NAXÇIVAN :

15 Iyun 2026, Bazar ertəsi

Müdrik siyasətin uğurlu nəticələri–qurtuluşdan inkişafa

...

Dövlətçiliyin xilas tarixinin başlanğıc mərhələsi 

Tariximizin dönüş nöqtəsini yaradan dahi şəxsiyyət Heydər Əliyevin müstəqil dövlət quruculuğu yolu bu qədim torpaqdan – Naxçıvandan başladı. Blokadaya salınan və davamlı hücumlara məruz qalan ulu diyar ozamankı ittifaq və respublika rəhbərlərinin nəzərində arzuedilməz bir məkana çevrilmişdi. Bütün bunlara baxmayaraq, bu elin qeyrətli insanları ağrı-acılara sinə gərir və haqq mübarizəsini davam etdirirdi. Belə bir məqamda siyasi təqiblərə və haqsız böhtanlara məruz qalmış dünya miqyaslı siyasətçi, dövlət xadimi Heydər Əliyevin Naxçıvana dönüşü doğma diyarda böyük coşqu ilə qarşılanmışdı. Çünki O, blokada şəraitində yaşayan naxçıvanlıların son ümid yeri idi. 1990-cı ildə keçirilən seçkilərdə Ulu Öndər respublika və muxtar respublika parlamentlərinə deputat seçildi. 1991-ci il sentyabrın 3-də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilməsi müstəqil dövlətçilik tariximizdə böyük hadisə oldu. Məhz bundan sonra muxtar respublikanın işğal təhlükəsindən qorunması üçün mühüm siyasi-diplomatik və müdafiə tədbirləri həyata keçirildi, qədim diyarın sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində əsaslı addımlar atıldı. Beləliklə, 1990-1993-cü illər – görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü müstəqil dövlət quruculuğu yolunda həlledici mərhələ oldu.

Vətən oğlunun xalqı qarşısında misilsiz fədakarlığı

Böyük şəxsiyyət Heydər  Əliyev hələ Naxçıvanda fəaliyyət göstərdiyi müddətdə əsl vətənpərvərlik, liderlik qətiyyəti ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesinə rəhbərlik edirdi. Qədim diyarda bu addımlar atılanda ölkəmizin digər bölgələrində hərc-mərclik hökm sürürdü və bu hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı.  4 iyun 1993-cü ildə Gəncədə baş verən hadisələr, vəziyyətin silahlı qarşıdurma səviyyəsinə çatdırılması isə onsuz da ölkədə mövcud olan mürəkkəb vəziyyəti bir qədər də ağırlaşdırmışdı. Azərbaycan vətəndaş müharibəsinin astanasında dayanmış, müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi.     
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunması üçün kütləvi mitinqlər keçirilir, ziyalılar Ulu Öndərə müraciətlər göndərir, Naxçıvana gələn insanlar Onu xalqı bu bəladan qurtarmağa çağırırdı. Bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun     9-da Bakıya qayıtdı.

Xalqın istəyi, tarixin zərurəti

Bakıya qayıdan Heydər   Əliyev hadisələri araşdırmaq, baş verənlərlə yerindəcə tanış olmaq məqsədilə Gəncəyə yollandı. Gəncədə apardığı danışıqlar nəticəsində silahsız, qan axıdılmadan məsələ həllini tapdı. Bununla da Azərbaycanı fəlakətə sürükləyə biləcək vətəndaş müharibəsinin qarşısı alındı. Daim xalqa arxalanan Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkədə milli həmrəyliyə, birliyə nail oldu. Beləliklə, Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisin Sədri seçildi. 15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olacaqdı. 
Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Həmin ilin oktyabrında Azərbaycan dövlətinin Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev Azərbaycanda yaranan böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider Heydər   Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. 
Dahi rəhbər 1994-cü ilin may ayında atəşkəsin elan edilməsinə nail oldu. O, müstəqil Vətənimizi dünyaya tanıtdı, “Əsrin müqaviləsi”nin imzalanması kimi əhəmiyyətli bir uğura imza atdı. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı təmin edildi. 15 iyun isə müasir Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Sonralar xalqın ən müxtəlif təbəqələrinin arzu və istəkləri nəzərə alınaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan Milli Məclisinin Qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. 

Müasir çağırışlarla inkişaf

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin əbədiliyinin təmin edilməsindəki ən böyük xidmətlərindən biri də müstəqil dövlətçiliyin inkişafı konsepsiyasının hazırlanması və həyata keçirilməsi olub. Nəticədə, dahi şəxsiyyətin əsasını qoyduğu bütün sosial-iqtisadi layihələr və siyasi konsepsiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə həyata keçirildi. Aradan keçən bu illər təkcə sözügedən qayıdışa bəslənən ümidlərin özünü doğrultması ilə yadda qalmadı, həm də Azərbaycanın bugünkü inkişafının etibarlı bünövrəsi qoyuldu. 
Vaxtilə Heydər Əliyevin müstəqil və ərazi bütövlüyünü tam görmək istədiyi Azərbaycan bu gün azaddır, bütövdür. Bu möhtəşəm uğuru qalibiyyətin beynəlxalq hüquqi-normativ bazasının formalaşdırılması, informasiya blokadasının yarılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, milli iqtisadiyyatın gücləndirilməsi, ordu quruculuğunda həyata keçirilən islahatlar, qəhrəman zabit və əsgərlərimizin şücaəti, ən əsası isə Ali Baş Komandanın qətiyyəti şərtləndirdi. Bütün bunlara isə Azərbaycanda Milli Qurtuluşdan başlanan Heydər Əliyev dövlətçilik siyasətinin həyata keçirilməsi sayəsində nail olunub. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.
Bu gün Azərbaycan müstəqildir, bütövdür, güclüdür, dünyada söz sahibidir və bu gün təkcə bu Vətənin sərhədləri içərisində yaşayan azərbaycanlılar yox, dünyanın müxtəlif yerlərində yaşayan 50 milyondan çox həmvətənimiz müstəqil, qalib Azərbaycanla qürur duyur. Bu gün üçrəngli bayrağımızı Müzəffər Sərkərdə Şuşada, Xankəndidə səmalara yüksəltdi. Artıq şanlı Vətənin azad səmasında qürurla dalğalanan qələbə bayrağı elə bir ucalıqdadır ki, onu Şimaldan Cənuba, Şərqdən Qərbə bütün dünya görür və ona ehtiram göstərir. 

 Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 15.06.2026 00:00