NAXÇIVAN :

26 Noyabr 2024, Çərşənbə axşamı

Naxçıvan Tibb Kollecində "Təbliğat-100" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, 30 oktyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Tibb Kollecində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. 
Ailə institutunun inkişafı və nikah münasibətlərinin möhkəmləndirilməsi məqsədilə qanunvericiliyin prinsiplərinə uyğun olaraq birgə interaktiv mediasiya xidmətinin təşkili ilə bağlı keçirilən tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin bölmə rəisi Reyhan Sadiqova, Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov çıxış edərək mövzunun əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, ailə münasibətləri üzrə qanunvericiliyin prinsiplərinə uyğun olaraq həyata keçirilən mediasiya xidməti, ailədaxili mübahisələrin qanuni çərçivədə həll edilməsini və tərəflərin hüquqlarının qorunmasını təmin edir. Mübahisəli tərəflər arasında razılaşmalar məhkəməyə qədər həll yollarının tətbiqi ilə hüquqi müstəviyə uyğunlaşdırılır. Bu da ailədaxili sülhü təmin etməyə, mübahisələrin tez və təsirli həllinə nail olmağa kömək edir. Beləliklə, interaktiv mediasiya xidmətləri ailə dəyərlərinin qorunması və nikah münasibətlərinin inkişafı üçün effektiv bir vasitədir.
100 nəfərin yararlandığı tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 30.10.2024 17:13