NAXÇIVAN :

10 Aprel 2025, Cümə axşamı

Monitorinq və əlaqələndirmə qrupunun ilk iclası keçirilib

...

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli 367 nömrəli Qərarı ilə “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası” təsdiq edilib. Qərara əsasən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin 18 mart 2025-ci il tarixli 29 nömrəli əmri ilə komitədə Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu yaradılmışdır.
19 mart 2025-ci il tarixdə keçirilən ilk iclası Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ailə institutunun möhkəmləndirilməsi və dayanıqlı ailə modelinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. 2010-cu ildə qəbul edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun icrası çərçivəsində bir sıra hüquqi-normativ sənədlər qəbul olunmuş və müvafiq qurumlara tapşırıqlar verilib.
Komitə sədri, məişət zorakılığı halları ilə bağlı vahid məlumat bankının yaradılmasının komitəyə həvalə edildiyini qeyd edib.
Monitorinq və əlaqələndirmə qrupunun əsas vəzifələri məişət zorakılığının qarşısının alınması sahəsində qurumlararası əlaqələndirmənin həyata keçirilməsi, məişət zorakılığına qarşı cavab tədbirlərinin monitorinqinin aparılması, əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, məişət zorakılığından zərər çəkmiş şəxsin və onun himayəsində olan yetkinlik yaşına çatmayanların hüquqlarının və təhlükəsizliyinin təmin olunmasından ibarətdir.
İclasda monitorinq və əlaqələndirmə qrupunun rəhbəri, komitə sədrinin müavini Ayten Məmmədova və digər üzvlər çıxış ediblər. 
İclasın sonunda Ramilə Seyidova komissiya üzvlərinə uğurlar arzulamışdır.

Nəşr edilib : 20.03.2025 13:48