NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Naxçıvanda təhsil müəssisələrində vakant olan olan psixoloq, kitabxana müdiri və kitabxanaçı vəzifələri üçün müsabiqə keçirilib

...

Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki  ümumi təhsil müəssisələrində vakant olan  psixoloq, kitabxana müdiri və  kitabxanaçı vəzifələrinə işə qəbulu müsabiqəsi üçün  test imtahanı keçirilib. 

 Test imtahanında 3-20 dekabr 2024-cü il  tarixləri arasında elan olunan sənəd qəbulunda iştirak edən 89 namizəddən 77-si iştirak edib.  
Müsabiqədə hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə, 40 test tapşırığı təqdim olunub,   sualların cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb. 
Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.
Test imtahanında hər bir düzgün cavab bir balla qiymətləndirilib, hər səhv cavaba görə 0,25 bal çıxılıb. 
Qeyd edək ki, kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə test suallarının 40 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsabiqənin test mərhələsində keçid balını toplamış sayılırlar. Minimum keçid balı gözlənilməklə test mərhələsində ən yüksək nəticəni göstərmiş namizəd müvafiq vəzifəyə təyin olunacaq.   
Psixoloq vəzifəsi üzrə isə  test suallarının 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər keçid balını toplamış sayılır və müsahibə mərhələsində iştirak hüququ qazanırlar.
Qeyd edək ki, psixoloq vəzifəsi üzrə müsahibədə namizədlərin vəzifə bilikləri, peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq meyarlar əsasında 5 ballıq şkala ilə müvafiq komisiya  tərəfindən yoxlanılacaq. Namizədlər meyarlar üzrə ortalama 2,5 bal topladıqda bu mərhələ uğurla keçmiş sayılacaqlar.
Məlumat üçün bildirik ki, müsabiqəyə muxtar respublikanın  ümumi təhsil müəssisələrindən psixoloq vəzifəsi üzrə 50, kitabxana müdiri və  kitabxanaçı vəzifəsi üzrə isə 25 vakant vəzifə çıxarılıb.
Müsabiqənin nəticələri ilə bağlı məlumat yaxın saatlarda nazirliyin sosial şəbəkə hesablarında elan olunacaq.

Nəşr edilib : 31.01.2025 13:36