NAXÇIVAN :

18 Yanvar 2026, Bazar

Müasir təhsildə STEAM modeli ilə gələcəyə doğru

...

Cəmiyyət davamlı inkişaf yolundadır. Bu inkişafla birlikdə irəliləmək isə günümüzün əsas tələbidir. Muxtar respublikada bərqərar olan davamlı inkişaf xətti ilə irəliləyən təhsil sahəsi prioritet sahə kimi daim diqqət mərkəzindədir. Bu gün muxtar respublikada təhsilin yeni dövrün tələblərinə paralel inkişafına xüsusi önəm verilir. Doğma diyarımızda həyata keçirilən quruculuq tədbirləri içərisində  zamanın tələblərinə cavab verən, nüfuzlu təhsil metodlarından olan STEAM-ın tətbiq olunması bu sahənin yeni çağırışlara hədəfləndiyini göstərir.  Belə ki,  “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumi təhsil müəssisələrində yeni STEAM otaqlarının yaradılmasına başlanılıb.

STEAM təhsilinin dahada inkişaf etdirilməsi sahəsində Tədbirlər Planına əsasən STEAM kabinələrinin zənginləşdirilməsi və əhatə dairəsinin artırılması diqqətdə saxlanılıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən, mövcud 154 STEAM kabinəsi yeni avadanlıqlarla zənginləşdirilərək 2025-2026-cı tədris ili üçün müəllimlərin istifadəsinə verilib. Kabinələrin əhatə dairəsinin artırılması prosesinə isə artıq başlanılıb. Qeyd edək ki, yeni yaradılması nəzərdə tutulan 50 STEAM kabinəsindən 14-ü istifadəyə verilib. Prosesin davamı olaraq 36 kabinə isə növbəti aylar ərzində yaradılcaqdır.  Proqramda nəzərdə tutulan 154 təhsil müəssisəsindəki STEAM otaqlarının zənginləşdirilməsi zamanı arduino, arduino superkid, filament, 3D qələmlər, arduino nano, məsafə sensorları, optik sensorlar, günəş paneli, servo mator, CNC və digər avadanlıqlar tender yolu ilə alınaraq müəssisələrə təhvil verilib.

Ümumi təhsil müəssisələrinə yeni yaradılan STEAM otaqları STEAM təhsili üzrə şagirdlərin əyani vasitələrdən istifadə edərək öz bilik və bacarıqlarının artırılmasına, onların tənqidi və yaradıcı düşüncələrinin formalaşdırılmasında mühüm rol oynayacaq.

Biz Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbinin STEAM kabinəsində yaradılan şəraitlə yaxından tanış olduq. Məktəbin STEAM və kimya müəllimi Şəhanə Muradova bildirdi: “Bu gün biz müasir texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Müasir texnologiyaların qurulması və idarə olunması bu günün ən vacib bacarıqlarından biridir. XXI əsr məhz texnologiya sahəsində rəqabətin başlanğıc əsri kimi yadda qalacaq. Buna görə də əmək bazarında yer tutmaq üçün bu texnologiyaları yaradan və idarə edən kadrların yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır”.

Müəllim qeyd etdi ki, STEAM modeli beş istiqaməti - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatı özündə birləşdirən fənlərarası inteqrasiya sistemidir. Bu təhsil modeli şagirdlərdə düşünmə bacarığını inkişaf etdirir, tənqidi və yaradıcı düşünməni formalaşdırır. Şagirdlər nəzəri bilikləri praktikada tətbiq edərək real həyati bacarıqlar qazanırlar. STEAM layihələri həm də komanda işini öyrədir. Şagirdlər bir-biri ilə əməkdaşlıq edir, vəzifələri bölüşür və birgə məqsədə çatmaq üçün çalışırlar. Bu isə gələcək peşə həyatında mühüm bacarıqdır. Şəhanə Muradovanın sözlərinə görə, müəllimlər xüsusi kurslara cəlb olunaraq sertifikatlar alıblar. Həmin müəllimlər III-IX siniflərdə STEAM dərsləri tədris edirlər. Muxtar respublikanın ən ucqar kəndlərində belə bu kabinələrin yaradılması dövlətin təhsilə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

2025-2026-cı tədris ilində Şıxmahmud kənd tam orta məktəbində ikinci STEAM kabinəsi də istifadəyə verilib. Hər iki kabinə yeni avadanlıqlarla təchiz olunub  elektron lövhə, kompüterlər, Arduino setləri, Microbit, mBot robotlar, CNC cihazları, 3D printer, 3D qələm və müxtəlif növ sensorlar dərs prosesində istifadə olunur. Məktəbin müəllimləri Şəhanə Muradova və Elnarə Cabbarova STEAM kurslarını uğurla başa vuraraq hazırda III-IX sinif şagirdlərinə bu istiqamətdə dərs keçirlər. Müasir tədris metodlarının tətbiqi nəticəsində şagirdlərdə STEAM fənlərinə böyük maraq yaranıb.

Şəhanə Muradova vurğuladı: “Bir müəllim kimi əsas məqsədim şagirdlərə müasir texnologiyanın müxtəlif sahələrini Arduino, Microbit, Tinkercad proqramlarını və robot texnologiyalarını öyrətməkdir. Şagirdlərin bu sahəyə marağı onların bu bilikləri daha tez mənimsəməsinə imkan yaradır. STEAM təhsilinin əsas məqsədi şagirdlərdə düşünmə, əməkdaşlıq, ünsiyyət, yaradıcılıq və innovativlik bacarıqlarını formalaşdırmaq, onların gələcəkdə ölkə iqtisadiyyatına töhfə verən, dünyaya fayda gətirən kadrlar kimi yetişməsinə şərait yaratmaqdır.”

STEAM fənninə xüsusi maraq göstərən şagirdlərdən biri də IX sinif şagirdi Onur Musayevdir. Onur kompüterdə Microbit və Arduino proqramlaşdırmanı sərbəst şəkildə yerinə yetirir. Onun bu istiqamətə olan marağı gələcəkdə peşəkar proqramçı kimi formalaşmasına möhkəm təməl yaradır.

Qeyd edək ki, sadaladığımız bu tədbirlərin, həyata keçirilən islahatların isə nəticə olaraq bir məqsədi var: sağlam və etibarlı gələcəyimizi təmin etmək.  

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 25.10.2025 12:00