Ramiz Ələkbərov: Humanitar yardım məsələlərinə mün...
16:12 18.04.2026
0
0
0
Möminə xatun türbəsinin bərpası istiqamətində başlanılan işlərlə bağlı Avstriya “Atelier Erich Pummer GMBh” bərpa şirkətinin nümayəndələri ilə həmsöhbət olduq.
“Şərq qapısı”na müsahibəsində şirkətin meneceri Çingiz Neymanzadə deyib: “Bu gün biz Naxçıvandayıq və Möminə xatun məqbərəsinin bərpasına ilk addımlar atılır. Bərpa başlamazdan əvvəl ən vacib iş ondan ibarətdir ki, lazımlı infrastruktur yaradılsın. Çünki bərpa işlərinin keyfiyyətlə keçirilməsi üçün gərək bərpaçılara hər cür şərait yaradılsın. Biz də bu məqsədlə bu gün çalışırıq. Öncə hasarlanma işləri gedəcək, sonra lazım olan kommunikasiya xətləri çəkiləcək və digər lazımı işlər görüləcək. Bu iş prosesi, yəqin ki, bir-iki həftə çəkəcək. Daha sonra ilk texniki addımlar atılacaq. Məlum olduğu üzrə müxtəlif dövrlərdə yağıntının miqdarından asılı olaraq türbənin yerləşdiyi ərazidə qurunt suları toplaşıb. Və bu məqsədlə tərəfimizdən müxtəlif araşdırmalar aparılacaq, həmin su hövzələrinin yerləri təyin olunacaq. Bu proseslərdən sonra iskələ quraşdırılacaq və bərpa işlərinə başlanılacaq”.
“Hazırda Möminə xatın türbəsinin bərpası ilə bağlı hazırlıq işləri gedir. İlkin olaraq ərazi mühafizə olunur. Qeyd edim ki, bu işdə mühafizə çox önəmlidir. Çünki burada görüləcək işlər üçün öncə səliqə-səhman, infrastruktur yaradılmalıdır. Bu nöqteyi nəzərdən biz bu tədbirləri görürük. Göründüyü kimi də çox səliqəli şəkildə işə başlamışıq. Çalışırıq ki, gördüyümüz bu hasarlanma işində ərazidə xırda da olsa, heç nəyi korlamadan, yer örtüyünə zərər vurmadan işləri tamamlayaq”, – Avstriya “Atelier Erich Pummer GMBh” bərpa şirkətinin nümayəndəsi Əhməd Məmmədov əlavə edib.
Aidə İBRAHİMOVA
Digər xəbərlər