Diplomatik korpusun nümayəndələri Xankəndi tikiş f...
15:30 11.09.2026
0
0
0
NAXÇIVAN :
11 Sentyabr 2026, Cümə
Yaxud şəhərimizdə mənası bilinməyən əcnəbi reklamları necə görürük?
Felyeton
Son vaxtlar felyeton yazmaq ya dəbdən düşüb, ya da nədənsə kimsənin yadına düşmür. Halbuki indi elə zamandır ki, maşın yolunu düzgün keçməyi bacarmayan piyadadan tutmuş çıxışında urus kəlmələri işlədən vəzifəliyə qədər hər yerdə tənqid mövzusu var. Siz də deyə bilərsiniz ki, bazardakı bahalığı, dərsini yaxşı keçə bilməyən müəllimi, yaxud toyxanalarda musiqi əvəzinə qonaqlara dinlətdirilən guppultunu bir qırağa qoyub küçə reklamları ilə nə işin var, bəyəm daha yekə mövzu yoxdur? Mən də deyəcəyəm ki, açığı, nə işim var… Bizim də o qədər jurnalistimiz var ki, maşallah! Düzdür, onların da bəziləri işləmək əvəzinə köhnə iş yerinə dava açsalar da, aralarında ürəyi və əməyi dar olmayanlar da çoxdur. Xülasə, keçək Mustafaya…
Bu mövzunu haradasa iki-üç il əvvəl də qəzetə gətirib şəhərimizdə gündən-günə artan yaraşıqlı reklamlara bir balaca toxunmuşduq. İndi isə, maşallah, hamı iş sahibi olub. Satdığı malın və ya göstərdiyi xidmətin xod getməsi üçün ona ad qoyur, sonra da bu adı böyük hərflərlə reklam edir. Bəri başdan deyim ki, qanuna əsasən reklam da bir resursdur və bu yazıda kimisə reklam etmək, yaxud gözdən salmaq niyyətimiz yoxdur. Allah qazanclarını min qat eləsin. Təmənnamız odur ki, işləri yaxşı getsin, biz də yolumuz düşəndə ucuzluğundan faydalanaq. Amma Naxçıvan şəhərinin gur yerində, hər kəsin ana dilimizdə başa düşəcəyi, yaraşıqlı bir reklam lövhəsinin yanındaca nəinki 70 yaşlı ağsaqqalın, hətta süni intellekti söküb-yığan tələbənin belə başa düşə bilməyəcəyi əcayib bir reklam lövhəsini görəndə bunun nə iş, nə biznes, nə də müasirliklə bir araya sığmadığına inanırsan. Həm də bunlar son zamanlar o qədər çoxalıb ki, adam adlarını yadda saxlamağa belə əziyyət çəkir. Axırda məcbur olub obyektin adını yox, yanındakı binanı, küçəni, mağazanı yadda saxlayırıq. “Filan yerin yanında bir yer var e, adı nə idi, nəsə “…Max”, “…Lab”, “…Store” kimi bir şey…”
İndi buna müasirlik deyək, yoxsa yaddaşımızın sınağa çəkilməsi? Bu dostlarımız isə inciməsinlər. Müasir olmaq heç də guya kiminsə heç eşitmədiyi bir əcnəbi adı reklama yapışdırmaqdan keçmir. Biznesdə müasirlik müştəri məmnuniyyətidir, yeni və sərfəli məhsuldur, keyfiyyətli xidmətdir, operativ geri dönüşdür. Hətta elə, sadəcə, dilimizin zənginliyindən faydalanıb milli adda məhsul və ya xidmət ortaya qoymaq da müasirlikdir. Çünki müasirliyin dili mütləq əcnəbi dil olmur.
Şəhərimizin ən gur yerində, bizim redaksiyadan da baxanda görünən “Digi Max” yazılı reklam lövhəsinə baxanda adı Azərbaycan adı ilə başlayan telekommunikasiya şirkətinin bu adla insanların yaddaşında nəyi dəyişdirdiyini, yaxud nəyi yaddaşdan sildiyini düşünmək belə maraqlıdır. Mövzu ilə bağlı şirkətin şəhərimizdəki ofisinə yaxınlaşıb soruşduqda cavab verməyə çətinlik çəkib bizi Bakıya, mərkəzi ofisə yönəltdilər. Buraya yazdığımız elektron məktuba isə hələ də cavab gəlməyib. Yəqin, böyük Üzeyir bəyin məşhur “Tarixi-Nadir” ifadəsini bir az dəyişib desək, belə başa düşmək olar: bunu heç özləri də bilmirlər. Yəqin, oxumayıblar!
Şəhərimizin baş prospektində, eləcə də digər mərkəzi küçələr boyunca belə reklamlara biganə qalmayan şəhər əhli isə xeyli saydadır. Kimisi yad dildəki yazıları oxuya bilmir, kimisi oxuyub yadda saxlaya bilmir, kimsə də onları görəndə sadəcə: “Gör nə günə qaldıq…” – deyə fikrini bildirir. Əslində, məsələ heç də bir neçə hərfin və ya sözün əcnəbi dildə yazılmasında deyil. Məsələ ondadır ki, şəhərin küçəsi də bir növ kitabdır. Oradakı hər lövhə, hər yazı, hər ad şəhərin simasına nəsə əlavə edir. Sabah şəhərimizə gələn qonaq da, burada yaşayan uşaq da, küçədən keçən yaşlı adam da həmin mənzərəni görür. Bəs biz bu şəhərdə nə görmək istəyirik? Öz dilindən utanmayan, müasir, yenilikçi, dünyaya açıq bir şəhər, yoxsa müasir görünmək üçün öz sözlərini yavaş-yavaş lövhələrdən silən bir şəhər? Bir də düşünək: sahibkarın öz obyektinə istədiyi adı vermək haqqı varsa, şəhərin də öz dilində görünmək haqqı yoxdurmu? Var, əlbəttə. Həm də ən böyük haqqı var.
Əminik ki, kiçik bir sorğu aparsaq, nəticə çoxlarını təəccübləndirməz. Naxçıvanda insanlar adları dilimizə yağ kimi yayılan dükanları, restoranları, kafeləri, gözəllik salonlarını, aptekləri bir dəfə görən kimi yadda saxlayır, sonra da tanıdıqlarına tövsiyə edirlər. Qalan bir faiz isə foto-kollajda görünən adları icad edənlər özləri olacaqlar. Amma onlara da bir sözümüz var: müasir olmaq üçün özgələşməyə ehtiyac yoxdur. Dilimiz kifayət qədər zəngindir. Həm də elə zəngindir ki, yaxşı biznes adı tapmaq üçün dünyanın o biri başına getməyə heç ehtiyac yoxdur. Ona görə də çalışın azlıqda qalan olmayın. Çünki müasirlik başqa dilin sözünü lövhəyə yazmaq deyil. Müasirlik öz dilində dünyaya açıq olmaqdır.
Əli CABBAROV
Digər xəbərlər