NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin gündəliyinə salınmış məsələlərə baxılıb

...

Fevral ayının 12-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin videokonfrans formatında geniş tərkibdə iclası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva, Məhkəmənin İnzibati Kollegiyasının hakimi Səyyad Kərimov, Cinayət Kollegiyasının hakimi Vidadi Cəfərov və Mülki Kollegiyanın hakimi Əhliman Xıdırovla yanaşı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və muxtar respublikada fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin sədr və hakimləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi bildirib ki, 2024-ci il Azərbaycan üçün hərtərəfli inkişaf ili kimi əlamətdar hadisələrlə yadda qaldı. Həm ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunandan sonra keçirilən ilk seçkilər, həm dövlət suverenliyi ilə bağlı atılan addımlar, beynəlxalq konfranslara ev sahibliyi, işğaldan azad olunmuş bölgələrin iqtisadi sosial inkişafı bu ilin dövlətçilik tariximizdəki əhəmiyyətini vurğulayır. Geridə qoyduğumuz il Naxçıvan Muxtar Respublikası üçün də muxtariyyətin 100 ilinin tamamlanması baxımından əlamətdar idi. Bu münasibətlə ölkə Prezidentinin Sərəncamına uyğun olaraq keçirilmiş tədbirlərlə muxtar respublikanın keçdiyi 100 illik şərəfli yol il ərzində xatırlandı. 
2024-cü il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş tədbirlər planına uyğun olaraq keçirilmiş silsilə tədbirlər barədə məlumat verən Ali Məhkəmənin sədri bildirib ki, il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən televiziya layihələri və nəşrlər vasitəsilə hüquqi maarifləndirmə sahəsində diqqətəlayiq işlər həyata keçirilib və keçirilməkdədir. Geridə qoyduğumuz ildə həyata keçirilmiş könüllülük proqramları və müxtəlifyönümlü tədbirlərlə gənclərin ixtisaslı kadrlar kimi formalaşmaları və onların iş mühitinə hazırlanmalarına töhfələr verilib. Ali Məhkəmə tərəfindən müxtəlif səpkili elmi-praktik konfranslar, muхtаr rеspublikа məhkəmələrinin sədr və hаkimlərinin iştirakı ilə seminarlar keçirilib, seminarlarda təcrübədə hakimlərin qarşılaşdığı problemlər, onların həlli üsulları müzakirə edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən geridə qoyduğumuz 2024-cü il ərzində ölkəmizin üçün əlamətdar günlər xüsusi qeyd olunub, Məhkəmə tərəfindən sosial layihələr-xeyriyyə və intellektual tədbirlər həyata keçirilib. 
Sonra Naxçıvan  Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin gündəliyinə salınmış məsələlərə baxılıb, muxtar respublikanın ixtisaslaşdırılmış və rayon (şəhər) məhkəmələri tərəfindən baxılıb nəticə verilmiş işlər üzrə məhkəmə aktlarından verilmiş apellyasiya şikayətlərinin nəticələri və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kassasiya şikayəti verilmiş qərarlarının sabitlik göstəriciləri ətraflı təhlil edilib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva, Məhkəmənin İnzibati Kollegiyasının hakimi Səyyad Kərimov, Cinayət Kollegiyasının hakimi Vidadi Cəfərov və Mülki Kollegiyanın hakimi Əhliman Xıdırov Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən işlərə daha operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib, vahid təcrübənin tətbiqi ilə bağlı qarşıda duran məsələlər barədə iclas iştirakçılarını məlumatlandırıb, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən baxılmış işlər üzrə verilmiş kassasiya şikayətlərinin say və həmin qərarların sabitlik göstəricilərini, qanunun tələblərinə və vahid təcrübənin tətbiqi qaydalarına uyğun təhlil ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iclasa yekun vuraraq qeyd edib ki, bu il fəaliyyətinin 100 illiyi tamam olan Nахçıvаn Muхtаr Rеspublikаsının Аli Məhkəməsi öz fəaliyyətini qаnunvеriciliyin tələblərinə uyğun həyata keçirməklə məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə, vətəndaş məmnuniyyətinin təmini və onların hüquqlarının bərpasına, eyni zamanda ədalət mühakiməsinə əlçatanlığın təmini və məhkəmələrin fəaliyyətinin şəffaflığına yönəlmiş fəaliyyətini davam etdirəcəkdir.

Nəşr edilib : 12.02.2025 17:41