NAXÇIVAN :

06 Fevral 2025, Cümə axşamı

Milli suverenlik və hüquqi dəyərlərin qorunması diqqət mərkəzindədir

...

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 2024-cü il 28 dekabr tarixli Sərəncam tarixi, hüquqi, siyasi, ictimai baxımdan mühüm əhəmiyyət kəsb edir. Konstitusiya və suverenliyimiz tarixi-hüquqi baxımdan da sıx bağlı olub bir-birini tamamlayır.

Tarixi aspektdən yanaşıldıqda, ilk milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümü, onun 11-ci maddəsi ilə təsbit olunan ərazi bütövlüyümüzün bərpa edilməsinin isə 5-ci ildönümü məhz 2025-ci ildə qovuşur. Bu tarixlərin ölkəmizin taleyindəki həlledici roluna qısa bir nəzər salanda qət edilən yolun çətin, lakin qürurverici olduğu aydın görünür. 12 noyabr 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamız Azərbaycanın, sözün tam mənasında, müstəqilliyinin hüquqi baxımdan təminatı olmaqla ən qiymətli tarixlərdən biri kimi xalqımızın taleyinə  yazılmışdır. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə “Konstitusiya Günü” kimi qeyd edilir. Qəbul edilməsindən keçən 30 il ərzində qlobal inkişafa uyğun olaraq  2002-ci ildə 24 maddəyə, 2009-cu ildə 25 maddəyə, 2016-cı ildə 29 maddəyə əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi nəticəsində təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılmışdır. Bu dəyişikliklər dövlətin sosial-iqtisadi bazasının gücləndirilməsinə, vətəndaş hüquq və azadlıqlarının yeni müstəvidə genişləndirilməsinin təminatına, dövrün tələblərinə uyğun olaraq ali dövlət, məhkəmə orqanları və bələdiyyələrin təkmilləşdirilməsinə şərait yaratmışdır.

Hüquqi aspektdən baxıldıqda isə bu tarixlərdən biri dövlətçiliyin nəzəri-hüquqi təməlini təşkil edirsə, digəri bu təməlin praktik-hüquqi təminatını gerçəkləşdirmişdir.  Ötən əsrin 80-ci illərinin sonundan başlayaraq erməni işğalçıları tərəfindən öz doğma yurdlarından didərgin salınmış, işgəncələrə məruz qalmış xalqımızın pozulmuş hüquqları 2020-ci ildə Vətən müharibəsində qazanılmış parlaq qələbə ilə qorunmuş, bununla da Konstitusiyanın 2-ci maddəsində təsbit olunan suverenlik hüququ bərpa olunmuşdur. Beləliklə, 30 ilə yaxın dövr ərzində beynəlxalq təşkilatların “həll edə bilmədiyi”,  yaxud həll etmək istəmədiyi xalqın suverenlik hüququnun praktiki olaraq təminatı məhz 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi qələbə və 2023-cü il 19-20 sentyabrda həyata keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin bütün ərazisində təmin olunmuşdur. Bütün bunların nəticəsidir ki, Azərbaycanın bütün bölgələrində intensiv inkişaf gedir, vaxtilə düşmən tapdağı altında dağılmış halda olan torpaqlarımız, o cümlədən Qarabağ, Şərqi Zəngəzur sosial, iqtisadi baxımdan dirçəlir. Bu baxımdan imzalanan Sərəncam milli suverenlik və hüquqi dəyərlərin qorunması, təbliği sahəsinə layiqli töhfələr verəcək, eyni zamanda hüquqi dövlət quruculuğu yolunda intensiv inkişafın davamı üçün stimul olacaqdır.

Zeynəb QULİYEVA

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin deputatı,

tarix elmləri doktoru

Nəşr edilib : 05.02.2025 14:50