NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

Naxçıvanda Vergi ödəyicilərinə xidmət mərkəzlərində 33 mindən artıq şəxs qəbul edilib

...

Cari il yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 33 min 110 şəxs qəbul edilib.

Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 44 min 450 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,99 faiz çoxdur.

Ümumi xidmətlərin 85 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
"Asan imza" sertifikatının verilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
Vergiödəyicisinə arayışların verilməsi;
Vergiödəyicisinin fəaliyyətinin bərpası;
Fiziki şəxsin uçotdan çıxarılması;
Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

Bu ilin yanvar-sentyabr aylarında vergi ödəyicilərinə 664 min 698 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 88 görüş keçirilib, 365 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 2569 müraciət üzrə 4568 "Asan imza" sertifikatı verilib.

Nəşr edilib : 13.10.2025 12:19