NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Naxçıvan şəhər 11 nömrəli körpələr evi-uşaq bağçasında “Ekoloji təhsil” layihəsi keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “2024-2025-ci illər üçün Ekoloji təhsil” layihəsi bu dəfə balaca fidanlarla davam etdirilib.
Proqram çərçivəsində növbəti tədbir Naxçıvan şəhər 11 nömrəli körpələr evi-uşaq bağçasında təşkil olunub. Tədbirdə layihə rəhbəri, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elsanə Qurbanlı bildirib ki, ekoloji təhsilin məqsədi gənc nəsli ekoloji problemlərə qarşı daha həssas və məsuliyyətli etməkdir. Bu təhsil vasitəsilə uşaqlar ağac əkmək, quş yuvası qurmaq və təbii materiallarla əl işləri hazırlamaq kimi fəaliyyətlərlə məşğul olurlar. Belə fəaliyyət növləri uşaqların marağını artırır və onlarda bu qiymətli sərvətə qarşı sevgi va qayğı hissi yaradır. Ekoloji təhsil gələcəyimizin daha yaşıl və daha təmiz olması üçün vacib bir addımdır. Qeyd olunub ki, bu layihə balaca fidanlarda ekoloji biliklərin formalaşmasında mühüm rol oynayacaqdır.
Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərova çıxış edərək “Ekoloji təhsil” layihəsinin vacibliyini bildirib, layihə iştirakçılarına uğurlar arzulayıb. Qeyd olunub ki, körpələr evi-uşaq bağçasında keçirilən bu layihədə məqsəd balacalarda ekoloji mədəniyyəti, ekoloji düşüncə tərzini formalaşdırmaq, təbiəti qorumağın vacib məsələ olduğunu onlara çatdırmaqdır. 
Mövzu ətrafında məlumatlandırıcı və əyləncəli oyunlar təşkil olunub. Sonda balacalara həmişəyaşıl ağac tingləri paylanılıb və həmin tingləri bağçanın həyətində əkiblər, eyni zamanda bağça ətrafındakı bağda quş yuvaları hazırlayaraq ağaclardan asıblar.

Qeyd edək ki, layihəyə əsasən Naxçıvan Muxtar Respublikasının bütün ümumi təhsil və məktəbəqədər müəssisələrində müxtəlif yaş qrupları üzrə ekoloji biliklərin artırılması üçün yeni metodlarla seminarlar, təlimlər, müsabiqələr təşkil olunacaq. 

Bülbül QULİYEVA

Nəşr edilib : 23.11.2024 14:40