NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Musiqi sənətimizin bayramı

...

Üzeyir Hacıbəyli bəstələdiyi musiqilərdə yaşayır

Milli musiqimiz xalqımıza məxsus olan dəyərlərimiz içərisində böyük əhəmiyyət kəsb edir. Hələ ilkin insan tipinin formalaşdığı dövrdən, Qobustandakı qavaldaşın sədalarından yaranan musiqimiz tonqal ətrafında halay çəkərək birlik nümayiş etdirən əcdadlarımızın ayaq ritmləridir, analarımızın nənni başında bizə layla çalan zümzümələridir. Uzun bir yol keçən, cilalanan, ruhumuzu oxşayan Azərbaycan musiqisinin dəyərini bu gün onunla ölçmək olar ki, bu milli sərvətimiz artıq sərhədləri aşaraq dünyanı dolaşmaqdadır və böyük sənətkarların meydana gəlməsinə, gözəl əsərlərin yazılmasına imkan verib. Xalqımızın musiqi mədəniyyəti tarixində özünə yer tutan belə sənətkarlar az deyil. Heç şübhəsiz ki, onların fövqündə dayananlardan biri və birincisi Üzeyir Hacıbəyli olub.

Üzeyir Hacıbəyli Şərqdə ilk operanın banisi kimi tanınıb. Bəstəkarın “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaçılara təqdim olunub. Dahi sənətkar  bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi operalar yazıb. Onun yaradıcılığının zirvəsi “Koroğlu” (1937) operasıdır. Üzeyir Hacıbəylinin “Ər və arvad”, “Arşın mal alan”, “O olmasın, bu olsun” və sair operettaları Azərbaycanda və xarici ölkələrdə nümayiş etdirilib.

Üzeyir Hacıbəyli  öz fəaliyyətini musiqi bəstələməklə bitmiş hesab etmirdi. O, xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmağı da vacib sayır, bunun üçün müxtəlif vəsaitlər hazırlamaqda davam edirdi. Onun çoxillik araşdırmalarının nəticəsi kimi 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri bəstəkara böyük şöhrət gətirdi. Ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən Üzeyir Hacıbəyli həm də 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yaradıb.

Təqvimdə 18 sentyabr Azərbaycanın dahi bəstəkarı, Azərbaycan Respublikasının Dövlət Himninin bəstəkarı, musiqi sənətimizin banisi, musiqişünas-alim, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olduğu gündür. Bu günü “Milli Musiqi Günü” kimi qeyd etməyimiz isə dahi bəstəkarın çoxşaxəli fəaliyyətinə böyük ehtiramın göstərilməsidir. Qeyd edək ki, ölkəmizə rəhbərliyi dövründə Azərbaycan mədəniyyətinə, eləcə də musiqi mədəniyyətinə xüsusi rəğbətlə yanaşan Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmana əsasən dahi Üzeyir bəyin anadan olmasının 110 illiyi münasibətilə onun doğulduğu gün “Milli Musiqi Günü” kimi qeyd edilməyə başlanıb. Bu gün təntənə ilə qeyd edilir; silsilə tədbirlər, festivallar keçirilir. Xüsusilə vurğulanmalıdır  ki, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 2009-cu ildən Üzeyir Hacıbəylinin adını daşıyan Beynəlxalq Musiqi Festivalı təşkil olunur.

Ölkəmizdə olduğu kimi onun ayrılmaz tərkib hissəsi sayılan muxtar respublikada da musiqinin inkişafına xüsusi qayğı göstərilir. Şəhər və rayonlarımızda yaradılmış musiqi məktəblərində musiqinin ilkin sirlərinə yiyələnən uşaqlar öyrəndiklərini muxtar respublikamızda təşkil olunan konsert və tədbirlərdə nümayiş etdirirlər. Naxçıvan Dövlət Universitetinin Konservatoriyası, eləcə də universitetin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kolleci musiqi xadimlərimizin yolu ilə getmək istəyən gənclərimizin yoluna işıq saçır. İxtisaslı kadrların yetişdirilməsi yolunda pedaqoji heyət musiqi irsimizi canla-başla onlara aşılayır.

 Aidə İBRAHİMOVA

Nəşr edilib : 18.09.2024 08:57