Ötən gün 54 cinayətin açılması təmin olunub...
10:52 20.10.2026
0
0
0
NAXÇIVAN :
20 Oktyabr 2026, Çərşənbə axşamı
Bir vaxtlar Naxçıvan gecələr qaranlığa qərq olurdu. 1990-cı illərin əvvəllərində blokada şəraitində elektrik və qaz xətlərinin kəsilməsi muxtar respublikanın iqtisadi və sosial həyatını ağır vəziyyətə salmışdı. Bu gün isə mənzərə tamam başqadır. Ulu Öndərin siyasi kursunun davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl işlər nəticəsində Naxçıvan enerji təhlükəsizliyini tam təmin edib və artıq ixrac imkanları da formalaşdırır. Bu dəyişiklik təkcə muxtar respublika üçün deyil, bütövlükdə, Azərbaycanın enerji siyasəti və regional əməkdaşlıq strategiyası üçün mühüm əhəmiyyət daşıyır.
Son iyirmi ildə burada yeni generasiya gücləri yaradılıb, enerji infrastrukturu xeyli genişləndirilib. 2006-cı ildə 87 meqavatlıq Naxçıvan Modul Elektrik Stansiyası və Heydər Əliyev su anbarı üzərində 4,5 meqavatlıq su elektrik stansiyası istifadəyə verilib. 2010-cu ildə 22 meqavatlıq Biləv SES, 2014-cü ildə isə 20,5 meqavatlıq Arpaçay-1 və 1,4 meqavatlıq Arpaçay-2 stansiyaları işə düşüb. Sonrakı illərdə günəş enerjisinə xüsusi diqqət yetirilib. 2015-ci ildə 20 meqavatlıq Naxçıvan Günəş Elektrik Stansiyası qurulub, sonradan gücü 22 meqavata çatdırılıb, Kəngərli rayonunda da əlavə günəş stansiyaları istismara verilib. Hazırda regionun ümumi qoyuluş gücü, təxminən, 200-245 meqavat təşkil edir. Çaylarda su axınının yüksək olduğu dövrlərdə bərpa olunan mənbələrin payı 70-90 faizə çatır. Bu, daxili tələbatı ödəməklə yanaşı, artıq enerjinin ixracına da imkan verir.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı” və “Azərenerji” ASC-nin reabilitasiya-yenidənqurma tədbirləri çərçivəsində Naxçıvanın enerji infrastrukturu köklü şəkildə yenilənir. Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzi yaradılıb, muxtar respublikanın ilk qapalıtipli yarımstansiyası olan 110/35/10 kilovatlıq “Naxçıvan”, 154/110/10 kilovatlıq “Babək”, 110/35/10 kilovatlıq “Çeşməbasar” və digər yarımstansiyalar tikilib və ya yenidən qurulub. 110 kilovatlıq xətlər yenilənib, yaşayış məntəqələrindən keçən hissələr isə kabelə salınıb. Məqsəd enerji itkilərini azaltmaq, sistemin dayanıqlılığını artırmaq və idarəetməni rəqəmsallaşdırmaqdır. 2026-cı ildə Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı ümumi gücü 50 meqavat olan “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyalarının tikintisi ilə tanış olub. Bu stansiyalar istismara veriləndən sonra ildə, təxminən, 118 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək və 40 minə yaxın evi işıqla təmin edəcək. Naxçıvanın ümumi Günəş enerjisi potensialı 500-1000 meqavat səviyyəsində qiymətləndirilir. Eyni səfər çərçivəsində Naxçıvan Sənaye Parkında 300 meqavatlıq yeni istilik elektrik stansiyasının təməli qoyulub. Bu stansiya mövcud generasiya gücünü 1,5 dəfə artıracaq, həm daxili tələbatı, həm də ixrac potensialını xeyli genişləndirəcək. 36 meqavatlıq Ordubad və 15,6 meqavatlıq Tivi Su Elektrik Stansiyalarının tikintisi isə davam edir.
Perspektivdə Cəbrayıl istiqamətində 330 kV-luq xətlə ölkənin vahid enerji sisteminə qoşulma, Türkiyəyə 400 kV-luq ikidövrəli ixrac xətti və Zəngəzur dəhlizi vasitəsilə Avropa bazarlarına birbaşa çıxış nəzərdə tutulur. Bu layihələr reallaşanda Naxçıvan Azərbaycan-Türkiyə-Avropa enerji qovşağının mühüm halqasına çevriləcək və böyük həcmdə elektrik enerjisinin Avropaya ixracına imkan yaradacaq. Beləliklə, Naxçıvanın enerji sistemi təkcə regionun təhlükəsizliyini ehtiva etmir, həm də ölkənin ümummilli enerji strategiyasında “yaşıl enerji” potensialının reallaşmasına, ixrac diversifikasiyasına və regional inteqrasiyaya xidmət edir.
Məhz bu inkişaf fonunda Energetiklər Günü ərəfəsində Naxçıvan Modul Elektrik Stansiyasına yollandıq. İdarəetmə otağında iş prosesi, 110 kV-luq xətlər və ümumi istismar rejimi ilə yaxından tanış olduq. Stansiyanın rəisi Səlami Mütəlov bizə stansiya haqqında ətraflı məlumat verdi. Xatırladaq ki, Prezident İlham Əliyevin 2026-cı il 19 oktyabr tarixli Sərəncamı ilə o, “Tərəqqi” medalına layiq görülüb.
Naxçıvanın enerji təhlükəsizliyində atılan ən böyük addımlardan biri məhz bu stansiyadır. 87 meqavat gücündə stansiya 2006-cı ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Burada Finlandiyanın Wärtsilä şirkətinin texnologiyası əsasında hər birinin gücü 8,7 meqavat olan on piston tipli mühərrik-generator aqreqatı quraşdırılıb. Qısa müddətdə işə salınıb dayandırıla bilən aqreqatlarla təchiz olunan stansiyanın faydalı iş əmsal, təxminən, 46 faiz təşkil edir. Blokada şəraitində regionun elektrik enerjisi tələbatının ödənilməsində bu stansiya həlledici rol oynayıb. Dayanıqlı elektrik təchizatı olmadan iqtisadi inkişafdan danışmaq mümkün deyil. Ona görə də enerjinin istehsalı qədər onun əhaliyə fasiləsiz və keyfiyyətlə çatdırılması da vacibdir. 2026-cı ilin ilk doqquz ayında stansiyanın kollektivi 173 milyon 125 min kilovat-saat elektrik enerjisi istehsal edib, bunun 169 milyon 927 min kilovat-saatını muxtar respublikanın enerji sisteminə ötürüb. Bu enerji üçün 43 milyon 114 min 933 kubmetr təbii qaz sərf olunub, bir kilovat-saat elektrik enerjisinə isə 288,9 qram şərti yanacaq xərclənib. Bu göstəricilər stansiyanın səmərəli işlədiyini göstərir.
Həmin dövrdə texnika və avadanlıqlarda əsaslı və cari təmir işləri aparılıb. Balansdakı on aqreqata və onların köməkçi avadanlıqlarına istismar təlimatına uyğun olaraq mütəmadi 1000 saatlıq texniki qulluq göstərilib. Hazırda 8 nömrəli aqreqat 16 000 saatlıq əsaslı qulluq üçün demontaj edilib, digər doqquz aqreqat isə tam saz vəziyyətdədir. Energetiklərin gecə-gündüz fasiləsiz əməyi, intizamı və peşəkarlığı sayəsində stansiya illərdir, etibarlı işləyir və regionun enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır. Naxçıvanın energetika sistemi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. O, ölkənin cənub-qərb qapısında enerji müstəqilliyini möhkəmləndirir, “yaşıl enerji” potensialını işə salır, qonşularla əlaqələri dərinləşdirir və gələcəkdə Avropa bazarlarına çıxış imkanı yaradır. Yeni generasiya gücləri, bərpa olunan enerji layihələri, rəqəmsal idarəetmə və yenilənən infrastruktur regionun uzunmüddətli inkişaf strategiyasının tərkib hissələridir. Modul elektrik stansiyası bu strategiyanın etibarlı dayaq nöqtələrindən biri, energetiklərin əzmkar əməyi isə bütün nailiyyətlərin təməlidir.
Rafiq TƏHMƏZ
Digər xəbərlər