NAXÇIVAN :

07 Iyul 2026, Çərşənbə axşamı

Naxçıvan muzeyləri son altı ayda 205 minə yaxın ziyarətçi qəbul edib

...

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən muzeylər son illərdə turizm və mədəniyyət həyatında getdikcə daha böyük rol oynayır. 2026-cı ilin son altı ayı ərzində muxtar respublikanın tabeliyində olan muzey və muzey tipli müəssisələr 204 min 809 nəfər ziyarətçi qəbul edib. 
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynlinin “Şərq qapısı”na verdiyi məlumata görə, ziyarətçilərin 166 min 124 nəfəri yerli sakinlər, 38 min 685 nəfəri isə xarici turistlər olub. Bu rəqəmlər Naxçıvanın zəngin tarixi-mədəni irsinə olan marağın artdığını açıq şəkildə əks etdirir.
Ən çox ziyarətçi axını Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi kimi məkanlara olub.
Cari ildə muzey fondlarına 420 yeni eksponat daxil edilib, həmçinin 8275 ekskursiya təşkil olunub.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 01.07.2026 16:57