NAXÇIVAN :

06 Iyun 2025, Cümə

Naxçıvanda Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramlarını qeyd ediblər

...

Naxçıvanda 5 iyun – Su təsərrüfatı və meliorasiya işçiləri günü  münasibətilə tədbir keçirilib. 

"Şərq qapısı" xəbər verir ki,  ADSEA-nın tabeliyində “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Regional Bölməsi, ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Naxçıvan Şəhər Sukanal İdarəsinin rəhbər heyəti və kollektivi Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsini, Şəhidlər xiyabanını və 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər.  

Sonra “Heydər Əliyev Azərbaycanda su təsərrüfatı və meliorasiya kompleksinin inkişaf konsepsiyasının müəllifi və təşkilatçısıdır” mövzusunda tədbir keçirilib, çıxışlar dinlənilib. 

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev kollektivi peşə bayramı münasibətilə təbrik edib, onlara əmək fəaliyyətlərində uğurlar arzulayıb. 

İdarə rəisi bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, meliorasiya və irriqasiya sahəsində də genişmiqyaslı işlər görülməyə başlanılıb. Müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafı Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu illər ərzində Ulu Öndərin şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılıb.

Tədbirdə digər çıxış və təbriklər dinlənilib.

Nəşr edilib : 05.06.2025 16:31