NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Naxçıvan Dövlət Universitetinin tələbəsi beynəlxalq sertifikat qazanıb

...

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin Tibb ixtisası üzrə 5-ci kursunda  təhsil alan Babək Bəhrami Amerika Ürək Assosiasiyasının (AHA) təşkil etdiyi EKQ təhlili proqramını başa vurub. İmtahandan uğurla keçərək beynəlxalq sertifikat qazanan Babək Bəhrami “Şərq qapısı” qəzetinin redaksiyasında qonağımız oldu. 
Müsahibimiz bildirdi ki, həmişə  kardiologiyaya marağı olub. Deyir ki, dərslərimlə yanaşı, imkan olduqca kardiologiyaya aid kitablar oxuyub. Hər gün bu sahə ilə müəyyən araşdırmalar edib biliklərini artırıb: – Kardiologiyada elektrokardioqrafiya daha çox marağımı çəkir. Kardiologiya fənnini biz dördüncü kursda keçmişik. Artıq o zaman EKQ təhlilində mənim müəyyən qədər bacarığım var idi. Çünki ikinci kursda oxuyarkən mən EKQ ilə maraqlanırdım. Özümü həmişə  bu sahə üzrə yüksək bilgili olmağa hazırlayıram. Elektrokardioqrammada özümü irəliyə aparmağa cəhd edirəm. Biləndə ki, EKQ sahəsi üzrə Azərbaycan dilində kitab yoxdur, bu məni məyus etmişdi. Ona görə də çalışıram ki, mütəxəssis müəllimlərim ilə birlikdə bir kitab da nəşr etdirim. Hazırda kardiocərrahiyyənin bir sahəsi olan Koronar Arteriya Baypass Greftləmə haqqında bir kitab hazırdır və redaktə olunması üçün müvafiq mütəxəssis müəllimimə verilib. 
Babək deyir ki, bu sahə üzrə araşdırmalar apardıqca, öyrəndim ki, Amerika Ürək Assosiasiyasında (American Heart Accocation) müxtəlif proqramlar, kurslar vardır. Bu kursların yekununda imtahan tutulur və imtahanı uğurla tamamlayan tələbələrə sertifikatlar təqdim olunur. Müsahibim onu da diqqətimizə çatdırır ki, bu imtahanlardan əlavə imtahanlar da təşkil edilir ki, bu sertifikat aldığımız imtahandan daha çətin olur. Həmin  imtahanları keçmək üçün isə əlavə bilgilərə daha çox ehtiyac duyulur. İmtahanı uğurla keçənlərə isə artıq təlimçi serifikatları təqdim edilir. Əlavədən isə başqa bir elektron kartlar və provayder kartları da olur ki, həm provayder kartı qazanmaq,  instraktr imtahanından keçdiyim üçün mənə həm də Amerika Medikal Assosiasiyasından (AMA) bir kredit PRA kateqoriyasında bal verildi. Bu kredit isə mən uzman olduğum zaman elmi dərəcəmin yüksəlməsinə yardım edəcək. Amerika Ürək Assosiasiyasından aldığım bu sertifikat EKQ təhlil bacarığının qızıl standartıdır. Onu da deyim ki, iştirak etdiyim proqram əsaslı “Təlimçi” olmaq hüququnu qazandırdı və bu da məndə universitetimizdə həmin proqram əsaslı tibb tələbələri üçün ödənişsiz kurslar keçməyin arzusunu yaratdı. 
Babəkin sözlərinə görə bu assosiasiyadan hər hansı bir nəticə əldə etmək çox çətindir. Qazandığı nəticə isə onu təbii ki, çox qürurlandırır. Bundan əvvəl də  müxtəlif proqramlara qoşulub. Və nəticədə, hər birindən əldə etdikləri ona uğurla addımlamağa kömək edib və yenə bu sahədə müxtəlif kateqoriyalarda imtahanlara və kurslara girməyin istək və arzusunu artırıb.
Biz də Babəkə sevgi  ilə çalışdığı elm yolunda uğurlar arzulayırıq.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 12.04.2025 09:38