NAXÇIVAN :

18 Yanvar 2026, Bazar

Naxçıvanda 9-cu sinif şagirdləri ilə görüş təşkil olunub

...

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov və təhsil naziri Elxan Nəcəfovun 9-cu sinif şagirdləri ilə görüşü təşkil olunub. Görüşün əsas məqsədi son illərdə şagirdlər arasında ixtisas seçimi zamanı həkimlik peşəsinə marağın azalması ilə bağlı vəziyyətin aradan qaldırılması, yeniyetmələrin bu müqəddəs peşəyə təşviq edilməsi olub.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İlk olaraq çıxış edən səhiyyə naziri Samiq Sadıxov şagirdlərə öz həkimlik yolunun formalaşması, seçdiyi peşənin müqəddəsliyi, məsuliyyəti və eyni zamanda çətinliyi barədə məlumat verib. Nazir qeyd edib ki, bu cür görüşlərin keçirilməsində əsas məqsəd gələcəkdə səhiyyə sistemində yarana biləcək kadr çatışmazlığının vaxtında aradan qaldırılması, gənclərin tibbi sahəyə marağının artırılmasıdır. O həmçinin son dövrlərdə muxtar respublikada səhiyyə sahəsində aparılan struktur islahatları, xəstəxanaların maddi-texniki bazasının yenilənməsi və tibb mütəxəssislərinin hazırlanması istiqamətində görülən işlər barədə məlumat verib.
Daha sonra çıxış edən təhsil naziri Elxan Nəcəfov görüşün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, gənclərin doğru ixtisas seçimi onların gələcək həyat yolunun əsasını təşkil edir. Nazir bildirib ki, həkimlik peşəsi ağır və məsuliyyətli bir yoldur, lakin nəticəsi insan həyatını xilas etməklə ölçülən ən müqəddəs missiyadır. O əlavə edib ki, məktəblərdə şagirdlərin bacarıq və maraqlarının düzgün yönləndirilməsi Təhsil Nazirliyinin prioritet istiqamətlərindəndir. Bu baxımdan səhiyyə və təhsil sahələrinin birgə əməkdaşlığı gənclərin gələcək peşə seçimində mühüm rol oynayacaqdır.
Çıxışlardan sonra zalda əyləşən və gələcəkdə həkimlik ixtisasını seçmək istəyən şagirdlərin fikirləri dinlənilmiş, onlarla interaktiv müzakirələr aparılmışdır.
Görüşün sonunda muxtar respublika üzrə fəaliyyət göstərən tibb müəssisələrini əks etdirən tanıtım videosu, eləcə də həkimlik sənətinin əhəmiyyətini önə çəkən videoçarx nümayiş olunub.

Nəşr edilib : 21.11.2025 22:09