“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Elə ilin bu vaxtları idi, söz vaxtına çəkər. Havalar vaxtından tez soyuyurdu nədənsə. Son iki il idi, ağaclar nə vaxt çiçək açır, nə vaxt yarpağını tökürdü bilmirdik. Müharibə gedirdi sərhədlərimizdə, sakinlərinin gününün çoxu çörək, neft növbələrində keçirdi. Düşmən sərhədboyu hücumlar edir, Sədərəkdə isə, demək olar ki, silahlar gecə-gündüz susmurdu. Silahlar deyəndə ki, düşmən təpədən dırnağa silahlanmışdı, bizim könüllü dəstələrdə ov gülləsi var idi, sadəcə. Naxçıvan polis və könüllülərlə qorunurdu. Ordu yox idi. Çünki 70 illik əsarətdə sərhədimiz tərkibində bir dənə belə azərbaycanlı əsgər, zabit olmayan sovet ordusu tərəfindən qorunmuşdu. Onlar da əlini başının altına qoyub gözləyirdi ki, görsün erməni nə vaxt Naxçıvanı işğal edəcək, onlarla birləşib sevinsinlər.
Yenicə müstəqillik qazanmış Azərbaycan dövlətinin rəhbərləri isə bu qədim yurdu görməzdən gəlir, heç bir kömək etmirdi.
Həmin illərdə Naxçıvanda elə bir birlik yaranmışdı ki, Tanrı, bəlkə də, bu yurdun qəlbindəki Vətən sevgisini görüb bizə xilaskar göndərdi. Çətin günlərdən birində Ulu Öndər Heydər Əliyev televiziya və radiodan Naxçıvan sakinlərinə müraciət edib ordu yaratmaq üçün kömək etməyə səslədi. Həmin gün neçə-neçə ananın, qız-gəlinin sandığı, mücrüsü açıldı. Məğrur qadınlarımız öz saxlanc yerləri olan sandıqlarından neçə yadigarlarını, xoş günlərinin xatirələrini, toy-duvaq, gəlin üçün əzizlənə-əzizlənə saxlanılan zinət əşyalarını ovuc-ovuc çıxarıb çörəklə yox, silahla, patronla dəyişdilər. Çünki qeyrətli Azərbaycan anası tapdığı bir ovuc taxılı üyüdüb yemək üçün ağlayan körpəsini sakitləşdirməyi bacarırdı. Amma çörəyimizi yeyib torpağımıza göz dikənləri igid oğullarımız ancaq silahlarla susdura, ata-baba torpaqlarımızdan uzaq tuta bilərdi.
Bu həmin günlər idi, dahi rəhbərin: “Biz tam əminik ki, bu keçid dövründə, Ermənistanla gedən müharibə şəraitində yaradılmış milli ordumuzun əsgər və zabitləri, bölmə və hissə komandirləri öz döyüş məharətlərini durmadan yüksəldəcək, müasir hərbi elmə inadla yiyələnəcək, torpaqlarımızın etibarlı surətdə müdafiə olunmasını yüksək səviyyədə təmin edəcəklər”, – dediyi günlər. Ulu Öndər hələ sovet dövründə, Azərbaycana rəhbərlik etdiyi illərdə milli zabit kadrların yetişdirilməsini prioritet hesab edirdi. Uzaqgörən siyasət xadimi hələ 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu. Ulu Öndər elə o illərdə azərbaycanlı gəncləri SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi.
Müstəqilliyimizin ilk illərində acı bir həqiqəti də duymuşduq. Hərbi gücümüz zəif idi. Biz hər çətinliyi aradan qaldıra bildik, özü də qısa vaxtda. Dahi rəhbərin bütün arzuları kimi güclü ordu istəyi də yerinə yetirildi. Azərbaycan ötən illər ərzində Qafqazda söz sahibinə çevrilib qalib dövlət şərəfinə nail oldu. Ötən illər ərzində dövlətimizin iqtisadi imkanları artdıqca orduya daha çox vəsait ayrılmasına imkan yarandı. Müharibə şəraitində yaşadığımız illərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı ölkənin müxtəlif bölgələrinə səfərləri zamanı tez-tez hərbi hissələrdə olub çətin şəraitdə Vətənə xidmət edən hərbi qulluqçularla görüşürdü. Dahi rəhbərin ordu quruculuğu sahəsindəki bütün planları yerinə yetirildi, ordumuz dövlətimizin, müstəqilliyimizin və təhlükəsizliyimizin dəmir qalxanına, xalqımızın yenilməz dayağına çevrildi. Torpaqlarının bir hissəsi işğal altında olan bir ölkə üçün güclü ordunun mövcudluğu xüsusilə önəmli olduğundan ordumuzun gücü daha da artırıldı və qüdrətli müdafiə sənayesi yaradıldı. Qısa müddətdə hərbi sənayesi formalaşan Azərbaycanda bu gün ən müasir silahlar, döyüş sursatları və hərbi texnikalar istehsal olunur. Ölkənin müdafiə qabiliyyəti öz sənaye istehsalının hesabına gücləndirilir. Və bütün bunların nəticəsi olaraq biz Zəfər qazandıq – ordu, xalq, dövlət birləşərək “dəmir yumruğ”a dönərək.
2020-ci ildə dünyanın Azərbaycanı sevməyən dövlətləri bizə qarşı olsa da, biz bir xalq kimi birləşib gücümüzü və haqq işimizi bütün dünyaya nümayiş etdirdik. Və dünya bunu qəbul etməyə məcbur oldu. Qətiyyətli mövqeyə sahib olan Azərbaycan Respublikası Prezidentinin tutarlı dəlillərlə çıxışları qarşısında dayana bilməyən düşmən siyasətçiləri geri addım atdılar. Antiterror əməliyyatları isə ərazimizdə başqa bir dövlətin yaranmasına yol verilməyəcəyini sübuta yetirdi. Şanlı Vətən savaşı gələcək nəsillərə nümunə olacaq bir qələbə ilə başa çatdı. Elə bir qələbə ki tarixdə hələ belə bir mübarizə görülməmişdi. Bunlara əsas səbəbin hərbi gücümüzün artırılması olduğunu vurğulayan ölkə başçısı qeyd etdi: “Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə – nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik”.
Bütün bunlara isə ürəyi Vətən eşqi ilə döyünən qəhrəmanlar, bu yolda canından keçməyə hazır olan nər oğullar, torpaq uğrunda son damla qanına kimi döyüşən, düşmən tankının qarşısında əliyalın dayanan igidlərimiz, dar gündə sahib olduğu bütün var-dövləti orduya bağışlayan qocalarımız, nişan üzüyünü silahla dəyişən gəlinlərimiz, şəhid oğlunun tabutu qarşısında qurban kəsən atalarımız, “Oğlumun bəy paltarı Şuşada dalğalanan bayrağımızdır”, – deyən analarımız olduğu üçün sahib olduq. Bəli, əgər bunlar olmasaydı, bizim bu gün müzəffər Ordumuz olmayacaqdı.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər