Prezident İlham Əliyev: Bölgələrimizdə əsas infras...
14:39 12.11.2025
0
0
0
NAXÇIVAN :
12 Noyabr 2025, Çərşənbə
Naxçıvan Muxtar Respublikasında musiqi təhsili sahəsində aparılan yeniliklər diqqət çəkir. Son dövrlərdə bir sıra musiqi məktəblərinin adları dəyişdirilərək “İncəsənət məktəbi” adı ilə fəaliyyət göstərəcək. Bu dəyişiklik yalnız formal xarakter daşımır, eyni zamanda uşaqların və yeniyetmələrin incəsənət sahəsindəki bacarıq və istedadlarının üzə çıxarılması, onların peşəkar inkişafının dəstəklənməsi məqsədini güdür.
Bu yeniliklərin mahiyyəti, gələcək planlar və musiqi təhsilinin inkişaf perspektivləri barədə bizi maraqlandıran sualları Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynliyə ünvanladıq:
– Məmməd müəllim, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə Naxçıvanda bir sıra musiqi təhsili müəssisələrinin adlarının dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu addım hansı zərurətdən irəli gəldi?
– Bəli, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinin adlarının dəyişdirilməsi mövcud ölkə təcrübəsinə əsaslanaraq həyata keçirilib. Bu dəyişiklik həm struktur baxımından uyğunlaşdırma, həm də sistemin ümumi təkmilləşdirilməsi məqsədi daşıyır. Müxtəlif bölgələrdə fəaliyyət göstərən musiqi məktəblərinin “İncəsənət məktəbi” adlandırılması, təkcə musiqi istiqamətinə deyil, incəsənətin digər sahələrinə – rəssamlıq, rəqs, xoreoqrafiya və s. istiqamətlərə də inteqrasiyanı nəzərdə tutur.
– Müvafiq əmrə əsasən dəyişiklik olunan məktəblər hansılardır ?
– Əmrə əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən doqquz musiqi məktəbinin adları dəyişdirilib. Məsələn, Naxçıvan şəhər uşaq musiqi və incəsənət məktəbi artıq Naxçıvan şəhər 2 nömrəli incəsənət məktəbi, Ordubad şəhər uşaq musiqi məktəbi isə Ordubad şəhər incəsənət məktəbi, Şərur şəhər Bəhruz Kəngərli adına uşaq incəsənət məktəbi isə Şərur şəhər Bəhruz Kəngərli adına incəsənət məktəbi adını alıb. Bundan başqa, digər məktəblərin də adları yenilənərək incəsənət məktəbi formatına uyğunlaşdırılıb.
– Bu dəyişikliklər gələcəkdə hansı yeniliklərə yol açacaq?
– Gələcəkdə uyğun kadr və maddi-texniki baza imkan verdikdə bu istiqamətdə yeniliklərin sayı artacaq. Nazirlik olaraq məqsədimiz odur ki, incəsənət məktəblərində təkcə musiqi deyil, həm də rəssamlıq və rəqs sənəti kimi ixtisaslar yaradılsın. Bu, uşaqların və yeniyetmələrin bacarıq və istedadlarının üzə çıxarılması, onların potensialının aşkar olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
– Nazirlik tərəfindən bu istiqamətdə başqa hansı tədbirlər planlaşdırılır?
– Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkənin analoji qurumuna inteqrasiya olunması istiqamətində bir sıra işlər həyata keçirilir. Bu inteqrasiyanın bir hissəsi kimi, 2026-cı ildə musiqi təhsili müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə attestasiya keçiriləcək. Bu həm təhsil keyfiyyətinin artırılmasına, həm də müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.
– Son olaraq bu dəyişikliklərin mədəni həyatımıza təsiri barədə nə deyə bilərsiniz?
– Əhalinin artmaqda olan mədəni tələbatı nəzərə alındıqda incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi və yeni ixtisasların yaradılması çox vacibdir. İncəsənət insanın daxili dünyasının ifadəsidir və bu sahədə istedadların üzə çıxarılması, onların peşəkar inkişafına şərait yaradılması həm fərdlərin, həm də cəmiyyətin mənəvi zənginliyinə töhfə verəcək.
Rafiq TƏHMƏZ
Digər xəbərlər