NAXÇIVAN :

16 Fevral 2026, Bazar ertəsi

Naxçıvan teatrında rəssam işi barədə ensiklopedik nəşr işıq üzü görüb

...

Tarixin bütün dövrlərində Naxçıvan özünün yetirdiyi dövlət xadimləri, elm və sənət adamları ilə ölkəmizə öz töhfələrini verib. Dövlətçiliyimizin intişar tapdığı bu qədim diyara Ulu Tanrı öz səxavətini əsirgəmədiyindəndir ki, Naxçıvan ictimai-siyasi proseslərin fonunda həm də mədəniyyətin, incəsənətin çox güclü inkişaf etdiyi məkan kimi tanınıb. Bu qədim yurd yeri Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Məmməd Araz, Bəhruz Kəngərli kimi saymaqla qurtarmayan görkəmli ədəbiyyat və incəsənət xadimlərinin Vətənidir. Onlar və onların həmfikirləri, ideya və məslək dostları Naxçıvanın ən cəfakeş insanları olublar; xalqın maariflənməsi üçün əllərindən gələni ediblər.

1883-cü ildə bünövrəsi qoyulan Naxçıvan teatrı isə adlarını çəkdiyimiz və çəkmədiyimiz aydınların vahid məqsəd uğrunda mübarizəsində mühüm rol oynayıb. Dünya və Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrini səhnələşdirən, bu vasitə ilə həm xalqın maariflənməsinə, həm də insanların asudə vaxtlarının səmərəli keçməsinə çalışan teatr həmişə yerinə yetirdiyi funksiyanın xalqa xidmət olduğunu diqqətdə saxlayıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 23 may 2025-ci il tarixli Qərarı ilə çapa tövsiyə olunmuş “Naxçıvan teatrında rəssamlıq işi” monoqrafiyası bu baxımdan dəyərli bir nəşrdir. Filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin kitaba yazdığı ön sözdə və kitabın giriş fəslində bu barədə geniş məlumat verilir.

Qeyd edək ki, gərgin zəhmətin bəhrəsi olan kitabın müəllifi Naxçıvan teatrının fəaliyyətini uzun illərdir ki, araşdırmaqla məşğuldur. Bu istiqamətdə onun 2 kitabı, 8 monoqrafiyası işıq üzü görüb; o həm də 200-dən artıq elmi-publisistik məqalənin müəllifidir.

Yeni nəşr daha bir istiqamətdən diqqəti cəlb edir. Məlumdur ki, teatr kollektiv sənətdir. Yəni teatrda səhnəyə qoyulan tamaşada müəllif ideyasının açılması, izləyicilərə çatdırılmasında rejissordan tutmuş ən kiçik texniki işçiyə qədər hər birinin özünəməxsus yeri var. Ona görə də Əli Qəhrəmanovun bu kitabı Naxçıvan teatrının rəssamlarına həsr etməsi təbiidir.

Elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov olan monoqrafiya giriş, 5 fəsil, nəticə və istifadə edən ədəbiyyat siyahısından ibarətdir. Müxtəlif dövrləri əhatə edən fəsillərindəki bir-birinə məntiqi bağlılıq və ardıcıllıq ilk anda diqqəti çəkir.

Müəllif “XIX əsrin sonu, XX əsrin əvvələrində Naxçıvan teatrında rəssamlıq sənəti (1883-1920)” fəslində realist rəssam Bəhruz Kəngərlidən bəhs edir: “Bəhruz Kəngərli milli səhnəqrafiyanın bünövrəsini qoyanlardan, Azərbaycanda ilk peşəkar teatr rəssamlarından biridir. O, həssas rəng duyumu, isti və koloritli rənglərdən məharətlə istifadə etməklə Naxçıvan teatrının səhnəsində 1912-ci ildən ömrünün sonunadək tamaşaya qoyulan əsərlərə irihəcmli panolar çəkmiş, səhnə tərtibatı və geyim eskizləri vermişdir.

Ardınca “Naxçıvan teatrında Bəhruz Kəngərli bədii irsinin davamçıları (1920-1940)” adlı fəsildə müəllif Adil Qazıyev, Şəmil Qazıyev, Nağı Nağıyev haqqında məlumat verir.

Yaxşı hal kimi o da qeyd olunmalıdır ki, müəllif xronoloji ardıcıllığı gözləməklə yanaşı, teatrda çalışan rəssamların yaradıcılıq xüsusiyyətlərini təhlilə cəlb edir; onların bu tamaşadan digər tamaşaya keçidindəki yeni çalarları ortaya qoyur. Təcrübəli teatr xadimlərinin onların işinə verdikləri qiyməti oxucuya çatdırır. Məsələn, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Adil Qazıyev haqqında yazıb: “Xalqımızın uzaq-yaxın keçmişdə yaratdığı bədii irsə çox fərqli və dərindən elmi münasibət bildirən Adil Qazıyev müxtəlif illərdə qədim kitab mədəniyyətimizə və xəttaflıq sənətinə, üslubların şahı kimi dəyərləndirilən dekorativ-tətbiqi sənətə həsr olunmuş tədqiqatları ilə sənətşünaslıq elmimizi zənginləşdirir”.

Müəllif bununla Adil Qazıyevin teatr rəssamı kimi fəaliyyəti ilə yanaşı, həm də onun bir tədqiqatçı rəssam olduğunu da ortaya qoyur.

Kitabın digər bir fəsli Naxçıvan teatrının İkinci Dünya müharibəsi və sonrakı mərhələdəki fəaliyyətində rəssamlıq sənətinə həsr olunub. Əli Qəhrəmanov 1941-1963-cü illərdə teatr rəssamlarının həmin dövr üçün xarakterik olan yaradıcılıq yolundan danışaraq bildirir ki, Naxçıvan teatrı müharibənin ilk aylarında ölkəmizin digər qabaqcıl teatrlarının təcrübələrindən istifadə edərək tamaşaçılarına kiçik səhnəciklər və kompozisiyalar göstərirdi. Bu kompozisiyalarda cəsur, alicənab, vətənpərvər adamlar təsvir olunurdu. Həmin əsərlər sırasında olan “Cinayətin izi ilə” (O. Xəlilov) tamaşası barədə bəhs edən Əli Qəhrəmanov yazır: “Tamaşada müsbət xarakterlərin həyatının qabarıq şəkildə canlandırılması üçün rejissor İbrahim Həmzəyev və tamaşaya bədii tərtibat verən rəssam Məmməd Qasımov xeyli əmək sərf etmişlər. O dövrdə yazılmış resenziyalarda qeyd olunduğu kimi rejissor İbrahim Həmzəyev və rəssam Məmməd Qasımov düzgün istiqamət verməyi bacaran, bədii tərtibatdan yerli yerində istifadə edən rejissor və rəssam həm də geniş dünyagörüşə, mühiti dərindən dərketmə qabiliyyətinə malik sənətkarlar idilər”.

Müəllifin gəldiyi bir qənaətlə teatrşünaslar yəqin ki, qeyd-şərtsiz razılaşarlar: Naxçıvan teatrının rəssamları tamaşalarda yalnız həyat həqiqətini real boyalarla əks etdirməklə kifayətlənmir, eyni zamanda tamaşanın bədii tutumu haqqında da düşünürdülər. Onlar hazırladıqları tamaşalarda özlərinin sənətkarlıq bacarıqları ilə yanaşı, humanist fikirlərini,  estetik ideallarını da aydın hiss etdirirdilər.

Bu fikirləri monoqrafiyanın “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında rəssamlıq sənəti (1964-1990)” fəslində müəllif bir qədər də genişliyi ilə oxucuya çatdırır. Məmmədəli İsmayılov, Yuran Məmmədov, Mircəlil Seyidov, Əli Səfərov haqqında bəhs olunan yazılarda Əli Qəhrəmanov bir sənətşünas kimi onların yaradıcılığını geniş təhlilə cəlb edir.

“Müstəqillik illərində Naxçıvan teatrında rəssamlıq sənəti (1991-2024)” fəslində oxuyuruq: “Ümummilli Lider Heydər Əliyev 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyərkən teatrın kollektivi qarşısında mühüm və təxirəsalınmaz vəzifələr qoydu. Teatrın yaradıcı heyəti daha ciddi sənət axtarışına başladı. Repertuarına daxil etdiyi əsərlərə müasirlik mövqeyindən yanaşdı... Əbülfəz Axundov, Hüseynqulu Əliyev, Səyyad Bayramov kimi rəssamların fəaliyyətləri nəticəsində tamaşaya qoyulan əsərlər müəllif ideyasının açılmasına öz müsbət təsirini göstərdi”.

Yaxşı hal kimi onu da qeyd edək ki, kitab boyu müəllif həm Naxçıvana ölkə paytaxtından gələn təcrübəli teatrşünasların, teatrın qastrol səfərlərində olarkən tamaşaları izləyən sənət adamlarının Naxçıvan teatrı və həm də teatrın konkret olaraq rəssamlarının fəaliyyəti, onların yaradıcılıq diapozanları haqqında dedikləri fikirləri oxucuya təqdim edir.

Mədəniyyəti və incəsənətimizə, Azərbaycan teatr sənətinə böyük və qiymətli töhfə olan “Naxçıvan tetarında rəssamlıq işi” adlı monoqrafiya haqqında çox qısa qeydlərlə kifayətlənməyi lazım bildik. Müəllifə yeni yaradıcılıq uğurları diləməklə oxuculara bu qiymətli kitabı oxumağı arzulayırıq.

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 10.10.2025 12:37