Səlahiyyətli nümayəndə Şahbuz rayonunda vətəndaşla...
18:47 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
AMEA-nın Naxçıvan Bölməsində cari ildə muxtar respublikada fəaliyyət göstərən arxeoloji ekspedisiyaların yekunları ilə bağlı hesabatı iclası olub.
İclası açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 2024-cü ilin iyul-avqust ayları ərzində muxtar respublikada 6 arxeoloji ekspedisiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Akademik bildirib ki, həmin ekspedisiyalardan 2-si AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, 4-ü isə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən həyata keçirilib. Belə ki, arxeoloji ekspedisiyalar AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevin rəhbərliyi ilə Babək rayonu ərazisindəki Bülövqaya yaşayış yerində, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın rəhbərliyi ilə Şərur rayonu ərazisindəki I və II Xələc yaşayış yerində, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimlinin rəhbərliyi ilə Ordubad rayonu ərazisindəki Xaraba Gilan yaşayış yerində, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurlunun rəhbərliyi ilə I Maxta və II Kültəpə yaşayış yerində, tarix üzrə fəlsəfə doktoru Əkbər Bədəlovun rəhbərliyi ilə Babək rayonu ərazisindəki Meydantəpə yaşayış yerində, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin rəhbərliyi ilə Şahtaxtı qədim abidələr kompleksində fəaliyyət göstərib.
Arxeoloji ekspedisiyaların fəaliyyəti, aparılan mühüm tədqiqatlar barədə fikirlərini dilə gətirən bölmə sədri qeyd edib ki, aparılan qazıntılar qədim dövr tariximizin daha dərindən öyrənilməsinə, bölgənin mədəni, iqtisadi inkişafı, eləcə də bölgə sakinlərinin həyat tərzi, dünyagörüşü, düşüncə sistemi barədə müfəssəl məlumat almağa kömək edir. Ümumilikdə, arxeoloji tədqiqat mütəxəssisdən böyük diqqət, işləmək əzmi və maraq tələb edir.
Çıxışının sonunda İsmayıl Hacıyev yekun hesabatı təqdim edən ekspedisiyalara gələcək araşdırmalarında uğur arzu edib.
Daha sonra AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev Bülövqaya arxeoloji ekspedisiyasının cari ildə əldə etdiyi nəticələr barədə hesabatı təqdim edib.
Vəli Baxşəliyev bildirib ki, Bülövqaya yaşayış yerində aparılan araşdırmaların elmi ədəbiyyatlarda yer alan bir sıra məlumatların dəqiqləşməsində böyük rolu vardır. Ekspedisiyanın əvvəlində 3 sahədə qazıntı aparılmış, mədəni təbəqənin qalınlığı nəzərə alınmaqla qazıntılar ikinci və üçüncü sahələrdə genişləndirilmişdir. Qazıntılar nəticəsində birtəbəqəli yaşayış yerinin aşkar olunduğu söyləyən arxeoloq həmin abidənin strukturu, buradan tapılan ocaq yerləri, əmək alətləri – dən daşları, cilalayıcı alətlər, itiuclu baltalar və sair haqqında məlumat verib.
Ekspedisiya rəhbəri qeyd edib ki, son araşdırmaların nəticəsi Naxçıvanda köçmə maldarlığın Neolit dövründə yarandığını deməyə əsas verir. Yaşayış yerində aşkar olunan sadə, cilalı, boyalı keramika nümunələri, xüsusilə boyalı keramikanın çoxluğu abidənin əhəmiyyətini daha da artırır. E.ə. V minilliyin ortalarına aid yaşayış yerinin Übeyd mədəniyyəti ilə bağlılığı yerli əhalinin Mesopotamiyadakı Übeyd tayfaları ilə iqtisadi-mədəni əlaqələrinə işarə edir. Məhz bu səbəbdəndir ki, Zəngəzur obsidianı zamanla qədim Şərqə yayılmağa başlamışdır.
Xələc arxeoloji ekspedisiyasının fəaliyyəti və əldə olunan nəticələri ekspedisiyanın rəhbəri, dosent Zeynəb Quliyeva təqdim edib.
Alim bildirib ki, ekspedisiya I və II Xələc yaşayış yerlərində qazıntı aparmışdır. II Xələcdə 4 sahə üzrə aparılan qazıntılar nəticəsində tikili aşkar olunmuşdur. Abidəni səciyyələndirən əsas xüsusiyyəti kərpiclə tikilməsi və qırmızı rəngli suvaqla suvanmasıdır. Araşdırma zamanı aşkar olunan abidənin strukturu, keramika məmulatlarının xarakteristikası, daş qutu qəbirlər və insan skeletləri barədə məlumat verən Zeynəb Quliyeva bir hissəsi üzə çıxarılmış abidənin ərazicə böyük ictimai tikiliyə aidliyini istisna etmir.
Çıxışı zamanı tədqiqatçı tapılan keramika nümunələrinin ümumi xarakteri barədə təfsilatlı məlumat verib, nümunələri sadə, boyalı və boyalı naxışlı keramika adı ilə sistemləşdirib. Arxeoloji ekspedisiya nəticələrinin yaxın zamanda hesabat halında nəşr olunacağını diqqətə çatdırıb.
Daha sonra AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, dosent Bəhlul İbrahimli Xaraba Gilan arxeoloji ekspedisiyanın fəaliyyəti və cari ildə əldə olunan nəticələr barədə hesabatı təqdim edib.
Əvvəlcə arxeoloji abidələrin qorunması və əhali tərəfindən dağıdılması probleminə diqqətçəkən alim bildirib ki, ekspedisiyanın cari ildəki fəaliyyəti xilasetmə-tədqiqat işləri xarakteri daşıyıb. Belə ki, əvvəlki illərdə öyrənilmiş, qazıntı aparılmış sahələrin dağıntıya məruz qalması xilasetmə işlərini ön plana çəkmişdir.
Bəhlul İbrahimli Muncuqlutəpə və Mərdantəpə nekropollarında aparılan xilasetmə işləri barədə geniş məlumat verib, hər iki nekrolopun səciyyəvi cəhətləri, qəbir abidələrinin strukturu, yerli əhalinin sahib olduğu inanc sistemi ilə bağlı əldə olunan nəticələri diqqətə çatdırıb.
Vurğulanıb ki, ekspedisiyanın tədqiq etdiyi üçüncü abidə Xaraba Gilan şəhər yerinin qərb tərəfindəki dağın üzərində yerləşən II memorial kompleks olub. Memorial kompleksdə 8 türbənin olduğunu diqqətə çatdıran arxeoloq bildirib ki, qazıntı zamanı buradan müxtəlif formalı dekorativ kərpiclər, mavi rəngli kaşılar və ara bəzəkləri aşkar olunmuşdur. Əldə olunan inşaat keramikasına, memarlıq üslubuna əsasən türbənin XIII əsrin sonu-XIV əsrin əvvəllərinə aid olduğunu söyləmək olar.
Xaraba Gilan şəhər yeri və ətraf abidələri əhatə edən Arxeoparkın yaradılması fikrini irəli sürən alim bu layihənin 6 minillik tariximizin tədqiqinə və təbliğinə bəxş edə biləcəyi üstünlükləri nəzərə çatdırıb.
Sonda iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Digər xəbərlər