Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ö...
08:59 04.10.2026
0
0
0
NAXÇIVAN :
04 Oktyabr 2026, Bazar
Tarix 4 oktyabr 2020-ci il. Şanlı Vətən savaşı 8 gün idi davam edirdi. Bu, ölkə başçısının xalqa ikinci müraciəti idi Vətən müharibəsi başlayandan bu yana. Müzəffər duruşlu Komandan sözə başlayandan qulaq kəsilmişdi hər kəs, əmin idik sonda qələbə xəbərini eşidəcəyimizə. Və həmin an, “Cəbrayıl şəhəri!” deyildiyi an sevinc səsimiz iş otaqlarının, evlərin tavanını aşıb göylərə yüksəldi. İşğaldan azad edilən ilk şəhər oldu Cəbrayıl. Ali Baş Komandan deyirdi: “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”
Elə həmin gün zəfər şəhəri adını aldı Cəbrayıl. Azərbaycan əsgəri üçrəngli bayrağımızı burada dalğalandırmaqla Qarabağın azadlığına gedən yolun mühüm mərhələsini başlatdı. Cəbrayılın azad edilməsi gələcək qələbələrlə müjdələdi xalqımızı. Və sonrakı günlərdə Cəbrayıl deyəndə ilk yada düşən tarix dastanı Xudafərin körpüsü də azad edildi. Azərbaycan əsgəri günlərdir, sinəsində gəzdirdiyi al qanı ilə boyanan bayrağı Xudafərin körpüsünə sancmaqla düşmənlə bərabər iki yüz il öncə Azərbaycanı ikiyə bölənlərə də dərs keçdi.
“Qarabağın açarı” adlandırılan Cəbrayıl əməliyyatının əhəmiyyəti ondan ibarət idi ki, bu rayon azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks-hücum mümkün oldu. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Hətta Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltması xalqımız üçün qürur, fəxarətdir, böyük tarixi və siyasi əhəmiyyət daşıyırdı.
Şanlı Vətən savaşındakı qələbədən sonra azad edilmiş ərazilərə səfər edən Müzəffər Ali Baş Komandanın ilk ziyarət etdiyi yerlərdən biri də Xudafərin körpüsü oldu. Arazın sərin suyunu ovuclarına alıb azad Vətən torpağını seyr etdi. Düşmənin xarabaya, tövləyə çevirdiyi məscidləri, Cəbrayıl şəhərini gəzdikcə “cənnətə dönəcək” bu yerlər deyimi yadına düşdü hər kəsin. Cocuq Mərcanlı canlandı hər kəsin xəyalında. Aprel döyüşlərində işğaldan azad edilən Cocuq Mərcanlının yenidən qurulmağı yada düşdü. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsın. Buradakı məsciddən azan səsi göylərə ucaldı. Ölkə başçısının dediyi: “Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq” sözləri öz yerini tapdı.
Böyük qələbədən keçən dövr ərzində Prezident İlham Əliyev Cəbrayıla, ümumilikdə, 11 dəfə səfər edib. İşğal dövründə Ermənistan Cəbrayıla 13,928 milyard ABŞ dolları dəyərində ziyan vurub. Orada yerləşən dini mədəni abidələri xarabaya çevirməsinə, ekoloji fəlakət törətməsinə baxmayaraq, bu rayon da digər işğaldan azad edilən rayonlarımız kimi dövlət qayğısı ilə tez bir zamanda dirçəldi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Cəbrayıl şəhəri və rayonun kəndləri yenidən qurulub. Dövlət başçısının hər səfəri yeni bir açılış və ya təməl qoyma ilə yadda qalıb. Səfərlər çərçivəsində 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin (DSX) yeni hərbi hissə kompleksinin, “AzərEnerji” ASC-nin regional əhəmiyyətli “Cəbrayıl” enerji qovşağının (330 və 110 kV-luq yarımstansiyalar), “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açlışı olub. Rayonun Soltanlı kəndində bp şirkətinin inşa etdiyi 240 MW-lıq “Şəfəq” Günəş Elektrik Stansiyasının şəbəkəyə inteqrasiyası üçün nəzərdə tutulan 330 kV-luq “Şəfəq” yarımstansiyası da istifadəyə verilib.
Açılışlarla yanaşı, səfərlər çərçivəsində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin, çoxmənzilli Cəbrayıl Yaşayış Kompleksinin, məktəblərin və Horovlu, Şükürbəyli, Soltanlı kimi bir çox kəndlərin təməli qoyulub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə reallaşan səfərdə isə “Dost Aqropark” Ağıllı Kənd Təsərrüfatı Kompleksinin birinci mərhələsinin açılışı edilib. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə Servis Mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimləri keçirilib. Cəmi beş il ərzidə Cəbrayıl şəhəri və rayonun kəndlərində aparılan bərpa-quruculuq işləri onu bir daha sübut edir ki, torpaq sahibinin əlində olanda cənnətə dönür.
İllər öncə ilk dəfə Bakı-Naxçıvan avtobusu ilə qonşu dövlətin ərazisindən keçib Naxçıvana qayıdanda Günəşin ilk işıqları ilə izləmişdim Cəbrayılın düşmən tərəfindən xarabaya dönən evlərini. Yazın gəlişi ilə yaşıllığa bürünən düzlərdən boylanan boynubükük evlərin uçuq divarları, baltalanmış ağacların kötükləri də dil açıb danışır: “Gəlin azad edin bizi”, – deyirdi. Haray çəkən təkcə torpaq, daş deyildi, tarixin ahını Arazın sərin suyu belə söndürə bilmirdi həmin ilə kimi. Şanlı ordumuz Qarabağın açarını azad edənə kimi.
Bu gün Cəbrayılda elə bir mənzərə var ki, uşaqların gülüş səsi Arazın xoş zümzüməsinə qarışır. Xudafərin körpülərində dalğalanan şanlı zəfər bayrağı illərin həsrətini bitirir.
Cəbrayıl artıq yalnız Zəfərin ilk müjdəçisi deyil. O həm də qayıdışın, dirçəlişin və yenidən doğulan Qarabağın rəmzlərindən biridir.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər