NAXÇIVAN :

29 Oktyabr 2026, Cümə axşamı

“PAŞA Holding” və SOCAR-ın dəstəyi ilə IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzi Azərbaycanda fəaliyyətə başlayır

...

Bakıda İspaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin (IE Hub for Leadership and Innovation) açılışı olub.

SOCAR-dan  bildirilib ki, “PAŞA Holding” və SOCAR ilə strateji tərəfdaşlıq çərçivəsində yaradılan Mərkəz Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və İqtisadiyyat Nazirliyinin institusional dəstəyi ilə fəaliyyət göstərəcək.

ADA Universitetində yerləşən mərkəzin əsas məqsədi korporativ əməkdaşlığı genişləndirmək, insan kapitalının inkişafını dəstəkləmək, yeni bilik və ideyaların tətbiqini təşviq etmək, eləcə də sahibkarlıq və innovasiya ekosisteminin inkişafına töhfə verməkdir. Mərkəz ilk növbədə Azərbaycana yönəlmiş fəaliyyətini gələcəkdə Mərkəzi Asiya regionunda əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə tamamlayacaq.

Mərkəzin fəaliyyəti üç əsas istiqaməti əhatə edir:

Təhsil və inkişaf: Bu istiqamət çərçivəsində bakalavr və magistr proqramları, rəhbər şəxslər üçün ixtisaslaşmış təhsil imkanları, eləcə də şirkət və təşkilatların ehtiyaclarına uyğunlaşdırılmış təlim proqramları təqdim olunacaq. Bu istiqamətin əsas təşəbbüslərdən biri “Azerbaijan Global MBA” (AZEMBA) proqramıdır.

Tədqiqat və innovasiya: Bu istiqamət sahibkarlıq, rəqəmsal transformasiya və regional rəqabət qabiliyyəti kimi mövzularda tədqiqatların aparılmasını, praktiki nümunələrin öyrənilməsini və beynəlxalq bilik mübadiləsinin genişləndirilməsini nəzərdə tutur. Bu fəaliyyətlər biznes qərarlarının daha əsaslandırılmış şəkildə qəbul edilməsinə və qabaqcıl təcrübələrin yerli mühitdə tətbiqinə dəstək verəcək.

Yeni bizneslərin yaradılması: Bu istiqamət sahibkarlıq təşəbbüslərinin və yeni biznes modellərinin inkişafına yönələcək. Startaplar, investorlar və institusional tərəfdaşlar IE Universitetinin beynəlxalq innovasiya şəbəkəsi ilə əlaqələndiriləcək, perspektivli ideyaların biznes imkanlarına çevrilməsini dəstəkləyən əməkdaşlıq mühiti formalaşdırılacaq.

Mərkəzin açılış mərasimində iştirak edən “PAŞA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov insan kapitalının inkişafı, bilik və təcrübə mübadiləsi, eləcə də innovativ düşüncə tərzinin təşviqinin uzunmüddətli iqtisadi inkişaf və rəqabət qabiliyyəti baxımından əhəmiyyətini vurğulayıb.

“Bakıda IE Hub-ın yaradılması Azərbaycanın biznes mühitinin beynəlxalq təhsil və innovasiya ekosistemi ilə inteqrasiyasını gücləndirmək, yerli istedadların potensialını inkişaf etdirmək və yeni əməkdaşlıq imkanları yaratmaq baxımından mühüm əhəmiyyət daşıyır. “PAŞA Holding” olaraq, özəl sektor, akademik mühit və beynəlxalq tərəfdaşlar arasında davamlı əməkdaşlığın ölkəmizin inkişafına real töhfə verəcəyinə inanırıq”, - deyə Cəlal Qasımov qeyd edib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli beynəlxalq bilik və təcrübənin ölkəmizə cəlbinə, təhsil və biznes arasında əlaqələrin möhkəmləndirilməsinə, yeni ideyaların biznes təşəbbüslərinə çevrilməsinə xidmət edən tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Mərkəz beynəlxalq təhsil təcrübəsinin ölkəmizdə tətbiqinə, müasir idarəetmə bacarıqlarının inkişafına və biznesin innovasiya potensialının gücləndirilməsinə dəstək verəcək.

Diqqətə çatdırılıb ki, tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi ilə IE Universiteti arasında imzalanan İqtisadi Observatoriyanın yaradılması və inkişafına dair Çərçivə Əməkdaşlıq Sazişi iqtisadi şaxələndirmə, məhsuldarlığın artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində birgə tədqiqatların və iqtisadi təhlillərin aparılmasını, dövlət, biznes və akademik dairələr arasında dialoqun təşviqini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi, iqtisadi inkişafın prioritetləri üzrə bilik mübadiləsinin genişləndirilməsi və tədqiqat nəticələrinin praktik tətbiqinin dəstəklənməsi hədəflənir.

Mərkəzin açılışının mühüm hadisə olduğunu söyləyən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva bildirib ki, IE HUB sadəcə yeni bir məkanın yaradılması və ya yeni proqramın həyata keçirilməsi deyil. Burada əsas diqqət insanlara yönəlib. Çünki son nəticədə ən mühüm sərmayə insanlara – onların bilik və bacarıqlarına, potensialına, dəyişikliklərə uyğunlaşmaq, bu dəyişikliklərə istiqamət vermək və yeni tendensiyaların müəyyənləşdirilməsində öncül olmaq qabiliyyətinə qoyulan sərmayədir.

“Binalar inşa etmək, texnologiyalar əldə etmək mümkündür. Lakin bütün bunların işləməsini təmin edən, ideyaları reallığa çevirən, başqalarını ruhlandıran və çətinlikləri yeni imkanlara çevirən məhz insanlardır. Dayanıqlı inkişafın təməli də elə burada qoyulur. Bugünkü tədbirə xüsusi əhəmiyyət qazandıran da məhz budur”, - deyə Ziba Mustafayeva vurğulayıb.

“PAŞA Holding” haqqında:

2026-cı ildə fəaliyyətinin 20 illiyini qeyd edən “PAŞA Holding” bankçılıq, sığorta, fintex, daşınmaz əmlak, pərakəndə ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən Azərbaycanın aparıcı biznes qruplarından biridir. 25 mindən çox əməkdaşı və 18 milyard dolları aşan aktivləri ilə holding iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına töhfə verir və beynəlxalq fəaliyyət coğrafiyasını genişləndirir. Holding Azərbaycan, Özbəkistan, Türkiyə, Gürcüstan, Monteneqro və ABŞ-də fəaliyyət göstərir.

SOCAR haqqında:

SOCAR Azərbaycanın qlobal inteqrə olunmuş enerji şirkətidir. Şirkət neft və qazın kəşfiyyatı və hasilatından emal, neft-kimya, nəql, ticarət və paylanmaya qədər enerji dəyər zəncirinin müxtəlif istiqamətlərində fəaliyyət göstərir. Beynəlxalq əməliyyatları və strateji tərəfdaşlıqları vasitəsilə SOCAR enerji təhlükəsizliyinin təmin olunmasına, enerji sektorunun inkişafına və dayanıqlı inkişaf məqsədlərinin təşviqinə töhfə verir.

Nəşr edilib : 29.10.2026 15:25