“Naxçıvanpoçt” şəhid ailələrinə bayram sovqatları ...
19:39 13.03.2025
0
0
0
NAXÇIVAN :
13 Mart 2025, Cümə axşamı
Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısı mərkəzdən uzaq ərazilərdə yaşayan əhalinin rifah halının yaxşılaşdırılması və davamlı məskunlaşmanın stimullaşdırılması üçün mühüm tənzimləmə vasitəsi olub, müxtəlif sahələrdə aparılan islahatlar və yenilənmə tədbirləri ilə gündəmdəki yerini qoruyur. Azərbaycanın dayanıqlı inkişafa və yaşıl gələcəyə doğru qəbul etdiyi prioritetlərə uyğun olaraq qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi, xüsusilə regionlarda bu məqsədlərə çatmaq üçün həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Bu gün ölkəmizin regionlarında məskunlaşmış insanların həyat səviyyəsinin paytaxt və iri şəhərlərlə yaxınlaşması istiqamətində görülən işlərin nəticəsidir ki, bölgələrimiz sakinlərə daha yaşıl, daha yaşanıla bilən və daha rahat həyat vəd edir.
Bu mənada dövlət başçımız Prezident cənab İlham Əliyevin 4 mart 2025-ci il tarixli “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı müasir dövrün çağırışlarına uyğun olaraq iqlim dəyişikliyinə qarşı mübarizə və ekoloji dayanıqlılığın artırılması üçün ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və istifadəsinin genişləndirilməsi məqsədilə verilmiş mühüm qərar olub, təkcə Naxçıvan şəhər sakinlərinin deyil, eləcə də bütün ölkə əhalisinin böyük sevincinə səbəb olmuşdur. Bu sərəncamla Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımaları yalnız elektrik mühərrikli avtobuslarla təşkil olunacaq və bu məqsədlə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış vəsaitlə alınacaq 60 ədəd yeni elektrik mühərrikli avtobusla bundan sonra ölkəmizin paytaxtından sonra ilk dəfə olaraq regionda da insanlar bu müasir nəqliyyat növündən istifadə edəcəklər. Sərəncama uyğun olaraq Naxçıvan şəhərində və regionun müxtəlif yerlərində enerjidoldurma cihazlarının quraşdırılması, habelə həmin avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi üçün depo (qaraj) infrastrukturunun təkmilləşdirilməsi də nəzərədə tutulub ki, bu da qarşıya qoyulmuş bu mühüm vəzifənin dayanıqlı olaraq həyata keçirilməsinə zəruri təminat yaradacaq.
Dövlət başçımızın Naxçıvanda ictimai sərnişin nəqliyyatının təkmilləşdirilməsi ilə bağlı bu mühüm qərarı hər şeydən əvvəl region əhalisinin rifahını yüksəltməklə bərabər eyni zamanda həm bölgədə, həm də ölkəmizdə bu vacib sahədə mühüm yeniliklərin əsasını qoymuşdur. Naxçıvan şəhərində ictimai nəqliyyatın yalnız elektriklə işləyən avtobuslarla təşkili hərəkət zamanı sürət, komfort və ekoloji məsələlərin həlli ilə yanaşı sahənin idarəedilməsində də yeni ağıllı yanaşmaların tətbiqinə imkan yaradacaq. Bu baxımdan, artıq demək olar ki, 35 ilə yaxın bir müddətdə blokada vəziyyətində qalmış Naxçıvanda sərnişin nəqliyyatı sahəsində yığılıb qalmış bəzi problemlərin də kökündən həll olunması üçün bu mühüm dövlət qərarı bir vəsilə olacaq.
Belə ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bu mövzuda aldığımız arayışda hazırda Naxçıvan şəhərində əhaliyə ictimai sərnişin nəqliyyatı xidməti göstərən 120 avtobusun əksəriyyətinin artıq 20 ilə yaxın bir müddətdə istismar olunması səbəbindən onların sərnişindaşıma üçün yararlı olmadığı bildirilir. Gündəlik olaraq bu avtobuslardan isiftadə edən sərnişinlər də təsdiq edə bilər ki, 15-20 il əvvəl heç bir marketinq təhlili aparılmadan və mütəxəssis rəyi soruşulmadan kifayət qədər bahalı qiymətə alınmış bu ucuzvarı Çin istehsalı olan qara tüstülü ağır dizellər açılan pəncərələri olmaması səbəbindən Naxçıvanın qızmar yayında insanların nəfəs ala bilməməsinə, isitmə sisteminin yarıtmaz olmasına görə isə qışda da adamların əl-ayağının tutacaqlara yapışmasına səbəb olurdu. Bu azmış kimi, gurultusu, səs-küyü, çevik olmayan manevrləri ilə təkcə sərnişinləri deyil, bütün sakinləri də narahat edən bu avtobuslar ehtiyat hissələrinin tapılmaması ilə sürücüləri də artıq yormuşdu.
Nəticədə nazirliyin də arayışında göstərildiyi kimi şəhərdəki 9 marşrut üzrə gündəlik 13 min nəfərin istifadə etdiyi bu avtobuslar bəzən hətta motoru da alışıb yanaraq harda gəldi qırılıb qalmaqla, bəzən yarım saatla dayanacaqlarda gözləyən adamları yarı yolda qoyurdular. Nəticədə isə sərnişinlər bahalı taksi xidmətindən istfadə etmək məcburiyyətində qalırdılar. Təkcə sərinişinlər deyil, bu avtobuslardan artıq bezmiş olan sürücülərin də bəziləri bundan bəhanə kimi istfadə edib çox vaxt axşam düşmədən hərəkət qrafikini pozaraq xətdən erkən çıxıb qaraja qaçırdılar. Nəticədə 100 mindən çox əhalisi, minlərlə tələbənin təhsil aldığı 2 ali məktəbi, on minlərlə şagirdin oxuduğu 22 orta təhsil müəssisəsinə və çox sayda digər təhsil, mədəniyyət və səhiyyə müəssisəsinə malik olan Naxçıvanda gün ərzində cəmi 13 min nəfərə ictimai sərnişin nəqliyyatı xidməti göstərilməsi faktı statistik rəqəmləri konkret saylarla deyil, faizlə göstərməyə alışmış nəqliyyat rəsmilərini də ciddi düşündürməlidir.
Çünki, adamların ictimai nəqliyyatdan daha çox istifadəsi yol tıxaclarının və qəzaların sayının da azalması deməkdir ki, bu da hər kəsi narahat edən ciddi problemlərdəndir. Ona görə də dövlət başçımızın təkcə Naxçıvan şəhəri üçün deyil, eləcə də hər gün şəhərə gəlib qayıdan minlərlə ətraf rayon və kəndərin sakinlərinin və həm də muxtar respublikamıza ölkəmizin paytaxtından və digər yerlərindən səfərə gələn turistlər və qonaqların rahatlığı üçün imzaladığı bu sərəncamı doğurdan da yeni bir dövrün başlanğıcı kimi qiymətləndirmək mümkündür. Bir naxçıvanlı kimi inanırıq ki, şəhərdaxıili sərnişin nəqliyyatı sahəsində aparılan bu mühüm islahat Naxçıvan şəhərindən başlayaraq Şərur, Kəngərli, Sədərək istiqamətində demək olar ki, sıfır səviyyəsində olan ictimai sərnişin nəqliyyatı xidməti sahəsində də vəziyyəti müsbətə doğru dəyişəcək. Çünki, ictimai sərnişin nəqliyyatı demək olar ki, hər kəsin, hər təbəqədən olan sakinin tələbatını ödəyən mühüm əhəmiyyətli sahə olub, kommersiya marağından daha çox sosial məqsədlərə xidmət etməlidir.
Muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri mühüm elm, təhsil və mədəniyyət mərkəzi, həmçinin sənaye və nəqliyyat qovşağı olmaqla əhalisinin yüksək mobilliyi və yüksək səviyyəli sosial-mədəni tələbatları ilə seçilir. Mühüm tranzit qovşaqda yerləşən Naxçıvanda digər sahələr kimi ictimai sərnişin nəqliyyatının da yenilənməsi gələcəkdə Zəngəzur dəhlizi üzərində bu bölgənin əhəmiyyətini daha da artıracaq. Dünya təcrübəsinə, Azərbaycanın beynəlxalq miqyasda iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində götürdüyü öhdəliklərə, eləcə də ölkəmizdə yaşıl iqtisadiyyata keçidlə əlaqədar qarşıya qoyulmuş vəzifələrin icrasına əsaslanaraq Naxçıvanda elektrikli avtomobillərə, xüsusən də elektrikli avtobuslara keçidi bu mənada regionumuzun və bütövlükdə ölkəmizin müsbət imicini daha da möhkəmləndirəcəyini deyə bilərik. Bundan sonra şəhərimzdəki sakinlər nağdsız ödənişlərlə qışda isti, yayda sərin, səs-küydən uzaq, tamamilə tullantısız, onlayn rejimdə hərəkət qafiki izlənə bilən yüksək texnologiya məhsulu avtobus nəqiyyatından isitfadə edə biləcəklər.
Yolunuz açıq olsun!
Əli CABBAROV
Digər xəbərlər