NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Naxçıvan DİN reyd keçirib

...

Naxçıvanda  küçə və prospektlərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, xüsusilə baş verə biləcək yol nəqliyyat hadisələrinin  qarşısının alınması məqsədilə sürücü və piyada intizamının artırılmasına yönəlmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir. 
Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol  Polisi İdarəsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif nöqtələrində sürücülük hüququ olmadan nəqliyyat vasitələrini idarə edən, piyadalara yol verməyən, təhlükəsizlik kəmərindən istifadə etməyən, normativ tələblər pozulmaqla avtomobillərə avadanlıq quraşdıran və ya dəyişdirən, dayanma və durma qaydalarına əməl etməyən sürücülərin, həmçinin piyada keçidlərindən istifadə etməyən piyadaların  maarifləndirilməsi məqsədi ilə tədbirlər təşkil edilib.
"Şərq qapısı" xəbər verir ki, reyd zamanı dayanma-durma qaydalarını kobud şəkildə pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb və onlarla maarifləndirici söhbətlər aparılıb.
Tədbir zamanı yol polisləri Naxçıvan şəhəri ərazisində piyada keçidlərindən düzgün istifadə etməyən şəxslərlə də maarifləndirici söhbətlər aparıb, piyadalar və digər hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə ətraflı məlumatlandırıb, hər bir yol hərəkəti iştirakçısını cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu məsələdə həmrəy olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıblar.
Yollarda sürücülərin və piyadaların  təhlükəsizliyinin təmin olunması məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək.

Nəşr edilib : 06.11.2024 17:09