Naxçıvan Muxtar Respublikası üzrə bütün növ sosial...
19:06 25.04.2025
0
0
0
NAXÇIVAN :
25 Aprel 2025, Cümə
Müasir diplomatiya və regional inteqrasiyanın parlaq nümunəsi
Naxçıvan Muxtar Respublikası ilə Çinin Sincan Uyğur muxtar rayonunun paytaxtı Urumçi şəhərinin qardaşlaşması ilk baxışda sadə bir diplomatik jest kimi görünə bilər. Lakin bu razılaşmanın arxasında Azərbaycanın xarici siyasətində müşahidə olunan dərinləşmiş regional yanaşma, strateji tərəfdaşlığa əsaslanan diplomatik fəallıq dayanır. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan müasir Azərbaycan diplomatiyasının regionlara inteqrasiya yönümlü yeni fazasını əks etdirir. İndiki dövrdə beynəlxalq əlaqələr yalnız paytaxtlar səviyyəsində deyil, regionlar vasitəsilə də formalaşır. Bu baxımdan Naxçıvan-Urumçi əlaqələri strateji baxımdan çoxqatlı və çoxşaxəli əməkdaşlıq imkanları vəd edir.
Prezidentin Çin sədri Si Cinpinlə keçirdiyi yüksəksəviyyəli görüşlər çərçivəsində imzalanan sənədlər Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Bu çərçivədə Naxçıvanın rol alması, əslində, Azərbaycanın regional diplomatiyasında yerli qurumların və muxtar bölgələrin beynəlxalq siyasətə inteqrasiyasının açıq göstəricisidir. Bu sənədin mahiyyəti təkcə iqtisadi və mədəni əməkdaşlığa deyil, həm də siyasi çəkiyə malik olan simvolik bir jestə çevrilmişdir. Naxçıvan bu cür təşəbbüslərlə öz statusunu regional mərkəzə çevirmək yolunda mühüm addımlar atır.
Prezident İlham Əliyevin qlobal strateji baxışında Naxçıvanın yeri
Prezident İlham Əliyev davamlı şəkildə regionların inkişafını dövlət siyasətinin mərkəzinə yerləşdirib. Bu strategiyanın bir hissəsi olaraq regionların yalnız daxili inkişaf deyil, həm də beynəlxalq əməkdaşlıq kontekstində gücləndirilməsi hədəflənir. Naxçıvanın belə bir prosesin parçası kimi təqdim olunması, onun öz geosiyasi imkanlarını və strateji yerləşməsini maksimum səviyyədə istifadə etməsi ilə bağlıdır. Üç tərəfdən sərhədlərlə əhatələnmiş bu bölgə müasir dövrdə beynəlxalq əlaqələrin lokal nümunəsinə çevrilməkdədir.
Urumçi ilə qardaşlaşma təkcə bir siyasi akt deyil, bu, Naxçıvanın iqtisadi və mədəni cəhətdən Orta Asiyanın geniş bazarlarına çıxışı üçün açılmış bir qapıdır. Hər iki şəhər qədim İpək Yolunun əsas dayanacaqları olub və bu tarixi kontekst yeni əməkdaşlıq müstəvisində davam etdirilir. Bu, Azərbaycanın Asiya istiqamətli strateji baxışında Naxçıvana verilən rolun bir təcəssümüdür. Beləliklə, muxtar respublika yalnız daxili sabitliyin və sosial inkişafın ünvanı deyil, həm də diplomatik fəallığın simvoluna çevrilir.
İpək Yolunun yeni nəfəsi: tarix və gələcəyin kəsişməsi
Naxçıvan və Urumçi arasında qurulan əlaqə, əslində, tarixlə gələcəyin arasında körpü rolu oynayır. Tarixboyu İpək Yolu üzərində yerləşən bu iki məkan indi də yeni bir ticarət, innovasiya və mədəniyyət karvanına ev sahibliyi etməyə hazırlaşır. Əsrlər öncə ticarət yolları vasitəsilə bu torpaqlardan keçən karvanlar, indi rəqəmsal iqtisadiyyat, texnoloji mübadilələr və təhsil diplomatiyası ilə əvəzlənir. Bu, müasir dövrün İpək Yolu – “Bir kəmər, bir yol” təşəbbüsü ilə tam şəkildə üst-üstə düşür.
Naxçıvan bu təşəbbüs çərçivəsində beynəlxalq nəqliyyat və logistika sisteminə qoşulmaqla yeni iqtisadi müstəviyə keçid əldə edir. Urumçi ilə birgə həyata keçiriləcək layihələr çərçivəsində yük və sərnişin daşımaları, multimodal daşımalar, rəqəmsal xidmətlər və təhsil sahəsində qarşılıqlı faydalı əməkdaşlıq imkanları formalaşacaq. Bundan əlavə, Naxçıvan-Urumçi mədəni əlaqələri sayəsində keçiriləcək birgə festivallar, sərgilər, sənətkar görüşləri regionlararası mədəni diplomatiyanın real mexanizminə çevrilə bilər. Yəni bu proses təkcə iqtisadi deyil, həm də mədəniyyətin mübadiləsinə xidmət edir.
Təhsil, sənaye və innovasiyaya yeni yol
Təhsil sahəsində Naxçıvan və Urumçi arasında formalaşan əməkdaşlıq yalnız tələbə mübadiləsi ilə məhdudlaşmamalıdır. Gələcəkdə birgə tədqiqat layihələri, elmi konfranslar, ikili diplom proqramları kimi təşəbbüslər sayəsində iki region arasında akademik inteqrasiya daha da güclənə bilər. Çin universitetlərinin təklif etdiyi texnoloji və aqrar yönümlü ixtisaslar, Naxçıvanın real ehtiyacları ilə tam uyğunlaşır.
Sənaye sahəsində də bu əlaqə yeni imkanlar açır. Urumçinin sənaye parkları və texnoloji klasterləri, Naxçıvan üçün model ola bilər. Gələcəkdə Çindən investisiyaların cəlb olunması, Naxçıvanda yüngül sənaye müəssisələrinin qurulması, innovativ texnologiyaların transferi regionda məşğulluğun və iqtisadi aktivliyin artmasına səbəb olacaq. Ekoloji təmiz və yerli resurslara əsaslanan istehsal Naxçıvanın potensialını daha da artıracaq.
Regiondan dünyaya açılan qapı
Bu qardaşlaşma razılaşması, sadəcə, bir niyyət bəyanatı deyil, bu, real strateji transformasiyanın başlanğıcıdır. Qloballaşan dünyada artıq yalnız paytaxtlar deyil, bölgələr də qərarların iştirakçısına çevrilməkdədir. Naxçıvan bu yeni düzənə uğurla inteqrasiya olunur. Bu, Azərbaycanın diplomatik xəritəsində Naxçıvanın yeni statusu ilə təmsil olunmasının bariz nümunəsidir.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Naxçıvanın beynəlxalq arenada aktiv iştirakı təmin olunur. Urumçi ilə bu münasibət, sadəcə, iki şəhər arasında əməkdaşlıq deyil, bu, iki sivilizasiya arasında strateji tərəfdaşlığın təməlidir. Bu proses gələcəkdə daha da genişlənəcək, daha çox sektoru əhatə edəcək və Naxçıvanı dünyaya çıxaran əsas qapılardan birinə çevirəcək.
Əli ABBASOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər