NAXÇIVAN :

18 Mart 2025, Çərşənbə axşamı

Naxçıvanda şəhid övladları üçün bayram tədbiri keçirilib

...

Martın 17-də Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid övladları üçün Novruz bayramına həsr olunmuş “Yurdumuza bahar gəlir!” adlı tədbir keçirilib. 
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailələrini Novruz bayramı münasibətilə təbrik edib, Novruzun xalqımızın milli dəyərlərini və ənənələrini yaşadan, yeni başlanğıc, birlik və dirçəliş rəmzi olan mühüm bayramlardan biri olduğunu qeyd edib.
Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə hər zaman göstərdiyi yüksək diqqət və qayğıdan danışıb, dövlətimiz tərəfindən Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın ailələrinə sahib çıxıldığını, onların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa edib. Bu gün biz Novruzu qalib xalq kimi qeyd edirik. Qüdrətli Ordumuzun qazandığı şanlı Zəfər sayəsində artıq Qarabağda da bahar çiçəklənir, doğma yurdlarımıza həyat qayıdır,” – deyə Fuad Nəcəfli vurğulayıb.
Bugünkü tədbiri də Vətən uğrunda canını qurban verən igidlərimizin əmanətlərinə olan diqqət və qayğı kimi dəyərləndirən “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid baş leytenant Amin Gülməmmədovun atası Mayis Gülməmmədov tədbir iştirakçılarını, xüsusilə də şəhid övladlarını Novruz bayramı münasibətilə təbrik edib, onlara sağlam, uğurlu və xoşbəxt gələcək arzulayıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının, APF şirkətlər qrupunun və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid övladlarına hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib. Bayram şənliyində Naxçıvan Dövlət Uşaq Teatrının aktyorları tərəfindən şəhid övladları üçün əyləncəli oyunlar və səhnəciklər nümayiş olunub. 

Nəşr edilib : 17.03.2025 19:00