NAXÇIVAN :

25 Iyul 2026, Şənbə

Naxçıvana hər səfərim mənim üçün yeni bir kəşfdir

...

Siyasi analitik və beynəlxalq məsələlər üzrə ekspert

Piter M. Teys ilə müsahibə

IV Şuşa Qlobal Media Forumunda iştirak etmək üçün Azərbaycana gələn amerikalı siyasi analitik və beynəlxalq məsələlər üzrə ekspert Piter M. Teys forumdan sonra Naxçıvana da səfər edib. Artıq üçüncü dəfədir, muxtar respublikada olan qonaq “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvanda müşahidə etdiyi dəyişikliklərdən, Zəngəzur dəhlizinin perspektivlərindən və bölgənin turizm imkanlarından danışıb.
Azərbaycanın son illərdə müxtəlif sahələrdə qazandığı uğurlar və beynəlxalq nüfuzunun artması ölkəmizin dostları tərəfindən də maraq və rəğbətlə izlənilir. İyulun 13-də keçirilən IV Şuşa Qlobal Media Forumu da bu baxımdan mühüm platforma oldu. Dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsini və eksperti bir araya gətirən forum iştirakçılara Azərbaycanı daha yaxından tanımaq imkanı yaratdı.
Forumun fəal iştirakçılarından biri, artıq 20 ilə yaxındır ki, Azərbaycan həqiqətlərini beynəlxalq auditoriyaya çatdıran amerikalı siyasi analitik və beynəlxalq məsələlər üzrə ekspert Piter M. Teys forumdan sonra Naxçıvana gələrək buradakı dostları ilə görüşdü. Fürsətdən istifadə edib onunla “Şərq qapısı” qəzetinin redaksiyasında həmsöhbət olduq. 

– Cənab Teys, sizi yenidən Naxçıvanda görməyə şadıq. Budəfəki səfəriniz sizin üçün nə ilə yadda qaldı?
– Təşəkkür edirəm. Naxçıvanda özümü evimdəki kimi rahat hiss edirəm. Bura təmiz və sakit şəhərdir, insanları isə çox mehriban və qonaqpərvərdir. Ən əsası isə burada mənim dəyərli dostlarım var.
Bu, Naxçıvana üçüncü səfərimdir. İlk dəfə 2014-cü ildə burada olmuşam. Həmin vaxtdan bəri şəhərdə ciddi dəyişikliklər baş verib, abadlıq işləri genişlənib, yaşıllıqlar artıb. Son səfərimdən səkkiz il keçməsinə baxmayaraq, buradakı dostlarımla əlaqələrim heç vaxt kəsilməyib. Onların vasitəsilə Naxçıvanın inkişafını daim izləyib, bu qədim diyar haqqında məlumat almış, birgə məqalələr dərc etdirmişik. Prezident cənab İlham Əliyevin Naxçıvanın inkişafına göstərdiyi diqqəti də hər zaman maraqla izləmişəm.
Naxçıvan, hər şeydən əvvəl, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma yurdudur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bura həm də sovet imperiyasına qarşı milli azadlıq mübarizəsinin başlandığı məkandır. İlk ziyarət etdiyim ünvanlardan biri Heydər Əliyev Muzeyi oldu. Muzeydə nümayiş etdirilən sənədlər və eksponatlar bu tarixi mərhələni daha yaxından öyrənməyə imkan verir.
Mənim üçün böyük qürur mənbəyidir ki, Cənubi Qafqazda sabitliyin və etibarlı əməkdaşlığın mühüm dayaqlarından biri olan Azərbaycanı yaxından tanıyır və gördüklərimi ABŞ-də yaşayan geniş oxucu auditoriyası ilə bölüşə bilirəm. Azərbaycanın üzləşdiyi ədalətsizliklərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərməkdən məmnunluq duyuram. Eyni zamanda Naxçıvanda qazandığım dostlarla, onların elm, təhsil, media və turizm sahələrində əldə etdikləri uğurlarla fəxr edirəm.
Artıq üç gündür ki, Naxçıvandayam. Bu müddətdə apardığım müşahidələr və əldə etdiyim məlumatlar göstərir ki, muxtar respublika yeni inkişaf və inteqrasiya mərhələsinə qədəm qoyub. Uzun illər blokada şəraitində yaşayan Naxçıvan bu gün yeni imkanlar qazanır. İnanıram ki, Zəngəzur dəhlizinin açılması və yeni idarəetmə mexanizmlərinin fəaliyyəti muxtar respublikanın Azərbaycanın digər bölgələri ilə inteqrasiyasını daha da gücləndirəcək.
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması da Naxçıvanda müasir şəhərsalma yanaşmalarının tətbiqinə və yeni yaşayış məhəllələrinin salınmasına əlavə təkan verir.
Bundan başqa, Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün tətbiq olunan vergi güzəştləri, bölgənin “”yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi, qeyri-neft məhsullarının ixracına verilən dəstək, eləcə də Naxçıvan şəhərində ictimai nəqliyyatın ekoloji cəhətdən təmiz avtobuslarla yenilənməsi dövlətin bölgənin inkişafına göstərdiyi diqqətin bariz nümunələridir.
Qeyd etdiyim bütün bu dəyişikliklər üç ölkə ilə həmsərhəd olan Naxçıvanın strateji mövqeyini daha da gücləndirir və onun qarşıdakı illərdə regional əməkdaşlıq baxımından əhəmiyyətini artırır. 
– Zəngəzur dəhlizini qeyd etdiniz. Sizcə, bu dəhliz həm Azərbaycana, həm də dünyaya nə qazandıracaq?
– Zəngəzur dəhlizi Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra Prezident cənab İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslərdən biridir. Qısa müddətdə beynəlxalq siyasi gündəliyin mühüm mövzularından birinə çevrilən bu layihənin reallaşması istiqamətində ciddi addımlar atılır. Bu prosesin ABŞ Prezidenti Donald Tramp tərəfindən dəstəklənməsi də layihənin beynəlxalq əhəmiyyətini göstərir.
Hesab edirəm ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə, region və beynəlxalq ticarət üçün yeni imkanlar açacaq. Bu marşrut nəqliyyat əlaqələrini genişləndirəcək, yükdaşımaları sürətləndirəcək, iqtisadi əməkdaşlığı gücləndirəcək və regionda uzunmüddətli sülhün möhkəmlənməsinə töhfə verəcək.
Naxçıvan isə bu prosesdən ən çox fayda əldə edəcək bölgələrdən biri olacaq. Muxtar respublika geostrateji mövqeyinə görə mühüm nəqliyyat və logistika mərkəzinə çevrilə, investorlar üçün daha cəlbedici ola bilər. Bununla yanaşı, turist axınının artacağını, xidmət sektorunun genişlənəcəyini və regionun sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanacağını düşünürəm.
– Turizmdən bəhs etdiniz. Naxçıvanın turizm potensialını necə qiymətləndirirsiniz?
– Naxçıvan turizm baxımından olduqca zəngin və cəlbedici diyardır. Burada Ağrı dağı mənzərəsindən Ordubadın Zəngəzur silsiləsinə, Arazboyu ərazilərdən Şahbuzun Batabat yaylağına qədər müxtəlif təbii və tarixi məkanlar mövcuddur. Əvvəlki səfərlərimdə bu yerlərin bir çoxunu görmək imkanım olub. Görmədiyim məkanlar barədə isə sizdən və uzun illərdir, tanıdığım turizm bələdçisi dostum Natiq Paşayevdən məlumat almışam.
Bu səfərim zamanı Azərbaycan və Dünya Bələdçilər Federasiyaları Assosiasiyasının həqiqi üzvü Natiq Paşayevlə birlikdə Kiçik Qafqazın 3050 metr yüksəklikdə yerləşən Göygölünə səyahət etdik. Naxcivantravel şirkətinin təşkil etdiyi bu səfər mənim üçün unudulmaz təcrübə oldu. Mənə dedilər ki, Göygölü ziyarət edən ilk amerikalı ekspert olmuşam. Bu mənim üçün xoş xatirədir.
Bu gün isə Şərur rayonunun Şahbulaq kəndi istiqamətində yerləşən möhtəşəm kanyonu görməyi planlaşdırırıq. Deyilənə görə, həmin ərazidə Mars səthini xatırladan unikal landşaft mövcuddur.
Ümumilikdə, hesab edirəm ki, xüsusilə Ordubad və Şahbuz rayonlarının turizm potensialı çox böyükdür. Ordubadın zəngin tarixi, Göygöl, Gəmiqaya kimi dünya əhəmiyyətli irsi və Şahbuzun təbii ekoturizm imkanları bölgəyə xüsusi üstünlük qazandırır. Bu ərazilərdə həm kütləvi, həm də dayanıqlı turizmin inkişafı üçün kifayət qədər resurs və formalaşmış infrastruktur mövcuddur.
Gələcək perspektiv baxımından Şahbuz və Ordubaddan keçən tranzit yolların əhəmiyyətini də xüsusi qeyd etmək istərdim. Bu marşrutlar Naxçıvanı Şərqi Zəngəzur və Qarabağla birləşdirəcək mühüm nəqliyyat əlaqələrindən birinə çevrilə bilər.
Naxçıvana gələn turistlər Duzdağ Müalicə Mərkəzinin, zəngin mineral su ehtiyatlarının və dağ təbiətinin üstünlüklərindən faydalanırlar. Bundan əlavə, yüksək dağlıq ərazilərdə istehsal olunan bal, meyvə, tərəvəz və heyvandarlıq məhsullarının daha geniş tanıdılması və brendləşdirilməsi də region iqtisadiyyatına mühüm töhfə verə bilər.
Yadımdadır, əvvəlki səfərimdə Kükü almasının dadı məndə xoş təəssürat yaratmışdı. Bu dəfə isə iyul mövsümünün gilası və göycəsi həmin məhsulların yüksək keyfiyyətini bir daha göstərdi.
– Yenidən Zəngəzur dəhlizi mövzusuna qayıdaq. Bir siyasi ekspert kimi bu yolun Naxçıvan üçün perspektiv faydalarını necə qiymətləndirirsiniz?
– Məncə, Zəngəzur dəhlizi təkcə nəqliyyat və logistika layihəsi deyil. Bu, bütövlükdə, region üçün yeni investisiya, ticarət və məşğulluq imkanları deməkdir. Bu prosesin mərkəzində isə, şübhəsiz, Naxçıvan dayanacaq.
Naxçıvan əlverişli coğrafi mövqeyi, geostrateji əhəmiyyəti və intellektual insan kapitalı ilə yaranacaq yeni imkanlardan səmərəli istifadə etmək potensialına malikdir. Sizinlə söhbətlərimiz zamanı öyrəndim ki, Naxçıvan Dövlət Universitetində ingilis dilində tədris olunan ixtisasların sayı artır və bu proqramlara maraq kifayət qədər yüksəkdir. Qloballaşan dünyada bu, çox vacib amildir. İnanıram ki, həm universitet, həm də region yaxın gələcəkdə bunun müsbət nəticələrini görəcək.
Səmimi desəm, imkan yaranarsa, gələcəkdə Naxçıvan Dövlət Universitetinin tələbələri ilə auditoriyada görüşmək və onlarla fikir mübadiləsi aparmaq mənim üçün böyük məmnunluq olardı.
Hesab edirəm ki, Zəngəzur dəhlizinin reallaşması ilə formalaşacaq yeni reallıq Naxçıvanın iqtisadi və sosial inkişafına mühüm töhfə verəcək, onun beynəlxalq əlaqələrini daha da genişləndirəcək.
Sonda qonaqpərvər Naxçıvan sakinlərinə firavanlıq və uğurlar arzulayıram. Uzun illərdir, məqalələrimin dərc olunduğu “Şərq qapısı” qəzetinin kollektivinə də gələcək fəaliyyətlərində yeni nailiyyətlər diləyirəm.
– Müsahibə üçün sağ olun! 

Əli CABBAROV
Naxçıvan Dövlət Universitetinin dosenti

 

Nəşr edilib : 24.07.2026 11:55