NAXÇIVAN :

20 Avqust 2026, Cümə axşamı

Milli layihələrdən beynəlxalq dəhlizlərə: Naxçıvan nəqliyyatında yeni mərhələ

...

Azərbaycanın son illərdə formalaşdırdığı yeni iqtisadi inkişaf modeli ayrı-ayrı sahələrin modernləşdirilməsi ilə yanaşı, ölkənin vahid iqtisadi və nəqliyyat məkanı kimi möhkəmləndirilməsini də nəzərdə tutur. Bu baxımdan, nəqliyyat infrastrukturu artıq yalnız yolların, dəmir yolu xətlərinin və logistika obyektlərinin məcmusu deyil. Müasir nəqliyyat şəbəkəsi regionları bir-birinə bağlayan, iqtisadi fəallığı artıran, investisiya imkanlarını genişləndirən və ölkənin beynəlxalq iqtisadi mövqeyini gücləndirən strateji inkişaf platformasıdır.
Bu prosesdə Naxçıvan Muxtar Respublikasının xüsusi yeri var. Uzun illər Azərbaycanın əsas ərazisindən ayrı düşən Naxçıvan bu gün yeni nəqliyyat və iqtisadi perspektivlərin astanasındadır. Qarşıdakı mərhələdə muxtar respublika yalnız Azərbaycanın əsas hissəsi ilə etibarlı nəqliyyat bağlantısı qazanan region deyil, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən daha geniş nəqliyyat xəritəsinin mühüm qovşaqlarından birinə çevrilmək potensialına malikdir.

İnfrastrukturdan başlayan yeni inkişaf mərhələsi

Naxçıvanın müasir infrastrukturla təmin olunması dövlətin regional inkişaf siyasətinin əsas istiqamətlərindən biri kimi uzun illərdir, diqqət mərkəzindədir. 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bu istiqamətdə ardıcıl siyasətin əsasını formalaşdırıb.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” isə bu siyasəti yeni mərhələyə çıxarıb. Proqramda infrastruktur təminatının inkişafı, nəqliyyat infrastrukturunun yenilənməsi, ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və müasir logistika imkanlarının yaradılması Naxçıvanın gələcək iqtisadi inkişafının mühüm şərtləri kimi müəyyənləşdirilib.
Bu yanaşmanın mahiyyəti aydındır: müasir yol və dəmir yolu infrastrukturu olmadan regionun sənaye, kənd təsərrüfatı, ticarət, turizm və investisiya potensialını tam reallaşdırmaq mümkün deyil.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra isə Naxçıvanın nəqliyyat perspektivləri yalnız regional inkişaf məsələsi olmaqdan çıxaraq daha geniş geoiqtisadi məzmun qazanıb.

Zəngəzur dəhlizi – yeni nəqliyyat xəritəsinin strateji xətti

Bu baxımdan, Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Dəhlizin reallaşdırılması Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin formalaşdırılması ilə yanaşı, bütövlükdə, regionun tranzit imkanlarını genişləndirə biləcək strateji layihədir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Zəngəzur dəhlizi üzrə dəmir yolu layihələrinin icra vəziyyəti ilə tanışlıq da bu istiqamətə verilən önəmin göstəricisi oldu.
Layihə başa çatdıqdan sonra dəmir yolunun illik buraxılış qabiliyyətinin 15 milyon tona çatdırılması nəzərdə tutulur. Horadiz, Yuxarı Mərcanlı və Soltanlı stansiyalarını əhatə edən 30 kilometrlik hissənin müvəqqəti istismara verilməsi və 2024-cü ilin mayından Sənaye Parkı istiqamətində yükdaşımaların həyata keçirilməsi gələcək nəqliyyat sisteminin ilkin konturlarını göstərir.
Eyni zamanda  Naxçıvan dəmir yolu xəttinin yenidən qurulması istiqamətində də mühüm işlər aparılır. Mövcud 188 kilometrlik xəttin yeni layihə üzrə 194,2 kilometrə çatdırılması, 10 stansiyanın və 3 sərnişin dayanacağı platformasının yenidən qurulması nəzərdə tutulur. Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinə qədər olan 7 kilometrlik hissədə layihələndirmənin tamamlanaraq tikinti işlərinə başlanması isə Naxçıvan istiqamətində işlərin artıq praktik mərhələyə keçdiyini göstərir.
Beləliklə, Naxçıvanın nəqliyyat imkanlarının genişləndirilməsi yalnız bir dəmir yolu xəttinin bərpası deyil, muxtar respublikanın regional nəqliyyat sistemində mövqeyini dəyişəcək daha geniş prosesin tərkib hissəsidir.

Naxçıvanın nəqliyyat coğrafiyası dəyişir

Zəngəzur bağlantısının reallaşmasının ən mühüm nəticələrindən biri Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə dəmir yolu əlaqəsinin bərpası olacaq. Bu ilk növbədə, muxtar respublikanın uzun illər mövcud olmuş nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması deməkdir. Lakin layihənin əhəmiyyəti bununla məhdudlaşmır.
Yeni dəmir yolu xətti Naxçıvanın Azərbaycan-Türkiyə və Azərbaycan-İran nəqliyyat istiqamətləri ilə əlaqələrini genişləndirə bilər. Bu isə yük terminallarının, logistika mərkəzlərinin, anbar komplekslərinin, gömrük və digər xidmət sahələrinin inkişafı üçün yeni imkanlar yarada bilər.
Başqa sözlə, Naxçıvan gələcəkdə yükün, sadəcə, keçdiyi ərazi deyil, toplandığı, bölüşdürüldüyü və müxtəlif logistika xidmətlərinin həyata keçirildiyi mərkəz funksiyasını daşıya bilər. Belə perspektiv nəqliyyat sektorundan daha geniş iqtisadi effekt yarada bilər: yeni müəssisələrin açılması, investisiyaların cəlb olunması, xidmət sektorunun genişlənməsi və məşğulluq imkanlarının artması bunlar sırasında yer alır.

Culfa yenidən böyük nəqliyyat qovşağına çevrilə bilər

Yeni nəqliyyat arxitekturasında Culfanın rolu xüsusilə diqqət çəkir. Zəngəzur dəhlizindən Naxçıvana daxil olan dəmir yolunun Culfa vasitəsilə İran dəmir yolu şəbəkəsinə çıxışının yaradılması Azərbaycanın İran istiqamətində ikinci dəmir yolu bağlantısının formalaşmasına imkan verə bilər. Bu isə Culfanın iqtisadi-coğrafi mövqeyinə yeni məzmun qazandırır.
Tarixən mühüm dəmir yolu qovşaqlarından biri olmuş Culfa perspektivdə Azərbaycan-İran-Türkiyə istiqamətlərini əlaqələndirən logistika məntəqəsinə çevrilə bilər. Beləliklə, Naxçıvanın İran üzərindən regional bazarlara çıxış imkanları genişlənə, alternativ marşrutların yaranması isə yükdaşımaların dayanıqlılığı və nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından əlavə üstünlüklər yarada bilər.

Naxçıvandan Türkiyəyə, Türkiyədən Avropaya

Naxçıvanın nəqliyyat perspektivlərinin digər mühüm istiqaməti Türkiyə ilə dəmir yolu əlaqəsidir. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin Zəngəzur istiqamətində yaradılan infrastrukturla tamamlanması gələcəkdə Azərbaycan-Naxçıvan-Türkiyə xətti üzrə vahid dəmir yolu bağlantısının formalaşmasına şərait yarada bilər.
Bu isə Naxçıvanın nəqliyyat əhəmiyyətini milli sərhədlərdən kənara çıxarır. Belə bir sistem Azərbaycanı Naxçıvan üzərindən Türkiyə ilə əlavə nəqliyyat marşrutu vasitəsilə birləşdirməklə yanaşı, regionun Avropa bazarlarına çıxış imkanlarını da genişləndirə bilər. Nəticədə, Naxçıvanın Azərbaycan, Türkiyə və İran arasında yerləşən coğrafi mövqeyi daha böyük iqtisadi üstünlüyə çevrilə bilər.

Orta Dəhliz üçün yeni imkan

Məsələnin daha geniş geoiqtisadi tərəfi isə Orta Dəhlizlə bağlıdır. Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan bu marşrutun əhəmiyyəti son illərdə artır.
Naxçıvan istiqamətində dəmir yolu infrastrukturunun formalaşdırılması Orta Dəhliz sisteminə əlavə və alternativ marşrut imkanları qazandıra bilər. Gələcəkdə Mərkəzi Asiya və Çindən gələn yüklərin Azərbaycan ərazisindən Naxçıvana, buradan isə Türkiyə və Avropa istiqamətinə daşınması üçün yeni logistika imkanlarının yaranması mümkündür.
Bu baxımdan, Naxçıvanın coğrafi mövqeyi yeni məna qazanır. Muxtar respublika yalnız Azərbaycanın qərbində yerləşən region deyil, müxtəlif nəqliyyat istiqamətlərinin kəsişə biləcəyi və yeni marşrutların formalaşmasına imkan yarada biləcək strateji məkan kimi çıxış etmək potensialına malikdir.

Dəmir yolu həm də iqtisadi inkişaf yoludur

Dəmir yolunun əhəmiyyəti yalnız sərnişinlərin və yüklərin bir məntəqədən digərinə daşınması ilə ölçülmür. Dəmir yolu sənaye, ticarət, kənd təsərrüfatı, logistika və investisiya üçün yeni imkanlar yaradan iqtisadi infrastruktur platformasıdır.
Bu mənada, Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsi ilə sənayeləşmə siyasətinin paralel aparılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı təməli qoyulan Naxçıvan Sənaye Parkı ilə dəmir yolu infrastrukturunun inkişafının eyni dövrə təsadüf etməsi də diqqət çəkir. Müasir dəmir yolu şəbəkəsi Sənaye Parkında istehsal ediləcək məhsulların Azərbaycanın digər bölgələrinə və xarici bazarlara daha əlverişli şərtlərlə çıxarılmasına imkan yarada bilər.
Eyni imkanlar kənd təsərrüfatı məhsullarına da aiddir. Naxçıvan kəndlərində istehsal olunan məhsulların yeni bazarlara daha sürətli və münasib logistika xərcləri ilə çatdırılması istehsalın genişlənməsinə, sahibkarlığın inkişafına və kənd yerlərində iqtisadi fəallığın artmasına stimul verə bilər.
Deməli, dəmir yolu xəttinin hər kilometri yalnız bir nəqliyyat xətti deyil. Onun arxasında yeni istehsal, ticarət, investisiya və məşğulluq imkanları dayanır.

Məhdudiyyətlərdən beynəlxalq nəqliyyat qovşağına

Naxçıvanın qarşısında tarixi imkan açılır. Uzun illər nəqliyyat məhdudiyyətləri ilə üzləşmiş muxtar respublika yeni geoiqtisadi reallıqda Azərbaycanı Türkiyə və İranla, daha geniş miqyasda isə Asiyanı Avropa ilə əlaqələndirən mühüm nəqliyyat qovşaqlarından birinə çevrilə bilər.
Prezident İlham Əliyevin 11 avqust 2026-cı il tarixli Naxçıvan səfəri zamanı diqqət mərkəzində olan layihələr də göstərir ki, söhbət yalnız bir dəmir yolu xəttinin bərpasından getmir. Burada nəqliyyat infrastrukturunun sənaye, logistika, ticarət və investisiya imkanları ilə əlaqələndirildiyi daha geniş iqtisadi inkişaf modelinin infrastrukturu formalaşır.
Zəngəzur dəhlizi, Naxçıvan-Culfa-İran bağlantısı, Qars-İğdır-Naxçıvan dəmir yolu perspektivi, Naxçıvan Sənaye Parkı və yenilənən regional infrastruktur bir-birini tamamlayan sistemin elementləridir.
Bu sistem tam formalaşdıqda Naxçıvanın iqtisadi xəritədə yeri də dəyişə bilər: muxtar respublika son nöqtədən keçid nöqtəsinə, lokal bazardan regional iqtisadi mərkəzə, nəqliyyat məhdudiyyətlərindən isə beynəlxalq dəhlizlərin yaratdığı geniş imkanlara doğru yeni inkişaf mərhələsinə qədəm qoya bilər. Bu, Naxçıvan üçün, sadəcə, yeni yolların açılması deyil. Bu, yeni nəqliyyat xəritəsinin və onun üzərində formalaşacaq yeni iqtisadi coğrafiyanın başlanğıcıdır.

                                                                                                Şahin Əliyev
                                                                               Naxçıvan Dövlət Universiteti
                                                                             Tədris Departamentinin direktoru

Nəşr edilib : 20.08.2026 15:22