Bütün Azərbaycanın qəhrəmanına çevrilən övlad...
20:45 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Şəhər "Gənclik" Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə tanınmış isveçli fotoqraf və rejissor Mikael Silkeberqin “Nuhun izi ilə” adlı sənədli filminin nümayişi keçirilib.
“Nuhun izi ilə” filmi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının layihəsi çərçivəsində Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin təşəbbüsü və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Naxçıvanda lentə alınıb.
Sənədli film əfsanəyə görə, gəmisi Gəmiqaya dağına gəlmiş Nuh Peyğəmbərə gedib çıxan Naxçıvanın qədim tarixindən bəhs edir. Filmdə, həmçinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim memarlıq abidələri və rəqslərdən, Naxçıvanın musiqi alətlərindən və görkəmli şəxsiyyətlərindən söz açılır.
Tədbiri giriş sözü ilə açan mədəniyyət nazirinin müavini, nazir vəzifələrinin icraçısı Həsən Seyidov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi yüksək səviyyədə qeyd olunur, bu çərçivədə bir sıra mühüm tədbirlər, layihələr və təşəbbüslər həyata keçirilib ki, bu da Azərbaycanın öz mədəni irsinin qorunması və təbliğinə daimi diqqətinin sübutudur.
Vurğulanıb ki, belə layihələrdən biri də bu gün təqdimat mərasiminə toplaşdığımız Azərbaycan mədəniyyətinin pərəstişkarı olan Mikael Silkeberq tərəfindən çəkilişləri aparılan, Naxçıvanın zəngin mədəniyyətini və tarixini özündə əks etdirən “Nuhun izi ilə” sənədli filmidir. Məhz belə bir diyar haqqında film çəkilməsi qürurverici bir haldır.
Tədbirdə çıxış edən filmin prodüseri, rejissoru Mikael Silkeberq və filmin rejissoru Rahim Sadıqbəyli Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə, eləcə də filmin çəkilişlərində iştirak edən Naxçıvan Dövlət Dram Teatrının kollektivinə minnətdarlıqlarını bildiriblər.
Sonra “Nuhun izi ilə” sənədli filminin nümayişi keçirilib.
Digər xəbərlər