NAXÇIVAN :

23 Sentyabr 2026, Çərşənbə

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

...

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) onlayn dələduzluq və rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq əməkdaşlıq platforması “Global Anti-Scam Alliance”a (GASA) üzv olub.

Nazirlikdən bildirilib ki, MKA-nın GASA-ya üzvlüyü onlayn dələduzluqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi, eləcə də Azərbaycanın bu sahədə təcrübəsinin beynəlxalq müstəvidə təqdim edilməsi üçün yeni imkanlar yaradır.

Üzvlük çərçivəsində MKA onlayn dələduzluq üzrə qlobal trendlər, yeni hücum metodları, süni intellekt əsaslı dələduzluq sxemləri, sosial mühəndislik taktikaları və maliyyə dələduzluğu mexanizmləri ilə bağlı araşdırma və analitik materiallara çıxış əldə edəcək.

Bununla yanaşı, MKA GASA-nın işçi qruplarında iştirak edərək onlayn dələduzluğun qarşısının alınması, məlumat mübadiləsi, araşdırma və maliyyə dələduzluqları ilə mübarizə istiqamətlərində beynəlxalq təcrübənin öyrənilməsinə və birgə təşəbbüslərə töhfə vermək imkanına malik olacaq.

Üzvlük MKA-ya müxtəlif ölkələrin dövlət qurumları ilə yanaşı, bank sektoru, telekommunikasiya operatorları, texnologiya platformaları və kibertəhlükəsizlik şirkətləri ilə əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar verir.

Eyni zamanda, MKA tərəfindən həyata keçirilən maarifləndirmə kampaniyaları, milli xəbərdarlıq mexanizmləri və onlayn dələduzluqla mübarizə sahəsində formalaşmış təcrübənin GASA şəbəkəsi vasitəsilə beynəlxalq auditoriyaya təqdim edilməsi də mümkün olacaq. Bu, Azərbaycanın müvafiq sahədəki təcrübəsinin müxtəlif ölkə və sektorların nümayəndələri ilə paylaşılmasına şərait yaradacaq.

GASA haqqında:

“Global Anti-Scam Alliance” (GASA) onlayn dələduzluq və rəqəmsal mühitdə istifadəçilərə qarşı törədilən maliyyə və psixoloji zərərin azaldılması məqsədilə fəaliyyət göstərən beynəlxalq təşkilat və əməkdaşlıq platformasıdır.

Təşkilat dövlət və özəl sektor qurumları, hüquq-mühafizə orqanları, maliyyə institutları, texnologiya şirkətləri, telekommunikasiya operatorları və kibertəhlükəsizlik şirkətlərini bir araya gətirir.

GASA-nın rəsmi məlumatına əsasən, qlobal şəbəkəsinə 120-dən artıq təşkilat daxildir və 6 regionda, 90-dan çox ölkədə fəaliyyət göstərir. Təşkilatın üzvləri sırasında texnologiya, maliyyə və kibertəhlükəsizlik sektorlarının aparıcı şirkətləri, eləcə də dövlət qurumları, o cümlədən “Amazon”, “Google”, “Meta”, “Microsoft”, “Mastercard”, “Visa”, “OpenAI”, “TikTok”, “Trend Micro”, “Bitdefender”, “McAfee”, “ScamAdviser”, GSMA, “JPMorgan Chase” və “Lloyds Banking Group” kimi şirkət və qurumlar yer alır.

GASA qlobal və regional dələduzluq trendlərinin öyrənilməsi, maarifləndirmə və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, məlumat mübadiləsi, praktiki yanaşmaların formalaşdırılması, eləcə də beynəlxalq tədbir və təlimlərin təşkili istiqamətlərində fəaliyyət göstərir.

Nəşr edilib : 23.09.2026 17:33