Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında...
17:38 23.09.2026
0
0
0
NAXÇIVAN :
23 Sentyabr 2026, Çərşənbə
Yeni Dövlət Proqramı geoloji kəşfiyyat və yataqların istismara cəlb olunması üçün imkanları genişləndirəcək
“Dağ-mədən və metallurgiya sahəsinin inkişafına yönəlmiş 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı qısa müddət ərzində qarşıya qoyulan mühüm məqsədlərə nail olmağı hədəfləyir. Bu proqram Naxçıvanın mineral-xammal potensialının öyrənilməsi və mövcud yataqların istismara cəlb olunması imkanlarını da genişləndirəcək”.
Bu fikirləri “Şərq qapısı”na açıqlamasında Naxçıvan Dövlət Universitetinin dosenti, kafedra müdiri Elnarə Seyidova deyib. O bildirib ki, muxtar respublikada filiz yataqları ilə yanaşı, tikinti və sənaye üçün mühüm əhəmiyyət daşıyan zəngin mineral-xammal ehtiyatları mövcuddur. “Bu sərvətlərin iqtisadi dəyərinin müəyyənləşdirilməsi üçün bir sıra yataqlarda geoloji-kəşfiyyat məlumatlarının yenilənməsinə ehtiyac var. Naxçıvan Muxtar Respublikası filiz və qeyri-filiz faydalı qazıntı ehtiyatlarının müxtəlifliyi ilə seçilən bölgələrdəndir”.
E.Seyidovanın sözlərinə görə, yeni Dövlət Proqramı Naxçıvanın sosial-iqtisadi inkişafı üzrə müəyyənləşdirilən prioritetlərlə də uzlaşır. “Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi, Naxçıvanda geoloji kəşfiyyat işlərinə 2027-ci ildən başlanılması nəzərdə tutulur. Bu istiqamətdə işlərin həm dövlət xətti ilə – “AzerGold” vasitəsilə, həm də özəl sektorun iştirakı ilə həyata keçirilməsi gözlənilir”.
Ekspert hesab edir ki, ilkin mərhələdə geoloji məlumatları daha dolğun, infrastruktura yaxın və emal imkanları nisbətən aydın olan sahələrə üstünlük verilə bilər. Əvvəllər istismar edilmiş Gümüşlü, Parağaçay, Ağdərə, Duzdağ və Darıdağ kimi sahələrdə mövcud məlumatların, o cümlədən qalıq ehtiyatların yenidən qiymətləndirilməsi perspektivli istiqamətlərdən biri ola bilər.
Qeyri-filiz faydalı qazıntıları üzrə isə travertin, mərmər, əhəngdaşı, tikinti və üzlük daşları, inşaat gili, gəc və duz kimi xammal növlərinin mərhələli şəkildə istehsala cəlb edilməsi imkanları mövcuddur. Bu resurslar tikinti materialları sənayesinin, daş emalı müəssisələrinin və yerli istehsal zəncirinin inkişafına töhfə verə bilər.
Filiz yataqları baxımından Ordubad filiz rayonunda yerləşən Ağyurd, Piyazbaşı, Şəkərdərə və Kələki kimi sahələr qızıl, gümüş, mis və molibden baxımından perspektivli hesab olunur. Şahbuz və Culfa ərazilərində də müxtəlif filizləşmə sahələrinin mövcudluğu qeyd edilir. Bununla yanaşı, muxtar respublikanın ayrı-ayrı rayonlarında tikinti və üzlük daşları, travertin, mərmər, əhəngdaşı, gəc, duz və digər qeyri-filiz xammal ehtiyatlarının geniş yayılması istehsal imkanlarını artırır.
Elnarə Seyidova hesab edir ki, bu prosesdə xarici və yerli investisiyaların cəlb olunması da mühüm istiqamətlərdən biridir. Naxçıvanın geoloji quruluşunun müxtəlif faydalı qazıntıların formalaşması üçün əlverişli olması investisiya baxımından əlavə imkanlar yaradır. “Yeni yataqların istismara verilməsi və sənaye infrastrukturunun inkişafı həm yerli, həm də beynəlxalq investorlar üçün yeni imkanlar aça bilər. Dövlət Proqramının Naxçıvanı da əhatə etməsi regionda iqtisadi fəallığın artırılması, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun genişləndirilməsi baxımından əhəmiyyətlidir”, – deyə dosent qeyd edib.
Elnarə Seyidova əlavə edib ki, uzunmüddətli xammalın çıxarılması Naxçıvanda emal, xidmət, logistika və ixtisaslı məşğulluğu birləşdirən dayanıqlı dağ-mədən sənayesi zəncirini formalaşdıracaq. Eyni zamanda, gözləntilər real ehtiyat göstəricilərinə, bazar şəraitinə və ekoloji tələblərə əsaslanacaq: “Nəticə etibarilə, "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”ı Naxçıvanın mineral-xammal bazasında əhəmiyyətli inkişaf imkanları yaradır. Bu potensialın iqtisadi dəyərə çevrilməsini isə müasir geoloji məlumat, mərhələli investisiya, yerli emal nəzarətinin təmini təşkil edəcək”.
Digər xəbərlər