NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Naxçıvanda doğum günü avqust ayında olan şəhidlərin xatirəsi anılıb

...

Avqustun 29-da “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə avqust ayında doğum günü olan şəhidlərin anım tədbiri keçirilib.
Dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Naxçıvan Televiziyasının doğum günü avqust ayında olan şəhidlərlə bağlı hazırladığı videoçarx nümayiş etdirilib, tələbələr videoçarxda adları çəkilən 39 şəhidin portretləri ilə səhnəyə çıxıblar.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə bildirib ki, ölkəmizin hər yerində olduğu kimi muxtar respublikada da şəhid ailələrinə böyük hörmət və ehtiram göstərilir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə bu ilin yanvar ayından etibarən hər ayın sonunda doğum günü həmin aya düşən şəhidlərin xatirəsinə həsr olunan anım tədbiri keçirilir. Bu, artıq 8-ci anım tədbiridir.
Qeyd olunub ki, şəhidlərimiz üçün ən böyük abidə onların xatirəsinin əbədiləşdirilməsi, bizə miras qalan ailələrinə diqqət və qayğının göstərilməsidir. Xalqımız və dövlətimiz onların qəhrəmanlıqlarına böyük dəyər verir, Vətən oğullarının bizə əmanət etdiyi işğaldan azad edilmiş torpaqlarımızda geniş quruculuq işləri reallaşdırır. 
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan bəhs edən Fərid Bağırzadə vurğulayıb ki, dövlət başçımızın Böyük Qayıdış planına uyğun olaraq 140 min soydaşımız 2026-cı ilədək doğma torpaqlarına qayıdacaq. Daxili və xarici siyasətdə böyük uğurlar qazanan Azərbaycan ötən dövrdə bir sıra mötəbər tədbirlərin iştirakçısına və təşkilatçısına çevrilib. Bu il isə COP29 kimi qlobal səviyyəli bir tədbir ölkəmizdə keçiriləcək. Bütün Türk dünyasını, Avropa və Asiyanı birləşdirəcək mühüm qovşaq olan Zəngəzur dəhlizinin reallaşdırılması da dövlət başçımızın müəyyənləşdirdiyi əsas strateji hədəflərdəndir. Bütün bunlar dövlət-xalq-ordu birliyinin təcəssümüdür.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov qeyd edib ki, 2020-ci ildə qəhrəman oğullar böyük tarix yazdı. Təqdirəlayiq haldır ki, həmin şanlı tarixdə Naxçıvanın ümumtəhsil məktəblərinin məzunlarının da imzası vardır. Bu gün təhsil ocaqlarımızda Vətənimizin bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsi daim əziz tutulur, dərslərdə onların keçdikləri döyüş yolu uşaq, yeniyetmə və gənclərə örnək, nümunə kimi aşılanır.
Bildirilib ki, bu gün ölkəmiz ən yüksən inkişaf dövrünü yaşayır. Qarabağda böyük quruculuq işləri gedir, yeni məktəb binaları da tikilib istifadəyə verilir. Təhsil quruculuğunun bəhrəsi olan Xankəndidə yaradılan Qarabağ Universiteti yeni tədris ilində ilk tələbələri ilə fəaliyyətə başlayacaq. Naxçıvanın ümumtəhsil məktəblərini bitirən onlarla şagird də həmin universitetin tələbəsi adını qazanıb. Bu, həm böyük təhsil uğuru, həm də şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti, qürurverici haldır. 
Tədbirdə şəhid Zülal Mədətlinin atası Rəhim Mədətov və şəhid Şükür Hacıyevin anası Fatma Şükürlü qəhrəman övladları ilə fəxr etdiklərini bildirib, onların bəxş etdiyi başucalığından danışıb, qəhrəman oğulların xatirəsinin əziz tutulmasına görə minnətdarlıq ediblər.
Sonra "Altay" teatrının aktyorları tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş şeir-kompozisiya təqdim olunub.
Tədbir Müzəffər Ali Baş Komandanın torpaqlarımızın işğaldan azad olunmasına dair nidalı çıxışının səsləndirilməsi ilə yekunlaşıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 29.08.2024 17:33