NAXÇIVAN :

29 Noyabr 2024, Cümə

Naxçıvanda “İqlim dəyişikliyinin kənd təsərrüfatının inkişafına təsiri” mövzusunda konfrans keçirilib

...

Noyabrın 29-da Naxçıvanda “İqlim dəyişikliyinin kənd təsərrüfatının inkişafına təsiri” mövzusunda konfrans keçirilib.

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə güllər düzüblər.

“Naxçıvan Palas”da öz işinə başlayan konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli aktual mövzuya həsr olunmuş konfransın işinə uğurlar arzulayıb və konfransın iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Səlahiyyətli nümayəndənin müavini qeyd edib ki, dünyada baş verən qlobal istiləşmə, quraqlıqların artması aqrar sektora, nəticədə, ərzaq təhlükəsizliyi təminatına da mənfi təsir göstərir. Təbii ki, bu, Naxçıvan iqtisadiyyatına da təsirsiz ötüşmür. Çünki kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının əsasını təşkil edir. Bu səbəbdən də muxtar respublikada ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi prioritet məsələlər sırasındadır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” Naxçıvanda bu sahədə atılacaq addımların təməlini təşkil edir. Sözügedən proqramda regionda ekoloji tarazlığın və bioloji müxtəlifliyin qorunması, yaşıllıqların mühafizəsi və artırılması əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Bu da muxtar respublikada iqlim dəyişikliklərinin ətraf mühit komponentlərinə təsirlərinin minimuma endirilməsi işinə mühüm töhfə verəcək.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova bildirib ki, məqsəd COP29-dan sonra iqlim dəyişikliyi problemlərinə qarşı görüləcək tədbirlərin birgə müzakirəsini aparmaqdır. Nazir müavini qeyd edib ki, iqlim dəyişikliyi kənd təsərrüfatında da məhsuldarlığa ciddi təsir göstərir. Bu təsirləri azaltmaq üçün praktik addımlar atılması zəruri xarakter daşıyır.

Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov vurğulayıb ki, qlobal iqlim dəyişikliyi yağıntıların davamlı azalmasına və su qıtlığının artmasına səbəb olur. Bu da kənd təsərrüfatı sektoru üçün ciddi çətinliklər yaradır. Ölkəmizdə kənd təsərrüfatının inkişafı bir çox hallarda birbaşa su təchizatının yaxşılaşdırılmasından asılıdır. Bundan başqa, ölkə ərazisinin 15%-i quraqlıq, 6%-i isə səhralaşma təhlükəsi altındadır. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud su, torpaq və iqlim ehtiyatlarından daha səmərəli istifadə, kənd təsərrüfatı sahəsinin iqlim dəyişikliyinə uyğunlaşdırılması, su təchizatının yaxşılaşdırılması, müasir su təchizatı texnologiyalarının səmərəli tətbiqi mühüm rol oynayır.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29-a ev sahibliyi edən və bu mötəbər tədbiri uğurla başa vuran Azərbaycanın dünya ekosisteminin qorunması tədbirlərinə mühüm töhfələr verdiyini bildirib. Nazir müavini qeyd edib ki, bioloji müxtəliflik indiki və gələcək nəsillər üçün çox böyük dəyərə malik qlobal sərvətdir. Lakin növlər və ekosistemlər heç vaxt indiki qədər böyük təhlükə altında olmayıb. Ölkəmizdə son 30 ildə ortaillik havanın temperaturu əvvəlki dövrlə müqayisədə orta hesabla 0,9 dərəcə yüksəlib. Ərazinin əksər hissəsində yağıntının miqdarı orta hesabla 4% azalıb. İqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi bir-biri ilə bağlı proseslərdir və birlikdə həll edilməlidir. Buna görə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qlobal iqlim dəyişikliklərinə cavab verən yüksəkkeyfiyyətli təmiz ekoloji mühitin təmin olunması kimi mühüm vəzifə müəyyənləşdirilib. Ölkəmizdə ətraf mühitin mühafizəsini və təbii ehtiyatların səmərəli istifadəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin keyfiyyətcə yeni mərhələdə davam etdirilməsi prioritet istiqamətdir.

Konfransda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi rəhbərinin müavini Bariz Mehdiyev, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Bitkiçilik Departamentinin müdiri İhsan Emiralioğlu və Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərovanın çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP-29un bu il ölkəmizdə keçirilməsi təcrübə mübadiləsi aparmaqla gələcək təşəbbüslərə, dayanıqlı inkişaf sahəsində əməkdaşlıq səylərinin gücləndirilməsi və tərəfdaş münasibətlərin yaranmasına mühüm töhfə kimi dəyərləndirilib.

Konfransda COP29 və Naxçıvanda “yaşıl enerji” layihələrinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Konfrans “Dayanıqlı kənd təsərrüfatı, qida və su təminatında iqlimin rolu” və “Elmi yanaşmalar və kadr potensialının artırılması” mövzularında panel müzakirələrlə öz işini davam etdirib.

Nəşr edilib : 29.11.2024 17:25