaşaçıların yaddaşında qalacaq”.
Sənətkar qeyd edib ki, artıq Naxçıvan Dövlət Universitetinin fəxri professoru kimi bu ailənin bir üzvüdür və bundan sonra da universitetlə birgə yaradıcı fəaliyyətini davam etdirəcək: “İnşallah, yenidən görüşəcəyik. Artıq mən NDU-nun fəxri professoruyam, burada ustad dərsləri keçirəcəyik, ustadlarımızla bura gələcəyik. Bizi tez-tez burada görəcəksiniz”.
Konsertdə çıxış edən Xalq artisti Elçin Həşimov isə tədbiri yüksək qiymətləndirib: “Bu gün Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında möhtəşəm, yaddaqalan yubiley konserti keçirdik. Möhtəşəm muğam nümunələri ilə tamaşaçılara unudulmaz anlar yaşatdıq. NDU-nun Konservatoriya fakültəsindəki xanəndəlik sinfinin tələbələrinin gələcəkdə ölkəmizin qabaqcıl sənət adamlarına çevriləcəyinə inanırıq. Əminəm ki, Mənsum müəllim fəxri professor kimi universitetə daha tez-tez gələcək və bu cür konsertlərin sayı çoxalacaq”.
Əməkdar artist Nuriyyə Hüseynova da tədbirin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib: “Bu gün mənim üçün çox xoş oldu. Doğulub boya-başa çatdığım Naxçıvandayam. Mənsum müəllimə təşəkkür edirəm, gəlməyim üçün israr etdi. Elbrus müəllimə də təşəkkür edirəm, çox gözəl proqramla tədbir təşkil etdi. Bu yubiley təkcə bir sənətkarın bayramı deyildi, həm də Azərbaycan milli musiqisinin gənc nəslə çatdırılması baxımından mühüm bir mesaj idi. Elbrus müəllimin dəstəyi ilə Naxçıvanda xanəndəlik məktəbinin yaranması üçün çalışacağıq. Vətənə xidmət milli-mənəvi dəyərlərdən başlayır. Mənsum müəllim Naxçıvanı doğulduğu Ağdam qədər sevir və bu gün Naxçıvan etimadı yüksək səviyyədə doğrultdu”.
Əməkdar artist Elnur Əhmədov da öz çıxışında Naxçıvanda gördüyü diqqət və sevgidən məmnunluğunu ifadə edib:
“Doğma, tarixi Naxçıvan torpağında olmaqdan şadam. Xalq artistimizin yubileyi mötəbər şəkildə keçirildi. Rektor Elbrus müəllimə və bütün təşkilat heyətinə dərin təşəkkürümü bildirirəm. Mənsum müəllimlə yanaşı, bu tədbir muğam sənətinə olan diqqətin göstəricisidir. Naxçıvanda hər dəfə tamaşaçıların milli musiqimizə göstərdiyi sevgini görürük”.
Konsertin iştirakçılarından biri Əməkdar artist Təyyar Bayramov isə tamaşaçıların isti münasibətindən məmnun qaldığını deyib:
“Açığı, bu cür qarşılanmanı gözləyirdim. Tamaşaçıların alqışı və səmimi münasibəti göstərdi ki, muğam sənəti burada çox sevilir. Səhnədə özümü çox rahat hiss etdim. Çox gözəl bir gecə yaşadıq. Mənsum müəllimə uzun ömür arzulayıram ki, yazsın, oxusun, gənc nəsil də ondan bəhrələnsin”.
Konsert proqramı böyük maraqla qarşılanıb, tamaşaçılar ifaçılara dəfələrlə alqışlarla təşəkkürlərini bildiriblər. Gecə boyunca səslənən muğamlar, xalq mahnıları və milli musiqi nümunələri Naxçıvanın zəngin mədəni mühitinin bir daha bariz nümunəsinə çevrilib.
Digər xəbərlər