NAXÇIVAN :

18 Yanvar 2025, Şənbə

Naxçıvan Dövlət Universitetində 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35 illiyinə həsr olunmuş tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, tədbirdə əvvəlcə 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35 illiyinə həsr olunmuş sərgiyə baxış keçirilib. Universitetin İncəsənət fakültəsinin “Təsviri incəsənət müəllimliyi”, “Dizayn”, “Rəngkarlıq” ixtisasları üzrə təhsil alan tələbələrin 20 Yanvar faciəsini müxtəlif aspektlərdən işıqlandıran 50-ə yaxın sənət əsərinin nümayişi böyük maraqla qarşılanıb.
Naxçıvan Dövlət Universitetində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Naxçıvan Dövlət Universitetin rektoru Elbrus İsayev çıxışında bildirib ki, 1990-cı il 20 Yanvar hadisəsi Azərbaycan xalqının milli azadlıq uğrunda apardığı mübarizənin unudulmaz səhifəsidir. Qeyd olunub ki, şəhidlərin qəhrəmanlığı milli iradəmizin və xalqımızın sarsılmaz birliyinin təcəssümüdür: “20 Yanvar yalnız faciə deyil, həm də xalqımızın azadlıq uğrunda yenilməz iradəsini dünyaya nümayiş etdirən şərəfli tarixdir. Şəhidlərin qəhrəmanlığı bugünkü və gələcək nəsillər üçün əbədi örnək olacaq.” Rektor vurğulayıb ki, faciənin yaratdığı ağrı və iztirab xalqımızın mübarizə ruhunu daha da gücləndirdi və bu iradə İkinci Qarabağ müharibəsində parlaq qələbə ilə öz təsdiqini tapdı. “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü dövlət və güclü ordu strategiyası, eləcə də xalq-ordu birliyi Azərbaycan xalqının öz torpaqları və suverenliyi uğrunda hər zaman qətiyyətlə mübarizə aparmağa hazır olduğunu sübut etdi” , – deyə Elbrus İsayev qeyd edib. Rektor şəhidlərə Allahdan rəhmət, qazilərə və o dövrün mübarizə iştirakçılarına cansağlığı arzulayıb.
Universitetin “Azərbaycan tarixi” kafedrasının müəllimi Nuray Hacıyeva çıxış edərək 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, bu hadisə xalqımızın azadlıq mübarizəsində dönməz iradəsini nümayiş etdirdi və müstəqillik yolunda mühüm bir mərhələ oldu. Nuray Hacıyeva şəhidlərin qəhrəmanlığını böyük ehtiramla yad edərək onların Azərbaycan tarixində əbədi olaraq xatırlanacağını vurğulayıb.
Şəhid Abbasəli Nəzərəliyevin övladı Şövkət Nəzərəliyeva çıxışında atasının 1990-cı il 19 yanvar gecəsində şəhid olduğunu qeyd edib. O bildirib ki, Abbasəli Nəzərəliyev ölkənin azadlığı və suverenliyi uğrunda mübarizədə öz həyatını qurban verənlərdən biri olub. Şövkət Nəzərəliyeva atasının cəsarət və qəhrəmanlıq dolu həyat yolunun onun üçün hər zaman qürur mənbəyi olduğunu vurğulayıb. 
Tələbə Gənclər Təşkilatının sədri Kamal Nağılı çıxışında 20 Yanvar şəhidlərinin qəhrəmanlığını gənclər üçün böyük bir örnək kimi dəyərləndirib. O vurğulayıb ki, azadlıq və vətən sevgisi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi hər zaman gənc nəsillərin qəlbində yaşayacaq və onların mübarizə ruhuna ilham verəcək.
Tədbir çərçivəsində 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35 illiyinə həsr olunmuş NDU Tələbə Teatr Studiyasının “Belkanto” vokal qrupu ilə birgə hazırladığı “Qan yaddaşı və haqqın zəfəri” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Sonda Azadlıq hərəkatından zəfərə gedən yol mövzusunda videoçarx izlənilib.
Daha sonra Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Suverenliyimizi təmin edənlər” şərəf lövhəsinin açılış mərasimi keçirilib. NDU-nun Kadr və Ümumi İşlər Şöbəsinin müdiri Əziz Qasımov təqdimatında bildirib ki, lövhədə I və II Qarabağ müharibələri zamanı 480 şəhidin adı, soyadı, ata adı və şəhid olduqları tarix yer alır. Rektor Elbrus İsayev qeyd edib ki, “Suverenliyimizi təmin edənlər” şərəf lövhəsi Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinə ehtiramın təcəssümüdür. Vurğulanıb ki, lövhədə əks olunan adlar təkcə tariximizin bir hissəsi deyil, həm də gələcək nəsillərə qəhrəmanlıq nümunəsidir.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mais Gülməmmədov, Naxçıvan Qaziləri İctimai Birliyinin sədri Cehun Bayramov qeyd ediblər ki, bu cür tədbirlər şəhidlərimizin fədakarlıqlarını əbədiləşdirmək və onların ailələrinə olan ehtiramı bir daha nümayiş etdirmək baxımından olduqca əhəmiyyətlidir. 
Qeyd edək ki, bu gün Naxçıvan Dövlət Universitetində keçirilən ilk dərslər 20 Yanvar –Ümumxalq Hüzn Gününə həsr olunub. Dərslər zamanı tələbələrə 1990-cı il 20 Yanvar hadisələrinin tarixi əhəmiyyəti barədə geniş məlumat verilib. Şəhidlərimizin qəhrəmanlığı, onların Azərbaycanın müstəqilliyi uğrunda göstərdikləri şücaət, bu faciənin xalqımızın azadlıq mübarizəsində dönüş nöqtəsi olması xüsusilə vurğulanıb.

Nəşr edilib : 17.01.2025 18:34