NAXÇIVAN :

08 Oktyabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində I kurs tələbələrinə ilk dərsi şəhid ailələri və qazilər keçib

...

Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, ali təhsil müəssisəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsi daim uca tutulur. Bildirilib ki, universitetdə şəhid ailələri və qazilərlə görüşlərin təşkili artıq ənənə halını alıb. Qeyd olunub ki, universitet məzunları arasında şəhidlik zirvəsinə ucalan tələbələrin xatirəsinə həsr olunan, həmin qəhrəmanların adına auditoriyalar istifadəyə verilib. Vurğulanıb ki, bugünkü görüşün  məqsədi  şəhidlərin şərəfli ömür yolu ilə tələbələri yaxından tanış etməkdir. 
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası  Mais Gülməmmədov çıxış edərək dövlətin şəhidlərə, şəhid ailələrinə göstərdiyi qayğını və dəstəyi yüksək qiymətləndirib. Həmçinin qeyd edilib ki, universitetdə belə tədbirlərin mütəmadi olaraq  keçirilməsi tələbələr, müəllimlər və şəhid ailələri üçün qürurverici haldır. O vurğulayıb ki, hər bir şəhid valideyni auditoriyalarda tələbələrə  öz övladının keçdiyi döyüş yolu, göstərdiyi şücaət barədə məlumatlar verərək, gənclərə vətənpərvərlik ruhu aşılayacaqlar. 
Tədbirdə “Naxçıvan Qazilər” İctimai Birliyinin sədri,  qazi Cehun Bayramov qeyd edib ki, ölkədə qazilərə göstərilən dövlət qayğısının bariz nümunəsi olaraq Naxçıvan Dövlət Universitetində qazilərin gənclərlə görüşlərinin davamlı keçirilməsini göstərmək olar. 
Qeyd edək ki, universitetin 12 fakültəsində 47 şəhid ailəsi və qazi I kurs tələbələrinə ərazi bütövlüyü və suverenliyimiz uğrunda canlarından keçən övladlarının həyatından, döyüş yolundan danışıblar. Onlar gənclərimizi milli və vətənpərvər ruhda yetişməyə, savadlı kadr kimi formalaşıb dövlətə sədaqətlə xidmət etməyə səsləyiblər.

Nəşr edilib : 16.09.2024 19:10