NAXÇIVAN :

03 Oktyabr 2026, Şənbə

Muxtar respublikamızın bir əsrlik tarixinə güzgü tutan qəzet

...

Hər bir mətbu orqan, hər bir kütləvi informasiya vasitəsi özlüyündə bir məktəbdir. Bu orqanların üzərinə şərəfli və məsuliyyətli vəzifələr düşür. Çünki onların ən ümdə vəzifəsi xalqına xidmət etməkdir. Bir əsrdən çox yol gələn, Mirzə Cəlil ənənələrinə sadiq qalan, muxtar respublikamızın tarixinə güzgü tutan, günümüzün salnaməsini yaradan “Şərq qapısı” qəzeti də belə mətbuat orqanlarından biridir. Akademik İsa Həbibbəylinin ifadə etdiyi kimi: “Şərq qapısı” qəzeti “muxtar respublikamızın publisistik salnaməsidir”. 

Qəzet uzun illərdir ki, muxtar respublika sakinlərinin informasiya əldə etməsində, muxtar respublikada, ölkədə və dünyada baş verən hadisələrin izlənilməsində mühüm rol oynayır. Vahid ideyaya – dövlətimizin maraqlarına, milli dəyərlər sistemimizin qorunmasına və gələcəyə daşınmasına xidmət edir. İnternetin sürətli inkişafına baxmayaraq, “Şərq qapısı” bu gün də aktuallığını qoruyur, durmadan cəmiyyətin maariflənməsinə öz töhfəsini verir. Qəzet yalnız zəruri məlumatları, bədii-publisistik yazıları, xəbərləri oxuculara çatdıran nəşr deyil, həm də milli jurnalistikamız üçün böyük bir təcrübə məktəbidir.
“Şərq qapısı” qəzeti müstəqilliyin ilk illərində də mühüm missiya daşıyıb. Əhalinin həmrəyliyə çağrılmasında, mürəkkəb ictimai-siyasi proseslərdən doğru nəticə çıxarılmasında və vətənpərvərlik ruhunun formalaşmasında özünəməxsus rol oynayıb.
20 Yanvar hadisələri zamanı Azərbaycan həqiqətlərini xalqa və dünya ictimaiyyətinə çatdırmaq missiyasını da qəzet layiqincə yerinə yetirib. Həmin dövrdə “Şərq qapısı” Azərbaycanın çoxsaylı mətbuat orqanları arasında ilk dəfə olaraq ölkəmizi düçar olduğu bəlalardan xilas etməyin yeganə yolunun görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında görən və bu mövqeni müxtəlif yazılarla ifadə edən mətbuat orqanlarından biri olub. Ulu Öndərin rəhbərliyi altında milli dövlətçiliyimizin bərpası ilə bağlı Naxçıvan Parlamentində qəbul edilən tarixi-siyasi qərarlar da qəzetin səhifələrində geniş oxucu kütləsinə və ölkə ictimaiyyətinə çatdırılıb. Göründüyü kimi, “Şərq qapısı” dövrün ictimai-siyasi proseslərində daim fəal mövqe tutan mətbu orqan olmaqla yanaşı, muxtar respublikanın ictimai-siyasi, mədəni və ədəbi mühitinin formalaşmasına da mühüm töhfələr verib. 
Bu gün muxtar respublikada mətbuatın inkişafı üçün yaradılan imkanlar jurnalistlər qarşısında yeni vəzifələr qoyur. “Şərq qapısı”nın əməkdaşları da öz fəaliyyətlərini dövrün tələblərinə uyğun qurmağa çalışır muxtar respublikada və ölkəmizdə baş verən hadisələri daha ətraflı, təhlilli və sistemli şəkildə oxuculara təqdim edirlər. Yazıların sadə və anlaşıqlı dildə hazırlanması, diqqətçəkən başlıqların seçilməsi, foto və digər vizual materiallardan məqsədyönlü istifadə nəşrin oxunaqlığını artırır. 
Qəzet əməkdaşlarının fəaliyyətində “Media haqqında” Azərbaycan Respublikasının Qanununun və jurnalistlərin etik davranış qaydalarının əsas götürülməsi,  dövlət və ictimai maraqların diqqət mərkəzində saxlanılması da mühüm məqamdır. Hazırlanan keyfiyyətli, oxunaqlı və obyektiv materiallar qəzetin oxucu ilə bağlarını daha da möhkəmləndirir.
Bu il “Şərq qapısı” qəzetinin 105 illiyi tamam olur. Bir əsrdən artıq müddətdə muxtar respublikanın ictimai-siyasi, mədəni və ədəbi həyatının mühüm səhifələrinə şahidlik edən qəzet bu gün də öz ənənələrini davam etdirir. 
Bu əlamətdar yubiley münasibətilə “Şərq qapısı” qəzetinin  kollektivini və bütün mətbuat nümayəndələrini ürəkdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Qoy qələmləri həmişə saf amala, təmiz məsləyə, milli dəyərlərin yaşadılmasına xidmət etsin!

Rövşən HÜSEYNOV
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi

Nəşr edilib : 03.10.2026 14:30