Naxçıvan Muxtar Respublikasında dekabr ayının 5-nə...
23:45 04.12.2024
0
0
0
NAXÇIVAN :
05 Dekabr 2024, Cümə axşamı
Bu gün muxtar diyarımızda insanların tez-tez ziyarət etdiyi ziyarətgahlardan biri də “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksidir. Bəşəriyyəti öz görkəmində, pak surətdə yaradan Ulu Tanrı bu yerlərə əsrarəngiz gözəllik bəxş edib. Dağlar qoynunda yerləşən bu ünvan həm ziyarətgah, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən bir hesab edilir. Ziyarətgaha üz tutan müsəlmanlar ovuclarını bu pənah yerindən açırlar Uca Yaradanın dərgahına. Xalqımızın əmin-amanlığı, rəşadətli Ordumuzun yenilməzliyi, dövlətimizin gücü üçün hər şeyin ən yaxşısını istəyirlər Uca Allahdan.
Əshabi-kəhfə doğru yolanmışıq bu payız günlərinin birində. Payızın rənginə çevrilmiş sarı yarpaqlar, sıx ağaclarla əhatə olunmuş abad yol ilk baxışdan bizdə və buranı ziyarətə gələn qonaqlarda xoş ovqat yaradır. Dörd bir tərəfdən qayalarla əhatə olunmuş nəhəng dağın arasında qərar tutmuş bu müqəddəs ünvana çatırıq. Ziyarətgahın bələdçisi buraya gələn qonaqları qarşılayaraq ziyarətgah haqqında məlumat verir. Bu əsrarəngiz məkana gəlmişkən biz də oxucularımız üçün yazı hazırlamağı qərara aldıq.
Şərqin ən məşhur mağaralarından, eyni zamanda Azərbaycanın ən böyük ziyarətgahlarından biri hesab edilən bu ziyarətgahın adı İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”in “Əl-Kəhf” surəsində çəkilir. Ziyarətgah haqqında muxtar diyarımızın ərazisində yayılmış rəvayətlərin hər biri isə eyni məzmunu daşıyır. Ümumiyyətlə, Əshabi-kəhfi ziyarət zamanı bir neçə əməl var ki, onların icrasına insanlarda güclü inam yaranıb.
Əshabi-kəhfə piyada ziyarətə getmək, orada qurban kəsmək savab əməl hesab olunur. Mağaranın girişindən yuxarıya doğru ucalan pilləkənləri qalxırıq. Öyrənirik ki, buraya gələn qonaqlar üçün iaşə xidməti sahələri yaradılıb və xidmət pulsuzdur. Kompleksin mağazasında regionun tarixi-memarlıq abidələrini özündə əks etdirən əl işləri də satılır. Bu da digər regionlardan gələn qonaqların qədim diyarımız haqqında müəyyən bilgilər qazanmasına kömək olur.
Mağaranın daxilindəki pilləkənlərdən yuxarı qalxan zaman insan qəlbi sanki təzələnir. Məscidə çatan zaman görürük ki ziyarətçilər Uca Yaradana ibadət etmək üçün ovuclarını göyə açıb qəlblərində bir niyyətlə, Rəhman və Rəhim olan Allah dərgahına dualar edirlər. Biz də onlara qoşuluruq. Daha sonra bu müqəddəs ünvanda olan ziyarətimizi “Cənnət bağı”, “Damcıxana” da davam etdiririk...
İlin hər fəslində dünyanın dörd bir yanından qonaqlar buranı ziyarət etmək üçün gəlirlər. Naxçıvana ayaq qoyan hər kəs buranı ziyarət etmədən getmir. Onlar bu dini ziyarətgahın tarixini öyrəndikləri zaman isə İslam dininə olan inancları daha da artır. Allah bura gəlib qurbanlar kəsən, dualar edən hər kəsin ziyarətini, qurbanını, duasını qəbul etsin.
Bülbül QULİYEVA
Digər xəbərlər