NAXÇIVAN :

08 Noyabr 2024, Cümə

Naxçıvan Muxtar Respublikası  Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin kollektivi Vətən oğullarının əziz xatirəsini ehtiramla yad edib, şəhid məzarlarını və şəhid ailəsini ziyarət edib

...

Vətən müharibəsinin başladığı tarix, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə təsis olunan 27 sentyabr – Anım Günündə ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimiz böyük ehtiramla yad olunur. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 
mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, kollektiv bu gün Kəngərli rayonunun Qıvraq qəsəbə, Böyükdüz, Xok, Şahtaxtı, Qabıllı, Qarabağlar kənd qəbiristanlıqlarında şəhid məzarlarını ziyarət ediblər. I və II Qarabağ müharibəsində, Sədərək döyüşlərində, Vətənimizin bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə şəhid olan igidlərimizin məzarları önünə gül dəstələri qoyulub, dualar oxunub, Vətən oğullarının əziz xatirəsi minnətdarlıqla yad edilib.
Ziyarət zamanı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Kəngərli rayonunun Böyükdüz kəndində Vətən müharibəsi şəhidi Yüzbaşıyev İsmayıl Fəzail oğlunun ailəsinə baş çəkib.
Ziyarət zamanı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıb, dövlətimizin şəhid və qazi ailələrinə, müharibə veteranları və əlillərə xüsusi həssaslıqla və qayğı ilə yanaşdığını qeyd edib. 
Vətən müharibəsi şəhidi İsmayıl Yüzbaşıyevin ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan və şücaətindən danışıblar.
Xatırladaq ki, şəhid Yüzbaşıyev İsmayıl Fəzail oğlu 1997-ci il aprelin 1-də Kəngərli rayonunun Böyükdüz kəndində anadan olub.  Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İsmayıl Yüzbaşıyev Vətən müharibəsi zamanı xüsusi təyinatlı bölmənin radiotelefonçusu kimi döyüş tapşırıqlarını yerinə yetirib. 2020-ci il noyabrın 9-da Şuşa şəhəri istiqamətində gedən ağır döyüşlərdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “İgidliyə görə”, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Nəşr edilib : 27.09.2024 20:31