NAXÇIVAN :

13 Mart 2025, Cümə axşamı

Naxçıvanda Azad İqtisadi Zonanın yaradılması dünya iqtisadiyyatı sisteminə inteqrasiyanı sürətləndirəcək

...

Ölkə başçısının düşünülmüş siyasəti nəticəsində Azərbaycan iqtisadi inkişaf baxımından dünyanın öndə gedən ölkələrindən birinə çevrilib. Aparılan islahatlar iqtisadi sahədə dayanıqlı inkişafı təmin edib. Bu uğurlu inkişaf modelini regionların timsalında da aydın görmək mümkündür. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Xüsusilə dövlət başçısının təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” muxtar respublikanın qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar açır. Hazırda bu imkanlardan istifadə edərək Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlər yeni keyfiyyət mərhələsinə yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib: “Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, “yaşıl enerji” və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir”. Məhz adı çəkilən Dövlət Proqramında muxtar respublikanın iqtisadiyyatının inkişafı üçün Azad İqtisadi Zonanın yaradılması istiqamətində tədbirlər görülməsi, ticarət və logistika imkanlarının genişlənməsi nəzərdə tutulub.

Azad İqtisadi Zona investisiya və istehsalı təşviq etmək, birbaşa xarici sərmayələri və texnologiyaya girişi sürətləndirmək, beynəlxalq ticarəti inkişaf etdirmək üçün qurulmuş sənaye, kommersiya fəaliyyəti üçün geniş stimul və üstünlüklərin təklif olunduğu xüsusi iqtisadi zonadır. Məqsədindən asılı olaraq onlar xüsusi iqtisadi zonalar, azad ticarət zonaları, ixracyönümlü istehsal zonaları kimi müxtəlif adlar altında fəaliyyət göstərir. Dünya Bankının məlumatına görə, bu zonalar “ixrac üçün istehsal üzrə ixtisaslaşan sənaye zonası” kimi müəyyən edilib.
Ölkəmizdə qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək, innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq məqsədilə Ələt Azad İqtisadi Zonası yaradılıb.  Onun yaradılması barədə Qərar 2017-ci ildə, bununla bağlı müvafiq Qanun isə 2018-ci ildə qəbul edilib, 2021-ci il iyulun 1-də Prezident cənab İlham Əliyevin iştirakı təməli qoyulub və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimi keçirilib.
Azad İqtisadi Zonanın əsas üstünlükləri ondan ibarətdir ki, investorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar, zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur, yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır, əcnəbi hüquqi və fiziki şəxslərin mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur, xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi, valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında (geri dönüş) heç bir məhdudiyyət yoxdur.
Naxçıvanda Azad İqtisadi Zonanın yaradılması və Zəngəzur dəhlizinin açılması ilə bu regionda əlverişli biznes mühitinin formalaşdırılması, ticarət və logistika imkanlarının genişləndirilməsi investisiya cəlbediciliyinin artırılmasına və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək, milli iqtisadiyyatın dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcək, özəl sektor daha da inkişaf edəcək, muxtar respublikanın tranzit imkanları artacaq. Ölkə başçısının dediyi kimi “...Bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb”. 
Güntac ŞAHMƏMMƏDLİ
Nəşr edilib : 10.02.2025 12:45