Kəmaləddin Heydərov Qazaxıstan FHN-in bir qrup əmə...
21:48 05.01.2025
0
0
0
NAXÇIVAN :
06 Yanvar 2025, Bazar ertəsi
Zəfərin beşinci ildönümü astanasında
Yeni ilə, yeni ümidlərə qədəm qoyanda qeyri -ixtiyari ötən günləri xatırlayır insan...Yeni yollar, yeni üfüqlər açıldıqca qarşımızda yada düşür keçmiş arzular, gerçəyə dönən xəyallar. Bəli, biz xalq olaraq müstəqillik qazandığımız ilk ildən ta ki 2020-ci ilə kimi, hər il arzularımızın ilki gələn il bu vaxt Qarabağ azad olar arzusu olub. Bu xalq nə az, nə çox düz 29 il bu arzu ilə ili başa vurub gələn ili qarşıladı... Ümidlə, səbirlə gözlədik, gücləndikcə ümidlərimiz də artdı. Ali Baş Komandana, ordumuza inanıb səbir etdik. Və həmin gün, ilk müjdəni aldığımız gün bu xalq elə bir sevinc yaşadı ki, ürəyimizdəki fərəh göz yaşına dönüb şəhid məzarlarına axdı. Bu il şanlı qələbənin beşinci ildönümünü şərəflə qeyd edəcəyik. Çünki bu xalq artıq beş ildir ki, Qarabağımızın necə çiçəkləndiyinə şahid olur. Hər səhər öz yurduna dönən insanların sevincini görürük, Şuşada bitən xarıbülbülün ətrini duyuruq, Ağdamda bütün daşların öz yerinə oturduğuna şahid oluruq, Zəngilandan gələn körpə, Xocalıda çalınan toy səsini duyuruq. Qafqazın cənnətinə dönən Ağdamın ağ günlərini, dağlar cənnəti Kəlbəcərin gözəlliyini seyr edirik.Torpağına dönən insanlar suverenliyimizin bərpası, torpaqlarımızın azadlığı üçün canından, sağlamlığından keçən, döyüş meydanında qəhrəmanlıq göstərən hər bir hərbçiyə, Ali Baş Komandanına minnətdardır. Yeni ili öz evində qarşılayan şuşalı, ağdamlı, xocalılılar öz ocağında çırağını alovlandıranda bu Vətən üçün canından keçən oğulların da ruhu şad olur.
Onlar doğma yurduna qayıdır
Tarix bir çox xalqlar arasında müharibələrə şahid olub. Bu savaşların aparıldığı ölkələrin döyüşlərdən sonra hələ uzun müddət problemlər yaşadığı tarixdən bir çoxumuza məlumdur. Tarixi faktlar sübut edir ki, SSRİ kimi nəhəng bir dövlət İkinci Dünya müharibəsindən sonrakı çətinliklərin öhdəsindən qısa zamanda gələ bilməyib.44 günlük Vətən müharibəsində tarix yazan Azərbaycan dövləti sonrakı dövrdə də bu sahədə dünyaya nümunə göstərdi. Ordumuzun şanlı qələbəsinin davamı olaraq Qarabağ hərb meydanından quruculuq meydanına döndü. Torpaqlarımızı xarabaya çevirməklə kifayətlənməyən düşmən hər qarışa mina döşəmişdir. Lakin bütün bunlara baxmayaraq, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə doğma torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycanın müharibədən sonra cəmi bir il ərzində misilsiz bərpa-quruculuq işlərinə başlaması dünyanı heyrətə gətirdi. Həm də bu işləri dövlətimiz heç kimdən kömək istəmədən həyata keçirir. Kimsədən yardım almadan.
"Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il, təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır". Bu fikirləri yeni ilə qədəm qoymağımıza dəqiqələr qalanda - 2024-cü ilin son günü, 31 dekabr gecəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səsləndirəndə hər kəs bir daha əmin oldu ki, Qarabağ əbədi Azərbaycan torpağıdır və onun gələn günləri daha da gözəl olacaq. Hər bir vətəndaşın qəlbində gələcəyə ümid işığı yandı bir daha.
Biz artıq hər gün səhər "Laçına, Şuşaya, Zəngilana köç davam edir" xəbərlərini eşidir, oxuyuruq. Biz artıq işğaldan keçən yox, qələbədən ötən illəri sayırıq. Və nə xoş bizə ki xalqımızın xoş günlərini qələmə alır, Zəfər yolundan keçib-gedən köç karvanından, ucsuz - bucaqsız zəmilərdə boy göstərən sarı sünbül dənizindən, yaşıllığı ilə gözoxşayan çinar meşələrindən bəhs edə bilir, Füzuliyə, Zəngilana enən təyyarədə "Qarabağa xoş gəlmişsiniz!" sədasını eşidə bilirik. Və bütün bunlar bizi bir daha əmin edir ki, “Konstitusiya və Suverenlik İli” də bütöv Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunacaq.
Ramiyə Əkbərova
Digər xəbərlər