NAXÇIVAN :

16 Yanvar 2025, Cümə axşamı

Naxçıvan Dövlət Universitetində 2025-ci ilin ilk IELTS imtahanı keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, 2022-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Universitetinin IELTS qeydiyyat və imtahan mərkəzi Azərbaycanın ali təhsil müəssisələri arasında ilk belə nümunədir. Mərkəz ingilis dili biliklərinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsini təmin etməklə yanaşı, namizədləri qlobal səviyyədə tanınan sertifikatlarla təmin edir. Həmçinin müəssisədaxili akkreditasiya və attestasiya proseslərində də mühüm rol oynayır. Fəaliyyətə başladığı dövrdən indiyədək mərkəz tərəfindən 11 imtahan keçirilib və bu imtahanlarda 250-dən çox iştirakçı qatılıb ki, onların böyük hissəsini universitetin müəllim və tələbələri təşkil edir.
2025-ci il yanvarın 15-16-da Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində növbəti IELTS imtahanı təşkil olunub. İmtahan həm General IELTS, həm də Akademik IELTS üzrə keçirilib və ümumilikdə, 19 nəfər iştirak edib. Namizədlərin dinləmə, oxu və yazı bacarıqları yanvarın 15-də, danışıq bacarıqları isə yanvarın 16-da qiymətləndirilib. İmtahan prosesində oxuma və dinləmə bölmələrinin sualları Britaniya Şurası tərəfindən hazırlanıb. Yazı və danışıq mərhələlərində istifadə olunan materialların tərtib olunması da bu qurumun məsuliyyətində olub.
Eyni zamanda Naxçıvan Dövlət Universiteti, Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında bağlanmış üçtərəfli sazişə əsasən IELTS imtahanında universitetin elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların  ümumi ortalama minimum 6.5 bal və daha yuxarı nəticə göstərənlərə ödənişlərin geri qaytarılması təmin ediləcək. 
Mərkəzin fəaliyyəti “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində atılmış vacib addımlardandır. Bu fəaliyyət gələcəkdə universitetdə daha çox və müxtəlif sahələr üzrə ingilis dili ixtisaslarının açılmasına, eləcə də kadr potensialının inkişafına töhfə verəcək. Belə bir mərkəzin fəaliyyəti, universitetin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasında və regionda ingilisdilli təhsilin inkişafında mühüm rol oynayır.

Nəşr edilib : 16.01.2025 16:47