NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Müzəffər xalqa yaraşan Zəfər və ya 200 illik ədalətsizliyə son qoyan 44 gün

...

Azərbaycan xalqı 200 ilə yaxın müddətdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, səbatsızlığı ucbatından müxtəlif xarici siyasi dairələrin ideoloji təhdidlərinin, şəxsi maraqlarının əsas hədəfinə çevrilərək torpaqlarını qarış-qarış itirirdi. “Böyük Ermənistan” yaratmaq amalı ilə qəbul olunan bu ədalətsiz hökmə, nəhayət ki, 90-cı illərdə xitam verildi, ölkəni əbədi uçuruma sürükləyən daxili, xarici təxribatların qarşısı alındı. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti sayəsində ölkəmizdə siyasət xalqın mənafeyinə – dövlətçiliyin möhkəmləndirilməsi, respublikanın inkişafı və itirilən ərazilərin yenidən geri qaytarılmasına yönəldi. Azərbaycançılıq ideologiyası üzərində gənclərlə aparılan iş, beynəlxalq nəqliyyat marşrutlarına, ticarət xəttinə qoşulmaqla gücləndirilən iqtisadiyyat və bunların müqabilində reallaşdırılan ordu quruculuğu tədbirləri sayəsində hərbi qüdrətin artırılması ilə Azərbaycan hərtərəfli müstəqillik əldə etdi, regionda söz, nüfuz sahibinə çevrildi...
Ulu Öndər yolunun ən böyük təntənəsi isə məhz 2020-ci ilin 44 günündə yaşandı. Sentyabrın 27-də Cəbrayıl, Füzuli istiqamətində başlanan zəfər yürüşümüz noyabrın 8-də Şuşada tarixi Qələbə ilə taclandırıldı. Noyabrın 10-da kapitulyasiya aktına qol çəkməklə Ermənistan nəinki öz biabırçı məğlubiyyətini, onu dəstəkləyən havadarlarının həm siyasi, həm də hərb meydanında Cənubi Qafqazın liderinə uduzduğunu rəsmi şəkildə etiraf etmiş oldu. Bəli, bütün təzyiqlərə və haqsız müdaxilələrə baxmayaraq, Azərbaycan 30 ildir, kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin praktiki icrasını özü təmin etdi. Heç kimdən asılı, heç kimə boyunduruq olmadan. Beləliklə, Müzəffər Ali Baş Komandan qüdrətli ordusu ilə 200 illik tarixi ədalətsizliyə son qoymaqla Ulu Öndərin vəsiyyətini yerinə yetirdi, tarixi, əzəli torpaqlarımızı azadlığına qovuşdurdu. Dövlət başçısının noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində dediyi kimi: “Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə tarixi Zəfərimiz hüquqi cəhətdən də əbədiləşdirildi, Şuşa şəhərinin işğaldan azad edilməsinin qələbəmizdəki müstəsna rolu nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə qalib ordunun Müzəffər Ali Baş Komandanı Şuşa şəhərində üçrəngli bayrağımızı əbədi yüksəkliyə ucaltdı.
Tarixə qızıl hərflərlə yazılan 2020-ci ilin 44 gününə aparan yol, Böyük Qələbəni şərtləndirən amillər kifayət qədərdir. Ən həlledici məqam, şübhəsiz ki, dövlət başçısının rəhbərliyi ilə güclü, nizami hərbi birləşmələrin formalaşdırılması istiqamətində reallaşdırılan ordu quruculuğu siyasətidir. Bu xüsusda müdafiə sənayesinin inkişafı, ən yeni texnika və texnologiyalarla təminatla yanaşı, milli kadr potensialının artırılması, döyüş hazırlığının yüksəldilməsi də əsas prioritet məsələ kimi diqqət çəkir. Çünki Qalib Liderin də dediyi kimi, nə qədər güclü texnika, texnologiya olsa da, bayrağı qaldıran, bayrağı azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. O, sinəsini önə verərək döyüşür, o, Vətən uğrunda gözünü qırpmadan şəhidlik şərbətini içir. Bu mənada, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi dövlətin milli ideologiya, Azərbaycançılıq ideologiyasının əsas təntənəsi kimi, 44 gündə özünü ən bariz şəkildə göstərdi. Misilsiz Qələbədə XXI əsrin gənclərinin rolu mühüm, həlledici oldu. Ölkə başçısı da çıxışlarının birində bu məqama xüsusi toxunaraq deyib: “Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənc­lər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər”. Bəli, vətənpərvər ruhda yetişən qətiyyətli Azərbaycan əsgər və zabiti 44 gün ərzində bir addım belə geri çəkilmədi, ancaq “İrəli, irəli” sədaları ucaldı Vətən torpaqlarında. Düşmənin keçilməz sandığı Füzuli səddini yarıb keçən möhkəm iradəli oğullarımız dağlar aşıb, sıldırım qayalardan dırmanaraq Şuşa qalasına qalxdılar, mənfur düşməni əlbəyaxa döyüşdə məhv edib tarix kitablarından heç zaman silinməyəcək qəhrəmanlıq dastanı yazdılar. Bu qəhrəmanlıq salnaməsində ölkəmizin bütün bölgələrinin, o cümlədən Naxçıvanın mərd oğullarının da əvəzsiz, danılmaz payı vardır.
Böyük Qələbəni yaxınlaşdıran ən vacib amillərdən biri də, təbii ki, “dəmir yumruq” ətrafında sıx birləşən xalqımızın həmrəyliyi, birliyi oldu. Sentyabrın 27-dən etibarən peşəsindən, mövqeyindən asılı olmayaraq, böyükdən-kiçiyə hər bir azərbaycanlının ürəyi cəbhə ilə döyünür, hər kəs məğrur oğullar üçün, zəfər naminə əlindən gələni əsirgəmirdi. Müzəffər Ali Baş Komandan həm cəbhədə gedən döyüşləri koordinasiya edir, xalqımıza zəfər müjdələri verir, həm də xarici jurnalistlərin suallarına müfəssəl şəkildə aydınlıq gətirir, xüsusən də apardığımız ədalətli müharibəyə düşmən mövqeyindən yanaşan media nümayəndələrini, Qərb siyasi dairələrini tutarlı cavablarla yerinə oturdurdu. Bir sözlə, Azərbaycan təkcə Ermənistana qarşı əks-hücum əməliyyatı keçirmir, həm də xalqımıza yönələn siyasi, iqtisadi, sosial, mənəvi hücumlara qarşı da döyüşürdü, mübarizə aparırdı. 
“Bir ana olaraq mənim üçün çox çətindir. Evimin tək oğlu idi. Vətən sağ olsun, oğlum Vətən yolunda şəhid oldu”. “Az, amma qürurlu və mərd yaşadı. On oğlum olsa, onunu da Vətənə qurban verərdim. Təki, Vətən sağ olsun”. Övladları Vətən yolunda canından keçən anaların dilindən səslənən onlarla belə ifadələr xalqımızın mübarizə əzminin necə əyilməz, birliyinin, həmrəyliyinin sarsılmaz olduğunu, hər bir azərbaycanlı üçün Vətən torpağının həyatda hər şeydən, candan belə üstün tutulduğunu bütün dünyaya sübut etdi.
Vətən müharibəsində qazanılan tarixi Zəfərin böyüklüyü həm də ondadır ki, bu sayədə  Ağdam, Kəlbəcər və Laçının azadlığı bir güllə atılmadan, qan tökülmədən siyasi yolla həllini tapdı. Ölkə başçısının siyasi iradəsi ilə üçtərəfli Bəyanata salınan müddəalar öncə sülhün təmininə, daha sonra isə mərhələli şəkildə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası üçün zəmin yaratdı. Ötən il sentyabrın 19-20-də Ermənistana növbəti ədalət dərsi keçən Azərbaycan qalib ölkə olmaqla yanaşı, suveren dövlət kimi də hüququnu özü təmin etdi. Qarabağda özbaşınalıq edən separatçıların kökünü kəsməklə “dəmir yumruğ”un yerində olduğunu bir daha başıpozuq xunta rejiminə və onun havadarlarına göstərdi. Bu il Rusiya sülhməramlılarının ərazilərimizi tamamilə tərk etməsi, Qazaxın 4 kəndinin dinc yolla geri qaytarılması məhz tarixi Zəfərimizin töhfələri kimi məxsusi əhəmiyyət daşıyır. Azərbaycan iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesini başlatmaqla artıq növbəti siyasi qələbəni – sülhü də addım-addım yaxınlaşdırır.
Misilsiz Qələbədən ötən dövrdə Azərbaycan dövləti işğaldan azad olan torpaqlarımıza Böyük Qayıdış siyasətini uğurla həyata keçirir, Qarabağ torpağının hər qarışına həyat qayıdır, soydaşlarımız öz yurdlarına geri dönür, bayram tonqalları qalanır, təhsil, səhiyyə, mədəniyyət sahələri dirçəldilir, xalqımızın ən qiymətli sərvətləri olan milli-mənəvi dəyərlərimiz, tarixi abidələrimiz bərpa olunur. Zəngilanda, Füzulidə, Laçında, Şuşada, Xocalıda, Xankəndidə, Qazaxın 4 kəndində dalğalanan, müstəqilliyimizin, ərazi bütövlüyümüzün rəmzi sayılan üçrəng­li bayrağımız dostumuza fəxarət, düşmənimizə gözdağı verir. Dünyada yaşayan bütün azərbaycanlılar həmrəyliyin, birliyin töhfəsi hesab edilən bu qalibiyyəti bizə yaşadan Ulu Öndər siyasətinin layiqli davamçısı Ali Baş Komandana böyük hörmətlə, etimadla, şəhidlərimizin əziz xatirəsinə ehtiramla, tarixi torpaqlarımızın azad olunduğu tarixləri, Dövlət Suverenliyi, Zəfər günlərini böyük təntənə ilə qeyd edir. Bu gün möhtəşəm zəfərin nişanələri həyatımızın hər anındadır, bu qələbə bizə çalışmaq, yaratmaq əzmi aşılayır, könlümüzü daim qürur hissi ilə doldurur.  Prezident cənab İlham Əliyevin də dediyi kimi, Zəfər adı xalqımıza çox yaraşır, bu Qələbəyə hər zaman layiq olmalıyıq: “Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq”. 
Qələbən əbədi, Zəfərin mübarək olsun, Azərbaycan!

Nail ƏSGƏROV

Nəşr edilib : 07.11.2024 23:57