Onlar Naxçıvan üzrə ən yüksək nəticəni göstəriblər...
18:39 17.04.2025
0
0
1
NAXÇIVAN :
17 Aprel 2025, Cümə axşamı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Texniki Kollecində görüş keçirib.
Əmək bazarının inkişafı məsələlərinə həsr olunmuş görüşdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə, təhsil naziri Elxan Nəcəfov və təhsil işçiləri iştirak edib.
Fərid Bağırzadə əmək bazarının mövcud vəziyyəti və bu sahədəki tendensiyaların təkmilləşdirilməsi istiqamətində Milli Observatoriya ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb.
Qeyd olunub ki, Observatoriya təhsil müəssisələrinin məzunlarının əmək bazarındakı mövqeyini mütəmadi olaraq təhlil edir və bu sahədə inkişafı dəstəkləyən təkliflər təqdim edir.
Ötən il peşə təhsili müəssisələrində dövlət sifarişi üzrə qəbul planının hazırlanması məqsədilə Təhsil Nazirliyinin müraciəti əsasında Observatoriya tərəfindən statistik analizlər və proqnozlar aparılaraq, nəticələr təqdim olunub.
Elxan Nəcəfov isə Observatoriyanın həyata keçirdiyi təhlilləri yüksək qiymətləndirərək, əmək bazarının dinamik inkişafı, texnoloji yeniliklər və qlobal çağırışlar fonunda kadr hazırlığında bu məlumatların mühüm rolunu vurğulayıb.
Elnur Səfərli əmək bazarının cari tələbləri barədə danışıb. O qeyd edib ki, düzgün peşə seçimi fərdlərin təhsildən əmək bazarına uğurlu keçidində mühüm rol oynayır. Təhsil işçilərinin şagirdləri peşə yönümlü istiqamətləndirməsi gələcəkdə əmək bazarının kadr ehtiyacını qarşılamaqda mühüm rol oynayır və bu prosesə verilən dəstək əhəmiyyətlidir.
Sonda təhsil işçilərinin iştirakı ilə ictimai dinləmə keçirilib. Tədbir iştirakçılarına Milli Observatoriya tərəfindən aparılan təhlil nəticələri təqdim edilib. Onları maraqlandıran suallar cavablandırılıb.
Digər xəbərlər