NAXÇIVAN :

10 Avqust 2026, Bazar ertəsi

Məşğulluq siyasətində yeni strateji mərhələ

...

Ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin və ardıcıl sosial islahatların əsas istiqamətlərindən biridir. Son illərdə bu sahədə kompleks tədbirlər həyata keçirilib, mühüm nəticələr əldə olunub. Prezident İlham Əliyevin 20 iyul 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” bu siyasətin növbəti mərhələsini müəyyənləşdirir və dövlətin vətəndaşların məşğulluğunun artırılmasına yönəlmiş ardıcıl fəaliyyətinin davamı kimi çıxış edir. Tədbirlər Planında altı prioritet istiqamət üzrə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətlər çərçivəsində məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin davam etdirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, əmək standartlarının müasirləşdirilməsi və işçi qüvvəsinin peşə bacarıqlarının artırılması əsas hədəflərdəndir. Bununla yanaşı, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin yüksəldilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan, eləcə də işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi nəzərdə tutulur. Sənəddə sosial dialoqun inkişaf etdirilməsi, qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi də əsas prioritetlər sırasında yer alır. Beləliklə, işləməkdə çətinlik çəkən və xüsusi müdafiəyə ehtiyacı olan vətəndaşların əmək bazarına inteqrasiyası üçün daha geniş imkanlar formalaşdırılacaq.

                 Peşə təhsilinin inkişafında yeni mərhələ

Tədbirlər Planında əmək bazarının tələblərinə uyğun beynəlxalq sertifikat proqramlarının yaradılması da nəzərdə tutulur. Bu yanaşma müəyyən peşələr üzrə kadr hazırlığında yeni mərhələnin əsasını qoymaqla yanaşı, məzunların əmək bazarında rəqabət qabiliyyətini artıracaq. Sənəddə peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Peşə məktəblərində nəzəri biliklər qazanan müdavimlərin istehsalat müəssisələrində praktiki təcrübə keçməsi onların seçdikləri peşəyə daha dərindən yiyələnməsinə şərait yaradacaq. Bu, bir tərəfdən məzunların məşğulluq imkanlarını artıracaq, digər tərəfdən isə təhsil müəssisələri ilə istehsalat arasında əməkdaşlığı daha da möhkəmləndirəcək. Beləliklə, nəzəri biliklə praktik bacarıqların vəhdəti təmin olunacaq, istehsalat müəssisələrinin tədris prosesində fəal iştirakı isə daha keyfiyyətli kadr hazırlığına və geniş karyera imkanlarının formalaşmasına xidmət edəcək.

Müasir dövrdə rəqəmsal texnologiyalar məşğulluq və peşə təhsili sahəsində mühüm rol oynayır. Tədbirlər Planında rəqəmsal platformalar vasitəsilə peşəyönümü üzrə məsləhət xidmətlərinin göstərilməsi gənclərin əmək bazarının tələblərinə uyğun peşə seçiminə dəstək verəcək. Bununla yanaşı, 2026-2030-cu illərdə məşğulluq xidmətlərinin elektronlaşdırılmasının genişləndirilməsi, süni intellekt əsasında yeni xidmətlərin yaradılması, peşə hazırlığı mərkəzləri şəbəkəsinin genişləndirilməsi və beynəlxalq təcrübəyə əsaslanan çevik iş vaxtı modellərinin tətbiqi nəzərdə tutulur. Sənəddə “Peşələr üzrə elektron atlas” informasiya sisteminin yaradılması, “yaşıl iqtisadiyyat”a keçid çərçivəsində müasir bacarıqların formalaşdırılması məqsədilə peşə hazırlığı proqramlarının təkmilləşdirilməsi, dual peşə təhsili modelinin əhatə dairəsinin genişləndirilməsi, regionlarda işsiz və işaxtaran şəxslər, xüsusilə gənclər üçün onlayn və hibrid təlimlərin təşkili də əsas hədəflər sırasındadır. Eyni zamanda “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatından istifadə etməklə əmək münasibətlərinin leqallaşdırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, sosial dialoqun inkişaf etdirilməsi, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi də sənədin əsas prioritet istiqamətlərindəndir. Bütün bunlar Azərbaycanda peşə təhsili və məşğulluq siyasətinin müasir çağırışlara uyğun şəkildə yenilənməsinə, dayanıqlı iqtisadi inkişaf üçün peşəkar insan kapitalının formalaşdırılmasına mühüm töhfə verəcək.

Gənclərin startap layihələrinə dəstək

Son illərdə Azərbaycanda innovasiya ekosistemində ciddi canlanma müşahidə olunur. Gənc sahibkarlar texnoloji ideyalar və yaradıcı yanaşmalarla bazara daxil olur, innovativ təşəbbüslər isə iqtisadi inkişafın mühüm istiqamətlərindən birinə çevrilir. Dövlət tərəfindən gənc, təşəbbüskar və innovativ düşüncəyə malik insanların fəaliyyətini dəstəkləyən geniş imkanlar yaradılır. Təqdim olunan dəstək mexanizmləri və güzəştlər uğurlu yerli nümunələrin formalaşmasına, yeni startapların yaranmasına və bu istiqamətdə fəaliyyət göstərmək istəyən gənclərin təşviqinə xidmət edir. Sertifikatlı startapların mənfəət və gəlir vergisindən azad olunması, bəzi texnoloji avadanlıqların idxalında gömrük güzəştlərinin tətbiqi, eləcə də onların müəyyən dövlət layihələrində, tenderlərdə və pilot proqramlarda iştirak imkanlarının yaradılması innovativ təşəbbüslərin inkişafına əlavə stimul verir. Bu baxımdan, yeni qəbul edilən Tədbirlər Planında regionlarda gənclərin startap layihələrinin dəstəklənməsi, həmçinin bu sahəyə xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlərin genişləndirilməsi də nəzərdə tutulur.

                                     Özünüməşğulluqdan  biznes subyektinə

Tədbirlər Planında özünüməşğulluq proqramına cəlb olunan şəxslərin biznes subyektləri kimi formalaşmasını təşviq edən yeni mexanizmlərin yaradılması da nəzərdə tutulur. Bu yanaşma proqram iştirakçılarının fəaliyyətinin daha dayanıqlı olmasına, kiçik bizneslərin inkişafına və yeni iş yerlərinin yaradılmasına əlavə töhfə verəcək. Sənədə əsasən 2026-2030-cu illərdə dayanıqlı məşğulluğun təmin edilməsi məqsədilə KOB subyektlərinin keyfiyyətli məsləhət xidmətlərinə çıxış imkanları genişləndiriləcək, aqrar sektorda əmək məhsuldarlığının artırılması üçün müasir texnologiyaların tətbiqi təşviq olunacaq. Nəticədə, özünüməşğulluq proqramı çərçivəsində yaradılan biznes subyektlərinin iqtisadi fəallığı və məşğulluğa verdiyi töhfə daha da artacaq.

Tədbirlər Planında regionlarda investisiya fəallığının stimullaşdırılması, istehsal olunan mal və xidmətlərin daxili və xarici bazarlara çıxışının dəstəklənməsi də mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bunun nəticəsində KOB subyektlərinin dayanıqlığı gücləndiriləcək, mövcud iş yerləri qorunacaq və yeni məşğulluq imkanları yaradılacaq.

Xüsusilə kənd yerlərində turizm infrastrukturunun inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər regionlarda məşğulluğun genişlənməsinə də xidmət edəcək. Muxtar respublikamızda kənd turizminin inkişafı üçün əlverişli şərait mövcuddur. Kəndlərin abadlaşdırılması, müasir sosial infrastrukturun yaradılması və yerli əhalinin həyat səviyyəsinin yüksəldilməsi bu sahənin inkişafını sürətləndirir. Ordubad, Şahbuz və Culfa rayonlarının bir sıra kəndlərində həyata keçirilən dövlət dəstəyi proqramları, eləcə də Kükü, Pəzməri və Anaqut kəndlərində icra olunan layihələr kənd turizminin inkişafına və yerli əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə mühüm töhfə verir. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən qonaq evlərinin yaradılması və infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlər də bu prosesə əlavə stimul verir. Tədbirlər Planında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə də xüsusi diqqət ayrılıb. Onların əmək bazarına çıxış imkanlarının genişləndirilməsi və aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması nəticəsində daha çox vətəndaşın dayanıqlı məşğulluğa cəlb olunması təmin ediləcək.

Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin başlıca məqsədi vətəndaşların rifahının yüksəldilməsi, onların layiqli məşğulluğunun təmin olunması və insan kapitalının inkişafıdır. Gənclərin intellektual potensialının artırılması, əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanması və hər bir vətəndaşın dövlətin yaratdığı imkanlardan səmərəli faydalanması bu siyasətin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar nəticəsində son beş ildə 4 milyondan çox vətəndaşı əhatə edən dörd sosial paket icra olunub. Bu, dövlətin sosial rifahın yüksəldilməsi, sosial müdafiə və sosial təminat sisteminin daha da gücləndirilməsi istiqamətində ardıcıl siyasət yürütdüyünün bariz göstəricisidir.

Şübhə yoxdur ki, Prezident İlham Əliyevin 20 iyul 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” da ölkədə dayanıqlı məşğulluğun genişlənməsinə, insan kapitalının inkişafına, əmək bazarının müasir çağırışlara uyğunlaşdırılmasına və vətəndaşların sosial rifahının daha da yüksəldilməsinə mühüm töhfə verəcək.

                                                                                                   Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 10.08.2026 16:24