NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Naxçıvan Dövlət Filarmoniyası Türkiyədə konsert proqramı ilə çıxış edib

...

18 oktyabr – Müstəqilliyin Bərpası Günü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı Türkiyə Respublikasının İğdır şəhərində konsert proqramı ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və İğdır-Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutan konsert proqramı İğdır Mədəniyyət Mərkəzində təşkil edilib.
Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Həsən Seyidov, İğdır valisi Ercan Turan, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşı Gülçin Dünyamaliyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli və digər hökumət nümayəndələrinin iştirak etdiyi tədbir Türkiyə və Azərbaycan himnlərinin səsləndirilməsi ilə başlayıb. 
Daha sonra çıxış edənlər tədbirin əhəmiyyətini vurğulayaraq Azərbaycan-Türkiyə qardaşlığının tarixi bağlarından bəhs edib, keçirilən tədbirin əhəmiyyətini diqqətə çatdırıblar.
Musiqili gecədə Əli Səlimlinin “Sizə salam gətirmişəm”, Xan Şuşinskinin  “Şuşanın dağları”,  Üzeyir Hacıbəylinin “Çırpınırdı Qaradəniz”, Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə” və digər mahnı və rəqslər ifa edilib.
Filarmoniyanın solistləri Zülfiqar Mahmudov, Nərmin Hüseynova, İlkin Abdullayev, Əfsanə Babayeva tərəfindən səsləndirilən əsərlər, həmçinin rəqs qrupunun çıxışları qardaş ölkənin sənətsevərləri tərəfindən alqışlarla qarşılanıb.

Nəşr edilib : 19.10.2024 09:53