NAXÇIVAN :

16 Iyul 2026, Cümə axşamı

Naxçıvanda ilk qadın kənd təsərrüfatı kooperativi yaradılıb

...

Naxçıvan Muxtar Respublikasında “Aqrosahibkar qadınlarla iş” layihəsi çərçivəsində yaradılan “Fermer” İstehsal-İstehlak Qadın Kooperativinin təqdimatı keçirilib.
Layihənin koordinatoru Gülbəniz Qənbərova bildirib ki, kooperativ kənd qadınlarının iqtisadi imkanlarının genişləndirilməsi, istehsal potensialının birləşdirilməsi və bazar əlaqələrinin gücləndirilməsi məqsədilə yaradılıb.
Hazırda kooperativ Sədərək, Culfa, Ordubad, Babək və Şərur rayonlarını təmsil edən 32 qadın aqrosahibkarı birləşdirir. Üzvlər heyvandarlıq, taxılçılıq, bağçılıq, meyvəqurutma, quşçuluq, çörək və şirniyyat istehsalı kimi sahələrdə fəaliyyət göstərirlər.
Hazırda kooperativ üzvlərinin istehsal etdiyi 100-dən artıq çeşiddə məhsul yerli bazarlarda, eləcə də Türkiyənin İğdır vilayətində satışa çıxarılır. Bununla belə, kooperativin hələlik vahid ticarət brendi olmadığından məhsullar istehlakçılara digər şirkətlərin markaları altında təqdim edilir. Kooperativin əsas hədəfləri vahid məhsul markasının formalaşdırılması, qablaşdırma və marketinqin təkmilləşdirilməsi, satış bazarlarının genişləndirilməsi, logistika və rəqəmsal satış imkanlarının inkişafı, eləcə də ixrac potensialının artırılmasıdır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin Kooperativlərin İnkişafı sektorunun müdiri İsrafil Həsənli kooperativin fəaliyyət istiqamətlərini yüksək qiymətləndirib. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda kooperativlərin inkişafı, kənd yerlərində sahibkarlığın təşviqi və aqrar sahədə dayanıqlı inkişaf üçün nəzərdə tutulan dəstək mexanizmləri barədə məlumat verib.
Təqdimat zamanı “Fermer” İstehsal-İstehlak Qadın Kooperativinin sədri vəzifəsinə Naxçıvan Muxtar Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi Mehparə Hüseynova seçilib.
Naxçıvanda ilk dəfə yaradılan qadın kənd təsərrüfatı kooperativinin kənd qadınlarının iqtisadi fəallığının artırılmasına, ailə təsərrüfatlarının gəlirlərinin yüksəldilməsinə və aqrar sahənin inkişafına töhfə verəcəyi qeyd olunub.

Nəşr edilib : 15.07.2026 19:32