NAXÇIVAN :

11 Iyul 2026, Şənbə

Mərkəzin ən böyük uğuru insanlara öz güclərinə inanmağı öyrətmək və həyatlarına yeni ahəng qatmaqdır

...

Bəzən bir musiqi sədası insanın ifadə edə bilmədiyi duyğuların dilinə çevrilir. Bəzən bir mahnı həyatın çətinliklərini unutdurur, bəzən isə insana özünə yenidən inanmaq gücü verir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə səfərimiz zamanı bunun canlı şahidi olduq.
Cəmiyyət bəzən məhdud fiziki imkanlı insanları yalnız onların qarşılaşdığı çətinliklər fonunda görür. Halbuki hər bir insanın daxilində kəşf edilməyi gözləyən  istedad, gerçəkləşməyi gözləyən bir arzu yaşayır. Həmin istedadların üzə çıxarılması, arzulara yol açılması isə cəmiyyətin ən mühüm vəzifələrindən biridir. Məhz bu missiyanı həyata keçirən ünvanlardan biri də bu mərkəzdir. 
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi uzun illərdir ki, məhdud fiziki imkanlı və xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyası və yaradıcılıq potensialının inkişafı istiqamətində ardıcıl fəaliyyət göstərir.
Mərkəzə daxil olan kimi diqqəti çəkən ilk məqam burada hiss olunan səmimilik və mehribanlıq olur. İnsan özünü böyük bir ailənin üzvü kimi hiss edir. Divarlardakı rəsm əsərləri, müxtəlif yaradıcılıq nümunələri və ən əsası, insanların simasındakı təbəssüm bu hissi daha da gücləndirir.
Mərkəzdə fəaliyyət göstərən müxtəlif reabilitasiya və yaradıcılıq bölmələri hər bir benefisiarın maraq dairəsinə və ehtiyaclarına uyğun şəkildə təşkil olunub. Burada əsas məqsəd yalnız müəyyən bacarıqlar öyrətmək deyil. Əsas hədəf insanların özlərinə olan inamını artırmaq, onları aktiv həyata hazırlamaq və cəmiyyətin ayrılmaz hissəsinə çevirməkdir.
Bu bölmələr arasında xüsusi maraqdoğuran fəaliyyət istiqamətlərindən biri musiqi terapiyasıdır. İlk baxışda sadə görünən bu fəaliyyət, əslində, insan həyatında böyük dəyişikliklər yarada bilir. Çünki musiqi hisslərin dilidir, insanın daxilində gizlənən duyğuların ifadəsidir. Musiqi həm də ümiddir.
2018-ci ildə yaradılan musiqi terapiyası bölməsi bu gün mərkəzin ən fəal istiqamətlərindən biri hesab olunur. Burada iştirak edən benefisiarlar müxtəlif musiqi alətləri ilə tanış olur, ritm duyğularını inkişaf etdirir, mahnılar ifa edir, kollektiv fəaliyyətlərə qoşulur və ən əsası, özlərini ifadə etməyi öyrənirlər.
Mərkəzin əməkdaşlarının sözlərinə görə, buraya müraciət edən şəxslər, ilk növbədə, psixoloji dəstək xidmətində qəbul edilir. Onlarla fərdi söhbətlər aparılır, onların ehtiyacları və maraqları müəyyənləşdirilir. Bundan sonra isə uyğun reabilitasiya proqramlarına yönləndirilirlər. Musiqi terapiyası da həmin proqramlar arasında ən çox maraq göstərilən istiqamətlərdən biridir.
Musiqi otağında olduğumuz zaman diqqətimizi bir məqam xüsusilə cəlb etdi. Burada heç kim özünü digərindən fərqli hiss etmirdi. Hamı eyni məqsəd ətrafında birləşmişdi – öyrənmək, inkişaf etmək və bacarıqlarını nümayiş etdirmək.
Məşqlər zamanı otaqda yaranan enerji insanı valeh edirdi. Musiqinin sədaları altında iştirakçılar təkcə notları yox, özünəinamı da öyrənirdilər. Hər uğurlu ifa, hər düzgün ritm, hər alqış onlar üçün kiçik görünən, amma əslində, böyük əhəmiyyət daşıyan nailiyyətdir.
Mərkəzin əməkdaşları bildirirlər ki, musiqi terapiyası insanın emosional vəziyyətinə müsbət təsir göstərir, ünsiyyət bacarıqlarını inkişaf etdirir, diqqət və yaddaşın möhkəmlənməsinə kömək edir. Bununla yanaşı, kollektiv fəaliyyətlər iştirakçılarda sosiallaşma prosesini sürətləndirir və onların cəmiyyətə daha rahat inteqrasiya olunmasına şərait yaradır.
Əldə edilən nəticələr də görülən işlərin uğurunu təsdiqləyir. Burada yetişən istedadlı gənclər muxtar respublikada keçirilən müxtəlif tədbirlərdə iştirak edir, öz bacarıqlarını geniş auditoriya qarşısında nümayiş etdirirlər.
Bu ilin mart ayında Heydər Əliyev Sarayında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramında, Novruz bayramı münasibətilə təşkil edilən tədbirdə və may ayında baş tutan “İşığa doğru” adlı inklüziv musiqili konsert proqramında məhz bu bölmənin benefisiarları çıxış edərək tamaşaçıların böyük rəğbətini qazanıblar.
Səhnədə alqışlanan hər bir çıxışın arxasında isə uzun məşqlər, böyük zəhmət və peşəkar mütəxəssislərin əməyi dayanır. Bu uğurlar göstərir ki, düzgün dəstək və qayğı göstərildikdə hər insan öz potensialını ortaya qoya bilər.
2026-cı ilin yanvar-iyun ayları ərzində musiqi terapiyası üzrə 37 benefisiara, ümumilikdə, 596 xidmət göstərilməsi də bu istiqamətdə görülən işlərin miqyasından xəbər verir. 
Regional İnformasiya Mərkəzindən ayrılarkən burada keçirdiyimiz saatlar bir daha təsdiqlədi  ki, insanın imkanlarını qarşısına çıxan maneələr deyil, arzuları, iradəsi və əzmi müəyyənləşdirir. Burada musiqi, sadəcə, bir sənət növü deyil, özünəinamın, ümidin və həyata bağlılığın ifadəsidir. Mərkəzin ən böyük uğuru isə insanlara öz güclərinə inanmağı öyrətmək və onların həyatına yeni bir ahəng bəxş etməkdir.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 11.07.2026 11:45