NAXÇIVAN :

13 Aprel 2025, Bazar

Naxçıvan Dövlət Universitetində ustad dərsləri keçilib

...

Naxçıvan Dövlət Universitetində ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102, Naxçıvan Muxtar Respublikasının yaranmasının 101 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı çərçivəsində münsiflər heyəti tələbələr üçün ustad dərsi keçiblər.
Azərbaycan Respublikasının Xalq artistləri Mübariz Tağıyev və Gülyanaq Məmmədova ilə ali təhsil ocağının İncəsənət fakültəsində görüş keçirilib. Universitetin Orkestr alətləri və dirijorluq kafedrasının müdiri Mübariz Əsgərov qeyd edib ki, hər iki sənətkarın yaradıcılığı Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yer tutur, onların zəngin repertuarları, əsrarəngiz ifaları yaddaşlara həkk olunub. Görüş zamanı Xalq artistləri Mübariz Tağıyev və Gülyanaq Məmmədova bildiriblər ki, Azərbaycan musiqisi çoxəsrlik inkişaf tarixinə, zəngin ənənələrə malikdir. Musiqimizin hər bir sahəsində incəliklər  dərindən mənimsənilməli və doğru təqdim edilməlidir. 
Universitetin Elmi kitabxanasında Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş olub. Görüşdə universitetin Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarov nasir, şair, tərcüməçi, kinodramaturq Baba Vəziroğlunun yaradıcılığı haqqında danışıb. Bugünkü görüşün hər kəs üçün xoş təəssürat oyatdığına əminlik ifadə olunub. Diskussiya formatında davam edən görüşdə Baba Vəziroğlu müəllim və tələbələrin suallarını cavablandırıb. 
Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova ilə ustad dərsi universitetin İdman Kompleksində baş tutub. Təranə Muradova NDU-nun və universitetin nəzdində Musiqi Kollecinin tələbələrinin musiqi və rəqs bacarıqlarını qiymətləndirib, əyani şəkildə həm elementlər, həm də rəqslər nümayiş etdirib, iştirakçıların suallarını cavablandırıb.
Qarabağ Universitetinin İncəsənət fakültəsinin İfaçılıq və musiqi müəllimliyi  kafedrasının müdiri Arslan Növrəsli ilə universitetin İncəsənət fakültəsində görüş olub. Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin direktor müavini Fətəli Axundzadə və Xalq çalğı  alətləri  kafedrasının kafedra müdiri əvəzi İsmayıl Mürsəlov Arslan Növrəslinin fəaliyyəti və yaradıcılığı haqqında danışıb. Musiqinin bütün janrlarını – klassik, caz, xalq mahnılarını daim öz kompozisiyalarında tətbiq edən Arslan Növrəsli xüsusilə tarın çoxşaxəliliyi barədə incəliklərə diqqət çəkib, müasir yanaşmalar improvizasiya üsulu ilə ifa və digər başlıqlarda məlumatlar bölüşüb, həmçinin universitetin və NDU nəzdində Musiqi Kollecinin müəllim və tələbələrinin suallarını cavablandırıb.

Nəşr edilib : 12.04.2025 20:52